Polkovnikə mən yazıram - Gənc şair şəhid pilota şeir həsr etdi

Polkovnikə mən yazıram - Gənc şair şəhid pilota şeir həsr etdi
26 avqust 2019
# 09:32

Kulis.az “Günün şeiri” rubrikasından şair Elşən Mehdinin şəhid pilotumuz, polkovnik-leytenant Rəşad Atakişiyevə həsr etdiyi “Polkovnikə mən yazıram” şeirini təqdim edir.

Göyün qapısında növbə var.
Göylər yerdən dərindi.
Yüksəklikdən qorxmamaq daha ürpədicidi, qorxmaq yox
İnsan torpağındı, yerindi.
Polkovnikə uzaq bir yerdən yazıram

Səma ildırım barmaqlarını şaqqıldadanda,
Eyni dildə qorxurlar
Quşlar və pilotlar.
Biri qanadlarını, biri çiyinlərini çəkər...
Çiynindəki ulduzlar göydəki ulduzların əksi
Gözləri səmavi göylərə baxmaqdan mavi.
Polkovnikə göylərdən yazıram

Üfüqdə iki göyərçin
qanadlarıyla "x" işarə edir göylərçün,
Yer yoxdu
Göyün qapısında növbə var deyir.
Uşaqlar ölümdən anlamaz
Onların oyuncaq təyyarələri qırılsa da
şirəli barmaqlarının arasında uçar,
Səmadasa qəzalar bağışlanılmaz
Polkovnikə qədərdən yazıram.

Bir gün çərpələngə aşiq olar yaşlı qağayı
Uçmağını gözləyər,
çərpələngsə uçmaz
tir-tir əsib qalar bu sevdaya
Hə, bu nə yerdəki məftil sərhəddi, nə də divar
Göyün qapısında növbə var
Bu da iki dünya arasında yol ayrıcı
Şəkillərinə son dəfə baxdım,
Sinəndə qırıcı yazılmışdı, qırıcı

Polkovnikə mən yazıram.
Pəncərəmdən yazıram
Üzü göylərə.

# 2341 dəfə oxunub

Müəllifin son yazıları

# # #