5 ay karantində qalan teatrlarımız necə fəaliyyət göstərəcək? - Sorğu

5 ay karantində qalan teatrlarımız necə fəaliyyət göstərəcək? - Sorğu
7 sentyabr 2020
# 14:12

Pandemiya səbəbi ilə aylardır onlayn fəaliyyət göstərən teatrlar yeni mövsümə hansı yeniliklərlə start verəcək? Kulis.az bu barədə bir neçə dövlət teatrı arasında sorğu keçirib.

Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən teatr müəssisələrinin fəaliyyətə başlaması ilə bağlı qərar elan olunmadığı üçün hazırkı karantin şərtləri altında teatrın öz iş fəaliyyətini müstəqil şəkildə tənzimləmək səlahiyyəti yoxdur:

Gallery

“Ona görə də hələlik yeni mövsüm, yeni tamaşa premyeraları haqqında danışmaq tezdir. Buna baxmayaraq, əlbəttə, gələcək planlarımız çoxdur. Akademik Milli Dram Teatrı xüsusi karantin günlərində dörd ay olmaqla öz repertuarında olan, eyni zamanda cari repertuardan çıxarılan tamaşaları onlayn şəkildə təqdim etdi. Yeni teatr mövsümündən bu işi yenə davam etdirmək niyyətindəyik. Ötən mövsümdən “Filumena Marturano” tamaşasının məşqləri yarımçıq qalmışdı. Fəaliyyətə başlayan kimi ilk işimiz həmin məşqlərin davam etdirilməsi və səhnə əsərinin premyerası olacaq. Bundan başqa repertuar üzrə istər dünya dramaturgiyası, istərsə də Azərbaycan dramaturgiyasından yeni əsərlərin hazırlanması planlaşdırılır. Teatrın qastrol səfərləri təxirə salınıb, fəaliyyətə başlayan kimi onları reallaşdırmaq əsas hədəflərimizdəndir. Ümid edirik ki, tezliklə həyat öz əvvəlki məcrasına qayıdacaq və ölkə teatrları, eləcə də Akademik Milli Dram Teatrı öz qapılarını tamaşaçıların üzünə aça biləcək.”

Azərbaycan Dövlət Akademik Musiqili Teatrın rejissoru Samir Qulamov da teatrların fəaliyyəti haqqında rəsmi bir qərar olmadığını qeyd edib:

“Hələki bu barədə rəsmi məlumat yoxdur. Kütləni birdən-birə zala buraxmaq təhlükəli ola bilər. Pandemiya bizim bir çox planlarımızı alt-üst etdi. Teatrımızın bu il xarici festivallarda çıxışı var idi. Heç birinə gedə bilmədik. İranda keçirilən nüfuzlu bir festivalda “Məşədi İbad”ın nümayişi olmalı idi. “Dədəm Qorquddan bir nişanə” balet tamaşası üzərində işləyirdik. Bu tamaşa Türkiyədə keçirilən Beynəlxalq teatr festivalı üçün hazırlanırdı. Məlum səbəbə görə yarımçıq qaldı. Onu da qeyd edim ki, “Dədəm Qorquddan bir nişanə” tamaşasının bədii rəhbəri Əməkdar imncəsənt xadimi Əliqismət Lalayevdir. Çox güman ki, biz bu tamaşaların məşqlərinə yenidən başlayacağıq. Yeni mövsümdə tamaşaçıları yeni, maraqlı tamaşalar gözləyir. "Beş manatlıq gəlin", "İstintaq", "Cehizsiz qız" kimi tamaşaların poremyerası olacaq. Bundan başqa surpriz bir əsər var ki, onun üzərində işləyirik. Bu barədə hələlik heç bir məlumat vermək istəmirəm. Bircə onu deyə bilərəm ki, Azərbaycan teatrlarının heç birində, heç vaxt səhnəyə qoyulmayan bir tamaşadır. Eyni zamanda 9 tamaşanın premyerası olacaq”.

Gallery

Azərbaycan Dövlət Akademik Musiqili Teatrın mətbuat katibi Fəridə Aslanova koronavirus bəlasının teatr mühitinə mənfi təsir göstərdiyini bildirib:

“Bu il 111-ci teatr mövsümünə qədəm qoymuşuq. Qocaman teatrımız tarixində hələ belə bir seçim qarşısında qalmayıb.
Onlayn toplantımızda teatrımızın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev də bildirdi ki, bundan sonra da Akademik Musiqili Teatrın fəaliyyətini virtual olaraq davam etdirəcək. Düzdür, onlayn tamaşalar o effekti verməsə də, hələ ki başqa çıxış yolumuz yoxdur.
Amma biz bu fasilədə teatrda yaradıcılıq studiyasının təməlini qoyduq. Sosial şəbəkələrdə olan səhifələrimizi yenilədik. Demək olar ki, heç dayanmadıq. Teatr onsuz da əzəldən elə sahədir ki, hamı tərəfindən birmənalı qarşılanmır. Sənətə sevgisi olan virtual da olsa, sevə-sevə baxır, zövq alır. Yazılan mesajlardan, rəylərdən də görürəm, baxan baxır, izləyir.”

Gallery


Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova teatrın digər teatr-konsert müəssisələri kimi ənənəvi olmayan bir mövsümə başladığını deyib:
“Müvafiq tamaşa planlarımızı elə ötən mövsümdə də verməyə çalışdıq. Qarşıladığımız 89-cu teatr mövsümümüzə də sevimli tamaşaçılarımızla görüşmək, balaca balalarımız qarşısında yenə də sevə-sevə çıxış etmək arzusu ilə başlayırıq. Yaradıcı heyətin bütün izolyasiya qaydaları çərçivəsində, göstərişdə nəzərdə tutulmuş sayda iştirakla məşqlərini də təmin edəcəyik. Bildiyiniz kimi, kukla tamaşalarının hazırlanma prosesi olduqca mürəkkəbdir və bunun ən vacib elementi aktyorun kukla ilə işidir. Biz də bunu tam təhlükəsiz, sosial izolyasiya qaydalarını tətbiq etməklə reallaşdıracağıq. Maska və müvafiq şəffaf sipər-maskalarla təmin olunan aktyor və rejissorlar hələ ki, yeni tamaşanın oxunuş-məşqlərini edirlər.
Bu mövsümə də biz 3 yeni tamaşa hazırlayacağıq. Bunlar xalq nağılımız olan "Məlikməmməd"in motivləri əsasında eyni adlı, lakin tam fərqli səhnə yozumlu nümunə olacaq. Tamaşaya teatrın baş rejissoru Qurban Məsimov quruluş verəcək. Görkəmli uşaq yazıçısı, bu il 100 illik yubileyini qeyd etdiyimiz Xanımana Əlibəylinin "Cunquş" əsəri də bizim səhnədə özünün yeni sənət taleyini yaşayacaq. Nümunəyə istedadlı rejissorumuz Anar Məmmədov quruluş verəcək.
Hans Xristian Andersen məşhur "Kibritsatan qız" əsəri də bizim səhnədə oynanılacaq. Tanınmış rejissor Elşad Rəhimzadə dəvət əsasında bu tamaşanı hazırlayır. Teatr zalına hələki tamaşaçı buraxılması gözlənilmir. Tamaşaların canlı olaraq televiziya vasitəsilə nümayişini nəzərdə tutmuşuq. Belə bir planımız var”.

Gallery

# 3446 dəfə oxunub

Müəllifin son yazıları

# # #