“Kür – çaylar anası” sənədli filminin çəkilişləri davam edir

“Kür – çaylar anası”  sənədli filminin çəkilişləri davam edir
3 iyul 2024
# 10:38

Mədəniyyət Nazirliyi və Kino Agentliyi (ARKA) tərəfindən 2023-cü ilin iyul-oktyabr aylarında təşkil edilən film layihələri müsabiqəsində qalib olmuş layihələrin dövlət dəstəyi ilə istehsalı həyata keçirilir.

Kulis.az xəbər verir ki, hazırda müsabiqənin 11 qalib layihəsindən biri olan “Kür – çaylar anası” sənədli filminin çəkilişləri davam etdirilir.

“OD Media Production” şirkəti tərəfindən istehsal olunan filmin rejissoru Seyran Mahmudoğlu, ssenari müəllifi Əkbər Nəcəf, prodüseri isə Fariz Əhmədovdur.

Filmin çəkilişləri Kür çayının mənbəyindən mənsəbinədək – Türkiyə, Gürcüstan və Azərbaycan ərazisində aparılır. Azərbaycanın ən böyük təbii su mənbəyi olan Kürün keçdiyi coğrafiya, çayətrafı şəhərlər, bu ərazilərdə mövcud olan sosial-iqtisadi, tarixi-mədəni proseslər ekran əsərində təsvir olunacaq. Filmin əsas ideyası keçmişdən bu günə Kür çayının tarixi, mədəni, iqtisadi rolunu ön plana çıxarmaq və bəşəriyyət üçün əhəmiyyətini ifadə etməkdir.

Qeyd edək ki, adıçəkilən müsabiqə dövlət tərəfindən kino sahəsinin inkişafının dəstəklənməsi, kinematoqrafiya fəaliyyətinin təşviq edilməsi və yerli kinematoqrafçıların təcrübəsinin artırılması, milli-mənəvi və ümumbəşəri dəyərləri təbliğ edən filmlərin istehsalına nail olunması, eləcə də bu sahədə özəl sektorun dəstəklənməsi məqsədilə gerçəkləşdirilib.

# 732 dəfə oxunub

Müəllifin son yazıları

# # #