"O" filmi fərqli formatda təqdim olunacaq

"O" filmi  fərqli formatda təqdim olunacaq
31 iyul 2026
# 15:45

"Cosm" və "Warner Bros. Pictures" məşhur qorxu filmi "O"nu (It) təcrübəyə əsaslanan interaktiv kino formatında tamaşaçılara təqdim etməyə hazırlaşır.

Kulis.az xəbər verir ki, Stiven Kinqin eyniadlı romanı əsasında çəkilən ekran işi şirkətin "Shared Reality" texnologiyası ilə təchiz edilmiş nəhəng rəqəmsal günbəzlərində nümayiş olunacaq ilk qorxu filmi kimi tarixə düşəcək.

"New Line Cinema" tərəfindən ərsəyə gətirilən film 28 avqust 2026-cı il tarixində "Cosm" kinateatrlarında tamaşaçıların ixtiyarına veriləcək.

Təxminən 26,5 metr diametrli 12K+ imkanlı LED günbəzlər və xüsusi istehsal texnologiyaları sayəsində qonaqlar Meyn ştatının Derri qəsəbəsindəki qorxunc meşələrə, təhlükəli kanalizasiya xətlərinə və qaranlıq künclərə səyahət edəcəklər. Orijinal formatın sərhədlərini aşan gücləndirilmiş səs dizaynı və dinamik mühit izləyicilərin Penivayz ilə üz-üzə gəlməsini təmin edəcək.

Film Los-Anceles, Dallas və Atlantadakı mərkəzlərdə nümayiş olunacaq, Detroytdakı filialda isə daha sonra təqdim ediləcək.

"Cosm" şirkətinin biznesin inkişafı üzrə vitse-prezidenti Aleksis Skalis bildirib ki, bu layihə çərçivədən kənara çıxaraq tamaşaçılara qorxunu canlı hiss etdirmək məqsədi daşıyır. "Warner Bros. Pictures"in qlobal distribusiya rəhbəri Ceff Qoldsteyn isə əlavə edib ki, bu format kino həvəskarlarına klassik ekran işləri ilə emosional bağ qurmaq imkanı yaradır.

Bütün zamanların ən çox gəlir gətirən qorxu filmi olan və 2017-ci ildə Endi Muskietti tərəfindən ekranlaşdırılan bu ekran işi "Matrix", "Uilli Vonka və şokolad fabriki" və "Harri Potter" kimi filmlərdən sonra bu platformada nümayiş olunacaq növbəti böyük layihədir.

# 90 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər