Müşfiq Hətəmov: “Kinomuzun ən ciddi problemi ssenaridir” - MÜSAHİBƏ

Müşfiq Hətəmov: “Kinomuzun ən ciddi problemi ssenaridir” - <span style="color:red;">MÜSAHİBƏ
11 may 2017
# 13:23

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmovun APA-ya müsahibəsi

Müasir Azərbaycan kinosu... Prosesi izləyənlər son illərdə çəkilən filmlərimizin uğurlarının və problemlərinin nədən ibarət olduğunu yaxşı bilir. Bura ssenarilərin bədii və yaradıcı səviyyəsindən tutmuş, maddi-texniki bazaya qədər bir çox komponentlər daxildir. Əlbəttə, bütün qayğı və sıxıntılara baxmayaraq, uğurlardan danışmamaq qeyri-obyektivlik olar. Bu uğurun nədən ibarət olmasını Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmova istinadən yazıram:

- “Azərbaycanfilm” təkcə son illərdə 180-dən çox festivalda iştirak edib, filmlərimiz 60-dan artıq ölkədə nümayiş olunub. Bu gün “Azərbaycanfilm” mədəniyyətimizi dünyada inam və uğurla təbliğ edən qabaqcıl mədəniyyət müəssisələrindən biridir.

Müşfiq Hətəmovun “Azərbaycanfilm” kinostudiyasının direktoru vəzifəsinə təyin olunmasından 5 il keçir. Deməli, bu illərin hesabatını da kinostudiya rəhbərindən soruşmaq, tələb etmək lazımdır. Amma müsahibəni hesabat üzərində qurmaq fikrindən uzağam, zatən, mütəmadi yayılan xəbərlərdə bu haqda kifayət qədər danışılır. Məni müasir kinonun problemləri maraqlandırır. Və Müşfiq Hətəmova qarşı irəli sürülən ittihamlar. O ittihamlar ki, kinostudiya direktoru onlara cavab verməyi ya lazım bilməyib, ya da bu haqda “diplomatik xəsislik”lə danışıb. Nəhayət, anlaşdıq və kinostudiya direktorunu inandıra bildim ki, danışmağın, özü də açıq danışmağın vaxtı-vədəsidir...

Müşfiq Hətəmov danışır...

- Siz məndən soruşursunuz ki, bu gün “Azərbaycanfilm” kinostudiyasının rolu nədən ibarətdir. Altmışdan artıq ölkədə nümayiş, 180-dən çox festivalda iştirak bizim nail olmaq istədiyimiz məqam deyil. Əvvəla, istəyirəm, bunu biləsiniz. Arzuladığımız məqama çatmaq üçün hələ çox çalışmalıyıq. Uzun illər kinodakı problemləri kompleks şəkildə yox, ayrı-ayrı detallar şəklində həll etməyə çalışılıb. Bu gün Mədəniyyət və Turizm Nazirliyi və onun tabeliyində “Azərbaycanfilm” kinostudiyası olaraq hansısa epizodik texniki problemləri yox, köklü kino industriyası məsələsini qaldırmışıq. Bu proses təkcə bizdə yox, keçmiş Sovetlər birliyindəki ölkələrdə də davam edir. Çağdaş Azərbaycan kinosunun problemi epizodik texniki və xırda yaradıcı məsələlərdə deyil, böyük mənada kino sənayesinin qurulmamasındadır. Bu məsələnin həll olunması istiqamətində çox ciddi addımlar atılır. Kinomuzun belə vəziyyətdən yeganə çıxış yolu industriya probleminin kompleks həllidir. Bu, yeni qanuni bazanın dünyaya açılışından tutmuş, kadr hazırlığına qədər hər şeyi əhatə edir.

- Hər halda kadr hazırlığı kino sənayesinin ən vacib komponentidir...

- Məhz buna görə Rusiyada ali kino təhsili almaq arzusunda olan gənclərə müraciət etmişik. Ümumrusiya Kinematoqrafiya Universiteti ilə danışıqlar aparılıb. Bir neçə kino ixtisası üzrə və Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti hesabına bakalavr səviyyəsində gənclərin oxumağa göndərilməsi nəzərdə tutulub. İxtisaslar kino və televiziya rejissoru, kinooperator, animasiya və kompüter qrafikası rejissorluğunu əhatə edir. Namizədləri müəyyən edib Moskvaya qəbul imtahanlarına göndərmək məqsədilə Kinematoqrafçılar İttifaqı və “Azərbaycanfilm” kinostudiyasının iştirakı ilə seçim komissiyası yaradılıb. Mədəniyyət və Turizm Nazirliyinin və Təhsil Nazirliyinin dəstəyi ilə gənclər təkcə Rusiyaya yox, Türkiyə və Avropa dövlətlərində də təhsil alırlar. Hörmətli nazirimiz Əbülfəs Qarayev bu məsələləri mütəmadi olaraq diqqətində saxlayır. Kino elə sahədir ki, texniki parametrlərlə yanaşı, yaradıcı atmosferdən də çox şey asılıdır.

