Bir falçı dedi ki, apreldə öləcəksən – Güneydən şeirlər

Bir falçı dedi ki, apreldə öləcəksən – Güneydən şeirlər
28 yanvar 2022
# 17:00

Kulis.az “Sözün Güneyi” layihəsindən təbrizli şair Duman Ərdəmin şeirlərini təqdim edir.

Qaçmaq

Hamı yatırsa gecələr
Mən yerin altına qulaq asıram,
Sən demə, gördüyümüz röyalar
yer altında yaşanan həyatlardır...
Hamımız dustağıq,
hamımız sürgün
bu yer üzündə.
Ulduz keşik çəkir,
it keşik, pişik keşik çəkir...
Dənizdəki bəyaz quşlar
həbsxanaya göndərilən məktublardır.
Hələ ki yeri qazırıq,
hələ ki qaçmağı düşünürük.
Qaçmağı...

Məzar

Mən əvvəlcə quş idim,
Mən əvvəlcə balıq.
Göy üzündəki təyyarələr,
Dənizdəki gəmilər
Ən böyük xatirədirlər.
Sonra qovulanda,
Yəni insan kimi doğulanda
İçimə bir məzar verdilər,
Hər kəsin içinə bir məzar verdilər,
Daşı dedilər.
Sonra vaxtı gələndə könüllücə
"Uzan və öl" dedilər.
Məzarlıqda qoca bir itdən sordum:
- Ay it, ay it, mən nəyəm?
- Sən məzarsan, - dedi, - məzar...

Bulud

Əgər bu buludların altında
saçlarımız ağarırsa,
Əgər saçlarımızın üzərində
buludlar yox olursa,
başmaqlarımız yırtılırsa,
buludların altında
sevdiyimiz köynək
təmizlik köhnəsinə çevrilirsə,
əgər bu buludların altında
biz iki baş, iki bədəniksə,
gəl sevgiylə yormayaq özümüzü,
sevməmişdən ayrılaq...

Az öncə etiraz etdilər

Az öncə etiraz etdilər!
Apartmanımda qaranlıq pillələr.
Yorulduq, bezdik dedilər
Nəşini kefli-kefli qalxızmaqdan
Həmən getmə, həmən qal
Yoxsa onlar da bir-bir gedərlər!

Bunu sən anlada biləcəksən təkcə,
Mən bir ögey uşaq, danlayan Təbrizə,
Açarlarımı tez-tez itirsəm belə,
Kölgəmlə yola getməsəm, anbaşı polisə getsəm...
Daha boş səndəl saxlamasın terya kafelərində,
Öncə getsin! Evdə qalmış, qarımış ərkini versin ərə!

Həmən getmə, həmən qal!
Gecə telefon trafiyində qudursa ağcaqayınlar
zəng edərlərsə mənə
– Hani murdar bir it kimi gəbərdəcəyik – derlərsə
Qal! Ey qadın qılığına girmiş təbrizli Şəmsim!

Qalsana, anlatsana, yol qırağında əski bir kafe idim
Savakın əmrilə güllələndim
Öldü müştərilərim...
Sındı şüşələrim...
Atamla xərclik məsələsindən
Rəflərdən Das Kapitalı seçdim

Həmən getmə, həmən qal!
Az öncə məktub göndərdi sözəbaxmaz kəlmələrim
–Qayıtmasa o təbrizli dərviş
Səninçün yaş olacaq bu iş,
Güllələyəcəyik!
Biz bir-birimizi
Yığışdıracağıq şeirlərindən pəsə-püsəmizi –

Həmən getmə, həmən qal
Gözlüyümü bir arxadaş, bir yoldaş
Ayağı altda sındırar
– Sənin satqınlığına getdi – fısıldar
Divarlara yazdığımız bütün ideallar

Televizyonda son xəbər:
– Bələdiyyə məmurları küçə itlərini güllələyər –
Bu gün küçəyə çıxmayacam
Siqaret belə almayacam
Ucqar kəndlərdə qoca bir it var
Hər gecə ay işığına ağlayar
O itin darıxmasıyam
Bir falçı dedi – apreldə öləcəksən!
Bununçün kitablardan hamısını yandırasıyam
Həmən getmə, həmən qal
İçimdə birisi var:
Ulduzlar təpəmə düşəcək! Qorxar, qaçar,
Coğrafiya dışında şəhərlərə bilet alar

Həmən getmə, həmən qal

Bütün fəsillər
Bütün buludlar, adamlar, böcəklər...
Tənha itlərin nəfəslərindən doğarlar
Həmən getmə, həmən qal
Yoxsa bilirəm, bilirəm, bilirəm
Bütün otobüs radyolarında
Təkcə hava idarəsi danışar
Əziz həmvətənlər! Bu bahar tez bitəcək –
Həmən getmə, həmən qal.

***

Qalanın yan tərəfində Bidel kafesindəyik
Deyirik ki, bu qala kordur, kor!
Heç nəyi görmür
Necə də sükut rəngində durnaları,
İşığın qusduğu pişik balalarını,
Öz qaranlığında quylayır, gömür...
Deyirik ki, əlini tənhalığın belinə dolayan payız!
Neçə il qabaq qış idi qocaldı,
Əsnəməkdən yarpağı töküldü
Ağacların beli büküldü.
Deyirik ki, ağcaların yuxusuyla şairlərin ayıqlığı arasında
Bir yalqızlıq fasilə var.
Kağızla qələm arasındakı əbədi boşluq qədər...
Deyirik ki, avtobuslara doldurulmuş
Səs rəngində durna kölgələrinin
Son məqsədi, son fəsli, son duracağı haradır?
Şayəd harda düşsələr payız elə oradır...
Deyirik ki, baharda təksən tək,
Yayda cəmlənirsən quşla, qönçə ilə
Bir başqa bədənlə payızda əskilir!
Qışda bitirsən, unudulursan
Yağan qap-qara qarın hərarətində...
Apağ göbələklər bitir çölün yuxusuna
Qapqara tulalar tutur payız paçasına
Onunçün bir az iztirablıdır
Bir az qəmli, bir az qırmızıdır, bir az sarımtıl....
Deyirik ki, gör necə də qaş-qabaqlı bu cümələr!
Əyilib hörmət edir payız rəngli qalaya...
Əbədi rüşvətidir masaaltı hörmətidir cümələrin qalaya!
Bütün bankomatlar pulsuzluq verir
Bir az aclıq bir az ayrılıq
Bütün xiyabanlar bütün yollar gəlməmək feilinə çevrilir
Gəlməməyi gözləmək
Bunu kim bilir?
Deyirik ki, uçan durnaların səsində məmləkətin xəritəsi var
Bəs şəhid olan şairlərin başmaqlarında nə var?
Cəhənnəm var şeir kitablarında
Cəsədlər var şeir kitablarında
Tarix boyu sətirlərdən,
Sözlərin cəngindən
Asılmış şairlər var şeir kitablarında
Nə başları dəyir göy üzünə
Nə ayaqları vətənə...
Əsən bir payız yeli yığıb şəhidləri cibinə aparır
Aparır külək
Hardasa küçədə oynayan bir uşağın qucağına
Kəndlərin qocalmış meydançasına bir şairin dəsmalı düşür.

Qarşımı kəsdi qız gəlin

qarşımı kəsdi qız gəlin
yolarkən saçlarını
evimiz yıxıldı
dedilər: anamız öldü
soluma baxdım gülümsəyərək
– bu da unudular
unudular hərşey dedim –
dedim
içirdik hıçqıra- hıçqıra
tutarsız düşmüşdük xaraba bucağında
birisi ürəyinizdəkinin
sizə xəyanət edənlərin sağlığına
deyə sıpqardı
sağıma baxdım gülümsəyərək
- bu da unudular
unudular hərşey -
dedim
bizi qulaqladılar
əlimizdə élan, bildiriş
hər nəyi dandım
yıxdım dostların başına
yoxsa məni də düzəldəcəkdilər
polislər
dustaqdakılardan xəbərim yox
qarnımla qarın altında baş açammıram
bir gün uşaqkən
qəbristana düşən topumu götürürdüm
qarşımı kəsdi iki uşaq
birisi oğlan
birisi qız
şalvarımı çıxardılar
şalvarlarını
köynəyimi
köynəklərini
hər nəyimi
hər nələrini
dombalıb baxdıq üçünün də düz içinə
çöp də uzatdıq
qız dedi: ay qız
25 il
35 il
nə bilim nə 5 il
sonra qarşılaşsaq
unudacağıq
utanmayacağıq
biz parkdayıq
hopur gözlərimə ağbirçək bir qızcığaz…
…utanırıq
– bəzi şeylər var
unudulmur bu həyatda

görəsən xoşbəxt olacağammı?
abırlı bir iş tapacağammı?
yaxşı evim, lüks bir arabam olacaqmı?
o qız zəng vuracaqmı?
yenə də barışacağıqmı?
borclarımı ödəyəcəmmi?
(keçir gözlərimdən qara yazı)
- lütfən işinizi bitirdikdən sonra bir aftafa su tökün

# 4638 dəfə oxunub

Müəllifin son yazıları

# # #