Silvestr Stallonenin baş rolda oynadığı 1997-ci il istehsalı "Polislər diyarı" kriminal filmi mini-serial kimi yenidən ekranlara qayıdır.
Kulis.az xəbər verir ki, "Paramount+" platforması orijinal ekran işinin rejissoru Ceyms Menqold və Robert Levinin rəhbərliyi ilə layihəni ekranlaşdırmağa hazırlaşır.
Məlumata görə, platforma rejissor Ceyms Menqoldun 1997-ci ildə "Miramax" şirkəti üçün çəkdiyi kult filmin seriala uyğunlaşdırılma hüquqlarını artıq satın alıb.
Ötən aprel ayında studiyalara təqdim edilən və dörd fərqli təklif alan serialın ssenarisini orijinal filmin də müəllifi olan, beş "Oskar" namizədliyi qazanmış Ceyms Menqold və "Yaşlı kişi" serialının ortaq yaradıcısı Robert Levin birlikdə qələmə alırlar.
Xatırladaq ki, "Polislər diyarı" filmi Nyu-Cersidəki kiçik bir qəsəbənin şerifi olan Freddi Heflinin öz bölgəsində yaşayan Nyu-York polis idarəsinin korrupsiyaya qurşanmış məmurları ilə apardığı amansız güc və ədalət mübarizəsindən bəhs edirdi.