Sevgi üstündə öldürülən qız – Orxan Fikrətoğlunun hekayəsi

Sevgi üstündə öldürülən qız – Orxan Fikrətoğlunun hekayəsi
18 aprel 2018
# 13:33

Kulis.az yazıçı Orxan Fikrətoğlunun “Mağaranın gülə baxışı” hekayəsini təqdim edir.

- Sən də sevgi dərmanı istəyirsən ?

Gülümsünüb “Bəli!”- dedi.

Əttar dükanındakı əczaçı qızın qorxudan gözləri yekələndi. Nə edəcəyini bilmədi. Çarəsizlikdən ağlamsındı. Əlini dükanın qarşısına yığılmış insanlara uzadıb: “Bu gün hamı məndən sevgi dərmanı istəyir. Axı belə bir dərman yoxdur!”- pıçıldadı.

Dükanın açıq qapılarından çölə çıxdı. İnsanların hirsi gün işığını da ürkütmüşdü. Qaralan göy üzü dərin quyu kimi dibsiz idi. İnsanların gözlərində ildırımlar oynaşırdı. Deyirdin dünya bu dəqiqə it kimi hürəcək. Dükanın qarşısına toplaşmış hirsli insanların baxışı sinəsinə güllə kimi dəydi. Aldığı yaradan səntirləsə də yıxılmadı. Əlini qan fışqıran sinəsinə sıxıb uca barının üstünə dırmandı. Gücünü toplayıb var səsiylə bağırdı. Çığırtısının arxasından illərdən bəri ürəyində çabalayan yarımçıq sözlər, cümlələr bir-bir boğazından çıxıb əttar dükanının qarşısına dağıldı. Gözü qanlı insanlar ayaq altında quş balası kimi civildəşə-civildəşə ora-bura hoppanan yarımcan sözlərdən üşəndilər. Mənası anlaşılmayan bu sözləri insanlar birinci dəfəydi ki, yerdə çabalayan görürdülər. Onlar heç zaman yaş asfalt üstə atılıb düşə-düşə can verən söz görməmişdilər. Nəhayət qurumuş boğazından diri sözlər də çıxdı:

- Sizə sevgi lazımdırsa arxamca gəlin!

O, irəlidə gedirdi. Arxasınca hirsli, kinli, gözü gördüyünü anlamayan, anladığını görməyən qatil insanlar gəlirdilər.

Gecə düşməmiş şəhərdən çıxıb kəndə çatdılar. Səhərə yaxın göy çayı adlayıb arana düşdülər. Aranın dağa qovuşduğu yerdə mağaranı gördülər. Özləri dayanmadı. Onları mağaranın gücü əylədi. Yola çıxandan hara getdiyini bilmirdi. Yol boyu dəyişən ovqatının, içini didən qorxusunun altında bir arxayınlıq əmələ gəlmişdi. Həmin arxayınlıq onu dayanmağa qoymurdu. Anlayırdı ki, arxasınca gətirdiyi hirsli insanlara vəd etdiyi sevgini verə bilməsə onu öldürəcəklər. Sevginin harda olduğunu isə bilmirdi. İnsanlara veriləcək sevginin üzünü belə görməmişdi. Necə olduğunu eşitməmişdi. Dilinin dinc durmaması da onluq deyildi. Elə bil içinə cin girmişdi. Əvəzinə danışırdı. Mağaranı görənə qədər insanlardan qorxurdu. Mağara ona ölümü və ölüm qorxusunu bircə anda unutdurdu. Axtardığı sevgi olsa-olsa bu mağarada olacaqdı. Bunu hiss edirdi. Onun özü də arxasınca gətirdiyi bu hirsli insanlar kimi neçə il idi sevgisiz yaşayırdı. O da bütün insanlar kimi qəddar və sevgisiz idi. Mağaranın mehri gözgörəsi içində sevgini artırsa da hələ sona qədər donu açılmamışdı. Onu mağaraya qədər gətirən gücün də nə güc olduğunu bilmirdi. Görəsən, bir şəhər insanı ikicə kəlmə sözü ilə bura qədər necə gətirmişdi? Axı nə baş verirdi? Görəsən insanların itirdiyi sevgini tapmaq mümkün olacaqdımı? Hara getdiyini bilmirdi. Atdığı addımı da elə bil özü atmırdı. Hansısa bir qüvvə içinə girib onu idarə edirdi.

Arxaya çevrilib insanların bozarmış saçlarına baxdı. Gözlərini qan tutmuş insanlar onu öldürməyə hazır idilər. Bir qığılcım bəs idi ki alışsınlar. Himə bənd idilər. Hay gözləyirdilər.