Yaradıcı atmosferin gücləndirilməsi üçün 30-a yaxın gənci “Azərbaycanfilm”ə cəlb etmişik. Onların uğurlu layihələri ilə yanaşı, zəif işləri də oldu. İndi ikinci mərhələdə gəncləri kinostudiyaya dəvət etmək istəyirik. Bunun üçün artıq ilk addımlar atılıb. Kinostudiyada bizim hörmətli rejissorumuz Elçin Musaoğlunun təşəbbüsü ilə “Gənc simenaçılar” klubu yaradılıb. Gənclərin cəlb olunması, onların sınaqdan keçirilməsi bizim qarşımızda duran çox vacib məsələlərdən biridir.

- Kinostudiyanın maliyyə vəziyyəti necədir?

- Əlbəttə, sirr deyil ki, 2017-ci il bizim üçün maliyyə baxımından çox ağır ildir. Ümumilikdə, altı studiyaya 1 milyon manat pul ayrılıb ki, həmin məbləğin 18 faizi vergidir, yerdə qalan məbləğ isə 6 studiya arasında bölünür. Amma başa düşürük ki, bu müvəqqəti haldır. Əsas odur, ölkəmizdə olan azsaylı peşəkar mütəxəssislərin bu sahədən uzaqlaşmasının qarşısını alaq. Biz yetişdirdiyimiz, hazırladığımız kadrların müvəqqəti maliyyə sıxıntısına görə bu sahədən uzaqlaşmasına imkan verə bilmərik. Nəyin bahasına olur-olsun, onları qorumalıyıq. Çünki onları Azərbaycan dövləti yetişdirib, ölkəmizin kino təhsilinin yetirmələridirlər. Şəxsən mən sosial təminatı yüksək olan yaşlı sənətkarlarımızla müqayisədə özünə tam şərait qura bilməyən, amma böyük potensialı olan gənc və orta nəsil kino işçilərinin müvəqqəti çətinliklərə qurban verilməsinin tam əleyhinəyəm. Qarşıdan gələn il bütün yaradıcı heyətimizlə bir yerdə “azərbaycanlılar kimdir, dünyaya nə verib?” sualına cavab verən ekran əsərləri yaratmağı planlaşdırırıq. Təəssüf ki, bəzi ölkələrdə bizim haqqımızda məişət söhbətləri səviyyəsində təəssüratlar yaratmaq istəyirlər. Bu təəssüratların doğru olmadığını sübut etmək üçün böyük layihələr həyata keçirilməlidir. Nəsrəddin Tusidən tutmuş, müasir tarixi şəxsiyyətlərimizə qədər dünyada qəbul edilən böyük insanlarımızın həyatından bəhs edən filmlər çəkmək istəyirik.

Bu filmlər yeni kinonun tələblərinə cavab verən, gənc nəslin sevə-sevə baxa biləcəyi ekran əsərləri olmalıdır. Bəzi layihələrin icrası zamanı ənənəvi problemlərlə qarşılaşırıq. Məsələn, İran və Gürcüstan şirkətlərindən texnika kirayələyirdik. Mən gəldikdən sonra biz onları uzaqlaşdırdıq və öz şirkətlərimizlə əməkdaşlıq etməyə başladıq. Bir müddət sonra bu şirkətlər daha da təkmilləşmək əvəzinə müxtəlif tapşırıqlar və vasitələrlə bizə öz texnikalarını vermək istədilər. Rəqabət mədəniyyətinin olmaması müxtəlif problemlərə gətirib çıxarır.

- Rəqabət mədəniyyətinin olmamasının fəsadları ilə təkcə texniki məsələlər zamanı qarşılaşırsınız, yoxsa yaradıcı müstəvidə də belə hallar olur?

- Biz 30-a yaxın yaradıcı insan dəvət etdik və onlar “Azərbaycanfilm”də özlərini sınadılar. Onların içində uğurluları da oldu, işinin öhdəsindən gələ bilməyənlər də. Təəssüf ki, film çəkə bilməyənlər cəmiyyətə səhv informasiyalar ötürdülər.

- Həmin səhv informasiya nədən ibarətdir?

- Belə bir təəssürat yaratmağa çalışdılar ki, guya mən “Azərbaycanfilm”ə rəhbər təyin olunandan sonra monopoliya yaratmışam. Amma qəribədir ki, həmin adamların özləri məhz kinostudiyada film çəkirdilər. Bu adamlar başa düşmək istəmirlər ki, “Azərbaycanfilm” ildə 2-3 film çəkdiyi halda, özəl sahədə 15-20 film çəkilir.

Bəli, mən kinostudiyaya rəhbər təyin olunmazdan iki il öncə özəl studiyalarda tammetrajlı filmlərlə bağlı problem yaşandığına görə bu proses dayandırıldı. “Azərbaycanfilm”in isə çəkdiyi ekran əsərlərinin bütün parametrlər üzrə keyfiyyəti göstərdi ki, kinostudiya hər gün gəncləşir və inkişaf edir. Bu cür anlaşılmazlıq hər zaman olub və ümid edirəm zaman keçdikcə aradan qalxacaq.

- Kinostudiya Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan icraçı qurumdur. Amma buna baxmayaraq başa düşürəm ki, bütün rejissorların, ssenaristlərin, prodüserlərin işi sizdən keçir. Sadəcə, icraçı qurum rəhbəri olaraq inhisar yaratmaq imkanlarınızın nə dərəcədə real olduğunu soruşmaq istəyirəm...

Haşiyə: Müşfiq Hətəmov gülür. Mən bu gülüşdə həm istehza, həm də gördüyü işlərdən arxayın olub bütün söz-söhbətlərə yuxarıdan-aşağı saymazyana baxan kino rəsmisinin ədasını görürəm. Bu təklif diktofona düşməyən hissədir:

- Bəlkə başqa məsələlərdən danışaq? İstəyirəm, müsahibəni daha faydalı məsələlər üzərində quraq. Məni düzgün başa düşün, sizin hətta ən kəskin suallarınıza cavab verməyə hazıram, sadəcə, onda özümdən danışmağa məcbur olacağam. Bu, mənim üçün xoş deyil. Xahiş edirəm, məni anlayışla qarşılayın.

Və əlbəttə, bu təklifi “jurnalist hiyləgərliyi” ilə geri qaytarmaq vacibdir. Ona görə də söhbətə davam...

- Məsələ bilirsiniz nədədir? Kinostudiyaya ən çox rejissor məhz mənim rəhbərliyim dövründə cəlb olunub. Onlar filmlər çəkib beynəlxalq festivallarda mükafatlar qazanıblar.

Kinostudiyada bədii şura fəaliyyət göstərir. Razıyam, yaradıcı müstəvidə tam obyektiv olmaq olmur və sənin həqiqi sənət bildiyini başqaları inkar edə bilər. Bu cür faktlar, mübahisələr kino, teatr, ədəbiyyat sahəsində kifayət qədər olub. İşini bilən, istedadı olan bircə rejissor göstərin ki, ona film verilməyib. Vacib olan həqiqi yaradıcılıqdır. Rejissor var ki, biz ona dəfələrlə müraciət etsək də, istədiyi səviyyədə ssenari olmadığına görə həmişə vaxt istəyir. Amma axtarıb-araşdırır. Çünki işinin məsuliyyətini başa düşür. Özünə rejissor deyən adam da var, gündə səkkiz film təklif elə, deyəcək, hamısını çəkə bilərəm. Amma çəkdiyi filmlərin heç biri uğurlu alınmayıb.

- Maliyyə sıxıntıları sözsüz ki, yeni filmlərin çəkilməsini ləngidəcək...

- Siz də bilirsiniz ki, kino böyük məbləğdə vəsait tələb edir. Vəsaitin azalması böyük problemlər yaradır. Biz bir məsələni başa düşməliyik: “Azərbaycanfilm”in əsas məqsədi peşəkar kino məktəbini qoruyub-saxlamaqdır. Mən vaxtilə kommersiya filmləri çəkmişəm. Bu gün gənclərin özəl kino sahəsində gördüyü işləri 20 il əvvəl etmişəm. Ümid edirəm, bunu siz də, oxucular da təvazökarlıqdan uzaqlıq kimi qiymətləndirməyəcəksiniz: vaxtilə kinoprokatdan ən çox pulu mən qazanmışam.

- Bildiyim qədər “İnterpapa”, “Toy”, “Bomba”, “Halal pullar”, “Məhəllə”, “Məşədi İbad 94” kimi filmlərin prodüseri və reklam kompaniyasının rəhbəri olmusunuz...

- Bəli. Amma həmin filmlərin estetikasını hazırda rəhbərlik etdiyim “Azərbaycanfilm”ə gətirə bilmərəm. Onda bizim peşəkar kino məktəbimiz məhv olar. Sadəcə, həmin peşəkar kino məktəbinin təkmilləşməsinə ehtiyac var. Qanuni bazadan kadr hazırlığına qədər böyük yol keçməliyik. Və bu yolu da keçirik. Orxan Ağazadə, Ərturan, Zamin Məmmədov və başqalarının adlarını çəkə bilərəm ki, istedadlı gənc nəsil yetişir və onlar Elçin Musaoğlu, Elxan Cəfərov, Şamil Əliyev, İlqar Nəcəflə rəqabətə girə bilirlər.

Yəni böyük bir nəsil gəlir. Bu da bir daha bizi ora aparır ki, industriyanın problemləri həll olunmalıdır. Özəl studiyaların inkişafı prosesi başlayıb. Amma bu, müvəqqəti haldır. Çünki Azərbaycanda kinoprokat sistemi çətin vəziyyətdədir. Kiçik bir ərazidə distributor sistemi yaradılıb, bir kinoteatr o biri kinoteatrın filmini göstərmir.

- Mədəniyyət və İncəsənət Universiteti ilə yaradıcı əlaqələriniz necədir?

- Rektor Fərəh Əliyeva Mədəniyyət və İncəsənət Universitetində böyük işlər görür, yaradıcı insanları cəlb edir. Amma məncə, bütün problemləri həll etmək təkcə Fərəh Əliyevanın gücü daxilində deyil. Ona bütün yaradıcı təşkilatlar böyük dəstəklər göstərməli, texnoloji baza yaradılmalıdır. Mədəniyyət və İncəsənət Universitetinin qədim və gözəl ənənələri var. Onu daha da inkişaf etdirmək lazımdır.

- Xaricdə oxuyub gələn gənclər Azərbaycan kinosuna nə veriblər? Ortaqlıqda real iş varmı?

- Onların əksəriyyəti “Azərbaycanfilm”də çalışır. Türkiyədə, Sankt-Peterburqda, Londonda, Almaniyada müxtəlif sahələr üzrə təhsil alan gənclərimiz var. Bu məni çox sevindirir və onlarla əməkdaşlıq edirik. İstedadlı gənc rejissorların istehsal prosesini bilməmələri bizə əlavə qayğı yaradır. Bəzən onların qeyri-peşəkar hərəkətləri istehsal prosesinə ziyan vurur. Məsələn, mən hansı filmdə Rafiq Quliyevin, Kənan Məmmədovun adını görmüşəmsə, arxayın olmuşam ki, bu insanlar peşəkar olduqlarına görə, bir çox ağır yükü çəkiliş boyu öz üzərilərinə götürürlər.

- Azərbaycan kinosunun ssenari problemi hələ də qalır...

- Bəli, Azərbaycan kinosunun ən ciddi problemi ssenari problemidir. Amma sizə səmimi deyim ki, ssenari sahəsində hər yerdə problem var. Bu, yaradıcı işdir və çox vaxt oxuyub-öyrənməklə başa gəlmir. İnsan kinonun bütün meyarlarını, tarixini çox gözəl mənimsəyə bilər, amma iş praktik yaradıcılığa gələndə, görərsən ki, heç nə alınmır.

- Qəbul imtahanında xalq rəssamlarımızdan biri imtahan götürürmüş. İmtahan verən gənc bütün cərəyanlardan, rəssamlıq məktəblərindən danışıb. Xalq rəssamı deyib, oğlum, sənin kimi gəncin yetişməsi məni çox sevindirdi. İndi keçək praktiki məsələyə. Qarşısına kağız qoyub ki, bir dovşan şəkli çək. Məlum olub, rəssamlığın estetik prinsiplərindən danışan abituriyent dovşan şəkli çəkə bilmir.

İndi bizdə “facebook sənətkarları” meydana gəlib, elə bilirlər, Tarkovskidən, Fellinindən danışanda adam yaxşı rejissor, istedadlı ssenarist olur. Smartfon telefonla, yaxud fotoaparatla film çəkən gənclər var ki, dünyanı gəzirlər. Bizdə plagiatla məşğul olan kinoşünaslar meydana gəlib. Onlar hər şeyi qara rəngdə görməyə öyrəşiblər. Amma şükürlər olsun, işıqlı, yaxşını pisdən ayırmağı bacaran kinoşünaslarımız az da olsa, var.

