"Bu film sadəcə bir kəndin taleyi deyil, həm də..." - Tahir Tahiroviç

"Bu film sadəcə bir kəndin taleyi deyil, həm də..." - Tahir Tahiroviç
10 sentyabr 2025
# 17:23

Kulis.az Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, kinorejissor Tahir Tahiroviçin "“Evim” – yaddaşın və həsrətin poetik portreti" adlı resenziyasını təqdim edir.


Rejissor Seyran Mahmudoğlunun “Evim” sənədli filmi ilk baxışdan sadə bir hekayəni anladır: Xaçmazın Alekseyevka kəndində yaşamış və Sovet İttifaqı dağıldıqdan sonra köçmək məcburiyyətində qalan rus qadının kənd həsrəti. Amma filmə baxdıqca anlayırsan ki, bu sadəcə bir insan taleyindən daha geniş, daha dərin mənzərədir – yaddaşın, itkinin, keçmişlə bağların poetik ifadəsidir.

Filmdə kamera sadəcə müşahidəçi deyil. Operatorun gözünün ardında sanki izləyicinin öz qəlbi dayanır. Hadisələr və məkanlar təsadüfi seçilməyib – hər bir kadr tamaşaçını kəndin sükutuna, boşalmış həyətlərin nəfəsinə, qapısı kilidlənmiş evlərin kədərinə aparır. Seyran Mahmudoğlunun rejissor yanaşması elədir ki, sanki filmi o yox, sən özün çəkirsən. Çünki ekran arxasında müşahidə olunan duyğular tamaşaçının özündə də eyni dərəcədə oyadılır.



“Evim”in gücü onun səmimiyyətindədir. Film heç bir pafos yaratmır, quru tarix də danışmır. Əksinə, sadə insanın nisgili üzərindən bütöv bir dövrün faciəsini göstərir. Sovet dövründə köçürülmüş insanların, onların kökləri dəyişən həyatlarının, geriyə dönməyən yaddaşlarının kino dili ilə hekayəsi qurulur.

Ən təsirli məqam isə filmin poetik havasıdır. Sükutun içində çəkilmiş epizodlar, bir qadının kəndə həsrət dolu baxışları, uşaqlığı keçmiş evin səssizliyi rejissorun mövzuya necə yaxın olduğunu sübut edir. Burada sənətkarın şəxsi münasibəti gizlənmir, əksinə, hər kadrda duyulur.

Seyranın “Evim” filmi sənədli kino üçün nümunə ola biləcək işdir, çünki o, sənədin arxasında duran poeziyanı, faktın içində gizlənən hissi açmağı bacarır. Bu film sadəcə bir kəndin taleyi deyil, həm də insanın yaddaşla münasibəti, köklərinə bağlılığın incə duyğusal izahıdır.

Filmin final səhnəsində Sovet dövründə işığı yanmış sonda isə insan nəfəsinə həsrət qalan məkanlar dil açıb danışmaq istərkən titirləri görürük.

Bu da FİNAL.


# 278 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər