"Harri Potter və fəlsəfə daşı" serialının ilk treyleri yayımlandı

"Harri Potter və fəlsəfə daşı"  serialının ilk treyleri yayımlandı
26 mart 2026
# 12:48

Yazıçı J. K. Roulinqin romanları əsasında ekranlaşdırılan "Harri Potter" seriyası əsasında serial çəkilib.

Kulis.az xəbər verir ki, orijinal kitablara sadiq qalaraq hazırlanan "HBO" imzalı "Harri Potter" serialının ilk treyleri artıq yayımlanıb.

Baş rolları Dominik Maklaflin (Harri Potter), Alaster Stout (Ron Uizli) və Arabella Stantonun (Hermione Qreyncer) paylaşdığı serialın təqdimatından sonra layihədəki dəyişikliklər və bənzərliklər sosial mediada müzakirə mövzusuna çevrilib.

​"Harri Potter və fəlsəfə daşı" adı ilə ekrana gələcək serialın ilk treylerində hekayənin başdan başlaması diqqət çəkib.

Təqdimatda Harrinin Dursleylər tərəfindən pis rəftar görməsindən başlayaraq Haqrid ilə tanışlığı və Hoqvarts Cadugərlik və Sehrbazlıq Məktəbinə çatmasına qədər olan proses nümayiş etdirilib. Filmlərdəki eynək, çapıq izi, seçici papaq və qəhrəmanların qatarda ilk qarşılaşması kimi bir çox detala sadiq qalınsa da, Harrinin Maql məktəbinə getdiyi kadrlar kimi əvvəllər olmayan səhnələrə də yer verilib.

​Serialda əsas mübahisə doğuran məqam isə Severus Sneyp obrazını Papa Essiedunun canlandırması olub. Sneyp obrazı üçün qaradərili bir aktyorun seçilməsi bəzi pərəstişkarlar tərəfindən tənqid edilib. Hətta aktyor son müsahibəsində bu rola görə nifrət mesajları və ölüm təhdidləri aldığını etiraf edib.

Digər tərəfdən, "HBO" rəhbəri Keysi Bloys Lord Voldemort rolunu kimin oynayacağının hələ dəqiqləşmədiyini bildirib.

​Heyətində Con Litqou, Nik Frost, Canet Maktir və Uorvik Devis kimi simaların yer aldığı serialın hər mövsümündə bir kitab işləniləcək. Ssenarisi Françeska Qardinerə, rejissorluğu Mark Mayloda məxsus olan layihədə yazıçı J. K. Roulinq də icraçı prodüser kimi iştirak edir.

"Harri Potter və fəlsəfə daşı" serialı 2026-cı ilin dekabrında izləyicilərə təqdim olunacaq.

# 115 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər