Usta işlədiyin həbsxanaya məhbus kimi qayıtmaq – Amildən Yeni Şeirlər

Usta işlədiyin həbsxanaya məhbus kimi qayıtmaq – <span style="color:red;">Amildən Yeni Şeirlər
12 iyul 2018
# 15:33
Kulis.az Amil Məmiyevin yeni şeirlərini təqdim edir.
Bir gün Allah ölsə
heç kim deyə bilməyəcək
Allah rəhmət eləsin.

***

Sonrakı peşmançılıq,

vaxtı ilə inşasında

usta işləmiş həbsxanaya

illər sonra məhbus kimi

qayıtmaqdır.

***

Dəniz səviyyəsi ilə

ölçülürdü yüksəkliklər.

Çünki dənizdə olurdu

ən dərin çökəkliklər.

***

UNİCEF-in yardım maşınları

köçkün şəhərciyimizə

ət paylayan günün axşamı bilmişdim ki

kabab, soyutma, qızartma

sən demə yalnız

kartofdan olmurmuş.

***

Darıxmaq sözünün sonundakı
"q" hərfi belə acıyıb halıma deyir ki,
istəyirsən gedim, təki sən darıxma.

***

Dünya dönür-dönür nə olur ki?

Sən hələ də dönmürsən.

***

İnsanların üzərində

pul olmayandan sonra başlayır,

pulun üzərində

insan şəkli çap etmək.

***

Qız övladı istəməyən ataların kafеsində

belə yazılır: “Ofisiant qız tələb olunur”.

***

Akvarium balıqları bilsəydi ki

bu şüşə divarlar

dəniz qumundan düzəlib,
bəlkə də yeyərdi
onları kürüylə yemləyən
sahibinin barmaqlarını.

***

Darıxmağın imsaqı,

iftarı olmur, ana.

Sən səhər tezdən durub

oruc tutanda bil ki,

heç poza bilmədiyim bir

darıxmaq tutur məni.

***

Düşünüb düşdüyün düşüncələrdən
digər düşüncələrə qalx.
Bütün düşüncələrdən

özünü dərk elə.

Baxıb bir şəkilinə

ya içini iç ya çölünü ölç.
Qətii özünü kiməsə həkk elə.

Olanla dolanmaq,

ölənə haqq olmaq
Keçib-keçməsə də içindən belə
Bir az bərk ol,yenə də elə.

Əgər qalib deyilsənsə

onda qabil ol sən.
Nə qədər çətin də olsa

özünü ərk elə.


Bir az özünə güvən,

özünə inan.
Allah olsan belə

Allahın olsun,
özünə şəkk elə.


Artıq artıqlıq etsə

bu bədən sənə
Bir az azad ol

ya da azda ol,

özünü tərk elə.

# 1602 dəfə oxunub

Müəllifin son yazıları

# # #