Bu səhnə müzakirələrə səbəb oldu

Bu səhnə müzakirələrə səbəb oldu
10 avqust 2016
# 17:51

Məşhur rejissor Kristofer Nolanın “Dunkirk” filmi gələn il ekranlara çıxacaq. Kulis.azın məlumatına görə filmdəki bir səhnə isə son günlər sosial mediada sərt reaksiyaya səbəb olub.

İkinci Dünya Müharibəsindən bəhs edən filmdə alman təyyarələri bomba yağdırarkən aktyorlardan birinin etdiyi hərəkət çoxlarının xoşuna gəlməyib.

Epizodik rolda oynayan aktyorun üzündəki təbəssüm və bərbad aktyorluğu başda Twitter olmaqla sosial şəbəkə istifadəçilərinin qəzəbinə tuş gəlib.

Filmdə o biri əsgərlərin qorxu və təlaş dolu gözlərlə göyə baxdığı səhnədə anlamsız üz ifadəsi ilə görünən və tənqidlərin hədəfinə çevrilən aktyor haqqında sosial şəbəkə istifadəçilərindən biri belə yazır: “Faşistlər tərəfindən bombalanacağı üçün yaman məmnun görünür”.

Başqa birinin şərhi: “Artıq “Dunkirk” filminin fraqmentini hər dəfə izləyəndə gözlərim istər-istəməz o anı yaşamayan həmin aktyora tuşlanır”.

Tənqidlərdən biri isə çox amansızdır: “Dünya kinosunda hələ belə epizodik rollarda pis gündə oynayan aktyor olmayıb”.

“Ağıl dəftəri” (Memento), “Qara cəngavər”, “İnsomnia”, “İnseption” filmləri ilə tanınan ingilis rejissor Nolanın son işi “Dunkirk”də Tom Hardi, Sillian Murpi, Kennet Branag, Harri Styles və Mark Rylance kimi aktyorlar yer alır.

Xatırladaq ki, filmin 2017-ci ildə ekranlara çıxacağı gözlənilir.

# 1040 dəfə oxunub

Müəllifin son yazıları

# # #