Azərbaycanlı rejissorun filmi Cənubi Koreyada mükafat qazandı

Azərbaycanlı rejissorun filmi Cənubi Koreyada mükafat qazandı
28 avqust 2024
# 16:41

Rejissor Orxan Ağazadənin "Kinomexanikin qayıdışı" filmi Cənubi Koreyada keçirilən sənədli film festivalı – “EBS International Documentary Festival”da Qran-Pri qazanıb.

Kulis.az xəbər verir ki, 2024-cü ilin istehsalı olan tammetrajlı sənədli film Azərbaycan və talış dillərində çəkilib.

Ssenari müəllifi Orxan Ağazadə, operatoru Daniel Quliyev, montajçısı Nicole Schmeier, səs rejissoru Morteza Najaflo, prodüserləri Lino Rettinger və François-Pierre Claveldir.

Ekran əsəri bundan öncə Almaniyada (Köln şəhəri) kino sahəsi üzrə nüfuzlu mükafatlardan sayılan, operator (təsvir rejissorluğu) və montaj (qrafika) işinə görə verilən “Alman Kamera Mükafatı”nın (Deutscher Kamerapreis) qalibləri sırasında yer almışdı. Almaniyanın WDR və ZDF teleradio şirkətləri tərəfindən dəstəklənən müsabiqədə "Kinomexanikin qayıdışı" “Təsvir həllinə görə” nominasiyasında (operator Daniel Quliyev) fərqlənmişdi.

Filmin qəhrəmanı keçmiş kinomexanik Samid oğlunu iş qəzasında itirəndən bəri tənha və melanxolik hisslərlə yaşayır. Bu əhvaldan qurtulmaq üçün əvvəlki peşəsinə qayıtmaq, kino nümayişlərini canlandırmaq üçün işə başlayır. Gənc Ayazı da bu işə təşviq edir. Aralarında böyük yaş fərqi olsa da, hər ikisinin kinoya həvəsi var və ucqar kənddə kütləvi kino nümayişini yenidən təşkil etmək ideyası ilə yaşayırlar. Bunun üçün kənd sakinlərini kino ekranı üçün yer tikməyə inandırmaq, köhnə proyektorları təmir etmək, rəhbərlikdən icazə almaq və s. lazımdır...

# 626 dəfə oxunub

Müəllifin son yazıları

# # #