"Salnaməfilm" Milli Qəhrəmanlar haqqında film çəkir

"Salnaməfilm" Milli Qəhrəmanlar haqqında film çəkir
25 sentyabr 2020
# 14:30

Mədəniyyət Nazirliyinin “Salnaməfilm” studiyasında iki Milli Qəhrəman haqqında film çəkilir.

“Salnaməfilm” studiyasından Kulis.az-a verilən məlumata görə, rejissor Kamran Qasımov 2016-cı ildə qəhrəmancasına şəhid olmuş, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanov haqqında filmi yekunlaşdırmaq üzrədir.

Rejissor Kamran Qasımov: “Biz Çingiz Qurbanovun ailəsi ilə vidalaşarkən son dəfə söylədiyi cümlə ilə filmi adlandırmışıq - “Hər şey yaxşı olacaq”. Filmin hazırlıqlarına da ilin əvvəlində başlamışdıq. Sərt karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq filmin istehsalını saxlamalı olduq. Hazırda isə uzadılmış karantin rejimlərinin tələblərinə uyğun şəkildə filmimizin çəkilişlərini yekunlaşdırmışıq. Biz filmin çəkilişində maraqlı bir üsula əl atdıq. Belə ki, film müşahidə janrında çəkilib. Bütün müsahiblərimizi kamera kənardan müşahidə edib. Filmdə əlbəttə, xronikadan da istifadə olunub. İnşallah oktyabr ayının əvvəlində film tam hazır şəkildə təhvil veriləcək.”

“Hər şey yaxşı olacaq” filminin ssenari müəllifi və rejissoru Kamran Qasımov, operatoru Mirzə Ələkbərov, icraçı prodüseri Azad Axundov, prodüseri Nazim Hüseynovdur.

Filmin çəkilişləri qəhrəmanın doğulduğu Qusar rayonunda, hazırda ailəsinin yaşadığı Bakıda, habelə, Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində aparılıb.

Rejissor Elnaz Əbluc isə Azərbaycanın Milli Qəhrəmanı Cəlil Səfərov haqqında filmin çəkilişlərinə başlayıb.

Rejissor Elnaz Əbluc deyib: “Cəlil Səfərov Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Vladiqafqaz Hərbi Raket-Zenit Komandirlər Məktəbində təhsil almış peşəkar zabit idi. O, dəqiq atəşlərlə düşmənin canlı qüvvəsinin məhv edilməsinə başçılıq edirdi. Onun qəhrəmanlığı və peşəkarlığı sayəsində düşmən ağır itki vermişdi”.

Filmdə qəhrəmanın döyüş yoldaşları və ailə üzvlərindən müsahibələr alınacaq. Onun təhsil aldığı və hazırda adını daşıyan Sumqayıt şəhərindəki 10 nömrəli məktəbdə, həmçinin Cəmşid Naxçıvanski adına Hərbi Liseydə çəkilişlərin aparılması nəzərdə tutulub.

Filmin rejissoru və müəllifi Elnaz Əbluc, operatoru Soltan Abdullayev, icraçı prodüseri Azad Axundov, prodüseri Nazim Hüseynovdur.

# 1697 dəfə oxunub

Müəllifin son yazıları

# # #