Beş nəfərə bir qız sevməyimiz – Eldəniz Vəliyev yazır...

 Beş nəfərə bir qız sevməyimiz – <span style="color:red;">Eldəniz Vəliyev yazır...
20 dekabr 2017
# 15:16

Mən kəndimi yaxşı tanıyıram. "Qızılkənd"in hər cığırına, izinə yaxşı bələdəm və onu çox sevirəm! Hər gedəndə KƏNDİMƏ gəlirəm...

Uşaqlığım, ilk addımlarım, ilk dostlarım, ilk sevgilərim (hər dəfə elə bilirdim indiyə qədərkilər sevgi deyilmiş) KƏNDİMƏ aid xatirələrimdi.

Uzun illərdir Bakıda yaşasam da, hər zaman özümü bu şəhərə yad hiss eləmişəm. Elə adamlarını da...

Hər kəndə gedəndə, mənə bu şəhərin adamlarından bir köynək yaxın olan sinif yoldaşlarımdan kənddə qalanlarla görüşürəm. Uşaqlıq xatirələrimizdən, beş nəfərə bir qızı sevməyimizdən, müəllimlərin başına açdığımız oyunlardan danışıb, uğunub gedirik.

Hər dəfə bu xatirələri birinci dəfəymiş kimi danışırıq. O qədər safdırlar ki, məni bicləşdirən bu şəhəri həm də niyə sevmədiyimin fərqində oluram...

Şikar adlı bir sinif yoldaşım var. Cüssə və imkan baxımından çoxumuzdan geridə qalırdı. Amma o, elə həmən çoxluqdan daha ürəkli idi. Bir gün məlum oldu ki, mən adamın gözündə təkəbbürlünün biriymişəm.

Səbəb bu olub ki, guya mən binəva bəyənib adamın çörəyini kəsmirəm. Hər gedəndə müəyyən xərcləri mənim qarşılamağım dostumuzu incidirmiş. Bir şərtlə barışdı mənimlə. Dedi: “Evdə İKİ qazımız var. Birini gətirib verəcəm kəndimizin girişindəki kafenin sahibi Sadaya. Kabab məndən, içkilər səndən”. Razılaşdıq. Bir neçə sinif yoldaşımızla birgə gözəl bir gün keçirdik!

Ertəsi gün qayıtdım, zəhləm getmiş şəhərə. Üç gün sonra bir xəbər eşitdim - "Kimsə üç gün əvvəl, günün günorta çağı Şikarın İKİ qazından birini oğurlayıb". Bütün günü elə hey öskürdüm. Elə bil qazın sümüyü boğazımda qalmışdı...

# 1120 dəfə oxunub

Müəllifin son yazıları

# # #