“Arşın mal alan” özbək dilində təqdim olunub

“Arşın mal alan” özbək dilində təqdim olunub
4 iyul 2018
# 09:45

Daşkənddəki Satira Teatrında Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediya tamaşasının özbək dilində təqdimatı olub.

Təqdimatda Özbəkistanın ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.

Quruluşçu rejissoru Özbəkistanın Xalq Artisti Bahadur Yuldaşev olan tamaşada əsas rolları Səncər Səttarov, Bekzad Şoymetov, Xuvayda Cumaeva və başqaları ifa ediblər. Musiqi tərtibatçısı isə Özbəkistanda tanınan saz ifaçısı, soydaşımız İlham Abdullayevdir.

“Arşın mal alan” ilk dəfə Özbəkistanda 1919-cu ildə Daşkənddəki “Kolizey” teatrında tamaşaya qoyulub. Elə həmin il Bakıdan gələn rejissor Mirzə Həbib Axundzadə Səmərqənddə yaşayan azərbaycanlılardan ibarət teatr truppası yaradıb və əsər bu qədim şəhərdə səhnələşdirilib.

Əsər 1921-ci ildə Buxarada səhnələşdirilib. 1922-ci ildə isə Daşkəndin “Raxat bağçası” teatrında Sidqi Ruhullanın rəhbərliyi ilə Azərbaycandan gələn aktyorlar musiqili komediyaya səhnə həyatı veriblər. Sonrakı illərdə “Arşın mal alan” dəfələrlə Daşkənd, Fərqanə, Buxara, Kokand, Xarəzm, Səmərqənd şəhərlərində tamaşaçılara təqdim edilib.

Üzeyir Hacıbəylinin bu ölməz əsəri 100 ildən artıqdır ki, Orta Asiyada ən məşhur tamaşa kimi səhnədən düşmür. Teatrlar zaman-zaman bu əsərə müraciət edirlər. Bir neçə il əvvəl isə Daşkənddəki Operetta Teatrı “Arşın mal alan”ı rus dilində tamaşaya hazırlayıb.

Qeyd edək ki, bu əsər 76 ölkənin 187 teatrında səhnələşdirilib. 1945-ci ildə çəkilən “Arşın mal alan” filmi isə 136 ölkədə nümayiş etdirilib. /azertag.az/

# 1363 dəfə oxunub

Müəllifin son yazıları

# # #