Mağaraya doğru qalxan cığırın ağına çıxıb insanlara səsləndi:

- Gün batana qədər sevginizin öldüyü anı xatırlayın, mən gülü dərib qayıdıram!

İnsanlar hirslə içlərinə cumanda gözlərini çıraq təkin yandırıb mağaraya tərəf qalxdı.

Gül mağaranın lap ağzında bitmişdi. Qıp-qırmızı, qan rəngindəydi. Güllə yarası təki ağrılıydı. Mağaranın nəfəsi gülü solmağa qoymurdu. Mağara gülə elə sevgiylə, mehrlə baxırdı ki, gül az qalırdı kəpənəyə çevrilib uça. Mağara gülə görə günəşi də batmağa qoymamışdı.

Yaxınlaşıb gülün dizi altında oturdu. Bir siqaret alışdırdı. Siqaret qoxusuna gül üzünü turşutdu. Yaxından baxdıqda adicə qızılgül idi. Nə bir qoxusu vardı, nə bir gözəlliyi.

Siqaretini çəkdikdən sonra ayağa qalxıb mağaraya girmək istədi. Kimsə onu sinəsindən geri itələdi. Səntirləyib dayandı. Gözlə görünməyən həmin güc onu üzü gülə tərəf çöndərdi. İndi gül gözünə daha qoxulu və daha gözəl görünürdü. Və o birdən-birə gülü anladı. Mənanı anlayan kimi də içi dəyişdi, işıqlandı. Hali oldu. Arif oldu. Gözü gördüyünü içi sevə bildi. Kini, nifrəti yox oldu. Göz kimi duruldu. Dünyaya mağaranın gözü ilə baxmaq gərək imiş. İnsan baxış imiş. Murdarlığa belə sevən gözlə baxsan gözəl olduğunu görəcəksən. Dünyada nə varsa tanrı baxışında gözəldir. Onu bura qədər dartıb gətirən mağara sən demə tanrının baxışı imiş. Gülün gözəlliyi başını elə qatdı ki, günün getdiyini görmədi.

Gecə yenə ona qorxu gətirdi. Mağaranın baxışı qaranlıq altında qalmışdı. Görünmürdü. Əgər sevgi yalnız güləydisə o, aranda qalmış hirsli insanlara bu gülü necə dərib aparacaqdı? Gül dağdan arana düşənə qədər solacaqdı. İnsanlar ona inanıb mağaraya doğru qalxacaqdılarmı? Aranda qalmış o hirsli, kinli, qatil insanlara mağaranın baxışını necə anladacaqdı? Onlar bu baxışı anlayacaqdılarmı? Gülü mağaranın gözü ilə görüb onun qədər sevə biləcəkdilərmi?

Qəfil anladı ki sevgi insanın ətrafında deyil, baxışındadır. Sevgi daxilin baxılanla təmasıdır. Ən iyrənc canlıya, ən qanlı hadisəyə belə sevgi ilə baxsan onu sevəcəksən. Baxış içindəki vəziyyətin, tarazlığın baxılana verdiyi qiymətidir. Sevgi yoxu var eləməkdir. Olmayanı olundurmaqdır. Sevgi mağaranın gülə baxışıdır.

Səhər dağdan aşağı hirsli insanlara tərəf enirdi. İçinin sevgisi üzünə çıxmışdı. Qəfil əlində tutduğu gülə çevrildi. Özü öz qoxusundan bayılıb çəmənliyə düşdü. Çox keçmədi ona doğru qaçan əliqılınclı hirsli insanları gördü. Deyəsən onlar sevgilərinin itdiyi anı xatırlaya bilməmişdilər.

Onu gül kimi deyil, insan kimi görüb üstünə cumdular. Əllərindəki qılıncları qarnına soxub: “Bizi nəyə görə aldatdın. Bəs hanı vəd etdiyin sevgi?” - deyə bağırdılar.

Gül kimi canı qanına bulaşa-bulaşa sakitcə dayanmışdı. Sevgi ilə hirsli insanların üzünə baxırdı. Onlar onu öldürdüyü anda da gözəl və sevimli idilər. O, qılıncla qanını axıtmış bu hirsli insanları ürəkdən sevirdi. Ona görə sevirdi ki, mağaranın baxışında güldən savayı heç nə yox idi. Ona görə sevirdi ki hamını, hətta onu öldürən insanları belə gül kimi görürdü.

# 1217 dəfə oxunub

Müəllifin son yazıları

# # #