“Oda” teatrı qastrollara gedir

“Oda” teatrı qastrollara gedir
11 iyun 2015
# 10:01

Müstəqil “Oda” Teatrı ikinci mövsümünü bağlayıb bölgələrə qastrol səfərləri edəcək. Teatrın təsisçi və bədii rəhbəri Elmin Bədəlovun Kulisə verdiyi məlumata görə iyunun 14-ü saat 19:00-da ikinci mövsümün bağlanışıdır:

“Çox çətinliklərlə də olsa artıq iki illik fəaliyyəti geridə qoyduq. Hər mövsüm daha fərqli işlər görməyə çalışırıq. İyun ayının 14-də “Suicide” tamaşası ilə mövsümü bağlı elan edib bölgələrə səfərə gedəcəyik. Səfərlərimiz bitəndən sonra üçüncü mövsümün açılışına hazırlaşacağıq. Üçüncü mövsümə daha fərqli və sürpriz dolu performanslarla başlayacağıq. Üç gün açılış etmək istəyirik. Hər il olduğu kimi bu mövsümdə də bütün dövlət teatrları istirahətə yollananda, yəni iyulun 15-də biz üçüncü mövsümü açıq elan edəcəyik. Həm də teatrımızın 2 yaşının tamam olması, 3 yaşına keçməsi ilə bağlı silsilə tədbirlərimiz olacaq”.

Teatr rəhbərinin sözlərinə görə, qastrol səfərləri Şəki, Göyçay və Aqstafa rayonlarına planlaşdırılır.

İkinci mövsümün bağlanışı üçün nümayiş olunacaq “Suicide” tamaşasının müəllifi Peter Turrini, rejissoru İmam Həsənov, aktyoru isə Elmin Bədəlovdur. Mono tamaşa 14 iyun saat 19:00-da teatrın məkanı olan Dilarə Əliyeva 141 ünvanında nümayiş olunacaq.

Biletləri teatrdan əldə etmək olar:

Ünvan: Dilarə Əliyeva 141,

Əlaqə: 050 394 48 64 və ya 070 219 83 33

# 1298 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #