Günün ədəbi cərəyanı hansıdır? Bu, postmodernizm deyil! - Analiz

<span style="color:red;">Günün ədəbi cərəyanı hansıdır?  Bu, postmodernizm deyil! - <span style="color:red;">Analiz
15 may 2019
# 15:20

Kulis.az Bəhruz Səmədov “Şübhə və nikbinlik arasında qalmış insanlıq” yazısını təqdim edir.

Biz hansı dövrdə yaşayırıq sualı müasir filosofları, ədəbiyyat tənqidçilərini ortaq bir fikrə hələ ki gətirib çıxarmayıb.

Bu barədə mübahisələr davam etməkdədir. Müəyyən olan bir şey var: postmodernizm ölüb və bu səhifə həmişəlik qapanıb.

Bəs müasir ciddi ədəbiyyatı, incəsənəti necə xarakterizə etmək olar?

İngilis filosof Alan Kirbi 2006-da çıxmış «Death of postmodernism and beyond» essesində dünya ictimaiyyətində və mədəniyyətində baş verənləri “psevdomodernizm” adlandıraraq, əvvəlki dövrün – “postmodernizmin” öldüyünü deyir. Bu məsələni daha geniş əhatə edən “Digimodernizm” kitabda isə o, dövrü “dijital modernism” (цифромодернизм) kimi təsvir edir. Ancaq bu iki anlayışdan heç biri geniş yayılmadı və elə Kirbinin kitablarında qaldı.

2010-cu ildə iki holland kulturoloq və filosof Timoteus VermoylenRobin van der Akker “Metamodernizm notları” («Notes of Metamodernism») essesini dünyaya təqdim etdilər. Bu essedə yaşadığımız dövr, fikrimcə, ən dəqiq şəkildə təsvir olunub. Esse səs sala bildi və geniş yayıldı.

Bundan sonra metamodernizmin manifesti yazıldı (metamodernism.org) və bu axının 8 özəlliyi göstərildi.

Soruşa bilərsiniz ki, hansı əsərlər bu yeni axına əsasən yaradılıb? Əgər Höte və Şillər romaniklərdirsə, Cek London realistdirsə, Umberto Eko, Viktor Pelevin postmodernistdirsə, bəs hanı metamodernizmin əsərləri? Metamodernizm tərəfdarları qeyd edirlər ki, bunu yalnız intuitiv hiss etmək olar. Terminin yaradıcılarından T.Vermoylen qeyd edir:

“Metamodernizm qapalı sistemli fəlsəfi axından daha çox ətrafımızda baş verən istər iqtisadi, istər mədəni faktları yığcam şəkildə təsvir edib, izah edə bilən özünəməxsus açıq sənəddir”

Postmodernizmin ölümü qəbul edilmiş faktdır, belə bir halda, metamodernizm “özü-özünü doğur”. Toma İstomina metamodernizm haqqında məqaləsində qeyd edir:

“Hər nə qədər insanlığa şiddət, axmaqlıq, alçaqlıq təlqin edildisə, bir o qədər insanlar hissiyyat və səmimilik üçün darıxır. Bu o demək deyil ki, postmodernizm pisdir, sadəcə son illər o, elə bir rəng alıb ki, insan ondan qaçmaq istəyir”.

Metamodernizmin manifestinin ilk bəndi:

1. Biz ossilyasiyanı (fizikada «tərəddüd» mənasını verən termin) təbii hal hesab edirik.

Metamodernizm insanlığın iki hal arasında daimi tərəddüdə məhkum olduğunu iddia edir: ironiya və səmimi hisslər. Əgər postmodernizmdə ironiya, qara yumor, sarkazm hakimlik edirdisə, metamodernizm ironiya ilə yanaşı həqiqi hisslərdən bəhs edir.

Metamodernism.com platformasının yaradıcıları qeyd edirlər:

“Metamodernizm dinamikadır. O, müasir qavramaya cəhd və hər şeyə şübhə ilə yanaşan postmodernizmin, müasir səmimilik və postmodernist ironiyanın, ümid və kədərin, empati və apatiyanın, birlik və çoxluğun, təmizlik və rüşvətin, ürəyi saflıq və bilginliyin, idarənin və cəmiyyətlərin, praqmatizmin və utopmizmin arasında tərəddüd yaradır. Bu tərəddüdə balans demək olmaz, buna saysız dirəklər arasında yellənən kəfgir desək daha doğru olar. Hər dəfə entuziazm fanatizmə yaxınlaşdıranda, qravitasiya onu ironiyaya geri aparır, ironiya isə öz növbəsində apatiyaya gətirməyə çalışdıqda, qravitasiya entuziazma tərəf itələyir”.

Düşünürəm ki, insanlığı ümidsizliyə və mənasız ironiyaya çağırmamaq metamodernizmin qısa zamanda məşhurlaşmasının səbəbidir.

Postmodernizm ironiya, acı gülüş verirdi, hər şeylə “məzələnə” bilirdi, amma əvəzində heç bir şey təklif etmirdi.

İnsanlıq isə məhv olmadı, elm və texnologiyalar inkişaf etməkdədir. Və bəlli oldu ki, artıq postmodernizm sönüb. Metamodernizm isə boş yerdə, özü-özünə yaranan qəribə ümiddir.

Əgər 90-cı illərdə çəkilmiş “Forrest Qampda” bir bədbəxtin həyatı özü tərəfindən ironiyayla nəzərdən keçirilirdisə, dövrümüzdə daha çox gələcəyə ümid notları ilə qarışmış filmlər çəkilir.

Söhbət ciddi kinematoqrafdan gedir, təbii ki. Musiqidə də vəziyyət belədir. Əgər 80-lər, 90-larda ciddi musiqiçilərin notlarında ümidsizlik daha çox idisə (Radiohead, Pink Floyd-dan Viktor Tsoya kimi), metamodernizmə aid edilən Antony and the Johnsons, Mumford & Sons, Of Monsters and Men, CocoRosie kimi qruplarda işıqlı notlar daha çox gözə deyir. Aşağıdakı klipdə “ossilyasiya”nın nümunəsi kimi qəbul etmək olar.

İstər post-postmodernizm adlansın, istər metamodernizm, istərsə də başqa cür, məlum olan budur ki, biz yeni bir dövrdə yaşayırıq və nə yaxşı ki bu dövr ümidsizlik və qaramsar pessimizm dövrü deyil.

Metamodernizmin manifestinin son bəndində deyilir: “Biz ideoloji zəncirlərdən azad praqmatik romantizm təklif edirik. Beləliklə, metamodernizm ironiya və səmimilik, nikbinlik və şübhə arasında və onlardan üstün olan, plüralist parçalara ayrılmış və əlçatmaz üfüqlərə doğru gedən narahat civə damcısıdır. Biz irəli gedib, tərəddüd etməliyik!” /oxu zalı/

# 2607 dəfə oxunub

Müəllifin son yazıları

# # #