Yenə haşiyə: Mən yeni filmlərin televiziya ekranlarına yol tapa bilməməsinə görə narahatlığımı dilə gətirirəm. Bəlkə problem televiziya rəhbərlərindədir? Gözünüzün qabağına gətirin, görün, necə telekanalın rəhbəri yaradıcı şəxsdir? Gətirdinizmi? Onda razılaşın: yaradıcı şəxslərin bir-birinə qısqanclığı ismin halları qədər aşkar, vurma cədvəli sayaq dəqiqdir. Televiziya rəhbərinin kimdən xoşu gəlmirsə, nəinki onun filmini göstərməz, görüntüsünə də qadağa qoyar.

- Sizin fikrinizlə razı deyiləm. Bunu hər bir televiziyaya aid etmək olmaz. Televiziya sədrlərinin çoxunun bizə münasibəti yaxşıdır, onlarla əməkdaşlıq edirik. Bir-iki telekanal var ki, bizim filmləri göstərmirlər. Və ya göstərəndə də pulunu ödəmirlər. Telekanallarda peşəkarların az olması da problem yaradır. Bədii informasiya dövlətin strateji sahələrindəndir. Böyük dövlətlər bundan çox ciddi şəkildə istifadə edirlər. Bu sahə düzgün proqramlaşmalı və yaş səviyyəsinə görə filmlər nümayiş olunmalıdır.

- Televiziya pul ödəyib filmi almalıdır. Bəlkə problem məbləğin çoxluğundadır?

- Qətiyyən! Bir film üçün 70-80 manat pul tələb olunur. Sizcə bu, bir televiziya üçün böyük məbləğdir? Azərbaycan Dövlət Televiziyası və İctimai Televiziya bu işdə çox fəal iştirak edir. Təəssüf ki, bəzi kanallar ümumiyyətlə, filmləri qeyri-qanuni göstərirlər. Məhz buna görə yeni qanun layihəsinə milli kino vaxtı məsələsi əlavə olunub. Bu Avropa ölkələrində mövcuddur. Qanuni baza qurulmalı və özəl sahə, müstəqil kino inkişaf etməlidir.

- Kinostudiyanın təmiri məsələsini yenə soruşmaq istəyirəm...

- Bu məsələ gündəmdədir. Mən inanıram ki, kinostudiya tezliklə təmir olunacaq. Öz vəsaitimiz hesabına kinostudiyanın iki mərtəbəsində əsaslı olmasa da, müəyyən təmir işləri aparmışıq. Yeni zallarımızı bərpa etmişik, yeni montaj studiyaları yaratmışıq. Çəkiliş pavilyonlarımızı qismən də olsa bərpa etmişik. Əgər kinostudiyada əsaslı təmir və yenidənqurma işləri aparılarsa, texniki bazası yaradılarsa, dövlət vəsaitinə də qənaət edilər. Kinostudiya öz pavilyonu, texnikası, rekviziti ilə özü-özünə dəstək olacaq, eyni zamanda dövlət vəsaitinə də qənaət ediləcək.

- Təbii ki, sizdən “kommersiya filmlərinə baxırsınızmı?” sualını soruşmaq artıq olar...

- Bu gün kommersiya filmləri çox çəkilir, amma bu hal müvəqqətidir.

Ona görə ki, qeyri-peşəkarlıq varsa, zaman keçdikcə insanlar bu filmlərə baxmağa maraqlı olmayacaqlar. Çəkilən kommersiya filmlərindən ikisi-üçü ümidverici sayıla bilər. Bədii həll olmayan yerdə sənətdən danışmaq mümkün deyil.

- Həmin filmlərin keyfiyyətsiz alınmasının səbəblərindən biri də maliyyə azlığıdır. 70-80 min manata qorxu, 30-40 min manata komediya filmi çəkilirsə, məlumdur ki, keyfiyyət olmayacaq...

- Bir qisim rejissorlar deyirdilər, nazirlik bizə film çəkməyə imkan vermir, dövlət şərait yaratmır. Özlərini dahi rejissor, əvəzedilməz ssenarist hesab edirdilər. Onlar müstəqil şəkildə film çəkməyə başladılar və məlum oldu, potensialları çox aşağıdır. Peşəkar mühit başa düşdü ki, nə yaxşı onlar vaxtında film çəkməyiblər. Düzdür, həmin rejissorların arasında uğur qazananları da var və inanıram, bundan sonra da olacaq. Həmin filmlərin bir çoxunun çəkilişinə “Azərbaycanfilm” olaraq dəstək vermişik. Mən müstəqil kinonun inkişafının hər zaman tərəfdarı olmuşam və istedadlı, peşəkar hesab etdiyim insana əlimdən gələn köməkliyi etməyə hazıram.

# 1695 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #