Yalanı ancaq nağıllarda danışmalı - “İnternat ədəbiyyatı”

Yalanı ancaq nağıllarda danışmalı - “İnternat ədəbiyyatı”
6 aprel 2017
# 14:30

Kulis.az “İnternat ədəbiyyatı” layihəsində 2 saylı internat məktəbinin VI sinif şagirdləri Eynur və Salehin birlikdə yazdığı nağılı yayımlayır. Layihənin rəhbəri Vüsalə Məmmədova, redaktoru Sevinc Elsevərdir.

LAYİHƏ: “İnternat ədəbiyyatı”

Bir neçə aydır ki, yazar Sevinc Elsevərlə baş-başa verib, həftə sonumuzu fərqli keçirməyə qərar vermişdik. “Ədəbiyyat saatı” layihəsi çərçivəsində internat məktəblərində uşaqlarla birlikdə kitab oxuyur, müzakirə edir, bəzənsə, xəyallarımızı sözə çevirməyə, öz düşüncələrimizi yazmağa cəhd edirdik. Qısa müddətdə uşaqlar öz dünyalarının qapılarını bizə açdılar... Onların balaca və kimsəsiz ürəklərindəki bütün dünyanı sevəcək qədər sevgiyə, qollarındakı bəşəriyyəti qucaqlayacaq qədər gücə heyran olduq. Çiyinlərində yük kimi daşıdıqları talelərinə baş əyərək, keçmişlərinə mərhəmətlə boylanan bu balacalardan öyrənəcək o qədər şey var ki...

Elə buna görə də görüşlərimiz boyu uşaqların yazdığı nağıl və hekayələri “İnternat ədəbiyyatı” altında Sizə təqdim etmək qərarına gəldik. Sizi internat uşaqlarının dünyasına dəvət edirik...

Vüsalə Məmmədova

Heyvanların həyatı

Biri var idi, biri yox idi, bir kirpi var idi. O, çox tənha idi. Bir gün yol gedərkən öz-özünə dedi: “Mən çox tənhayam. Kimsə mənimlə dost olsaydı, çox şad olardım”. Bu sözləri deyib kirpi ağlamağa başladı. Bu vaxt onun qarşısına bir meymun çıxdı və dedi:

- Niyə ağlayırsan?

Kirpi cavab verdi:

- Çünki çox tənhayam.

- Elə mən də tənhayam, - meymun dedi.

Bundan sonra kirpi ilə meymun bir-birindən ayrılmadılar. Gəzə-gəzə gəlib bir yerə çıxdılar. Gördülər ki, burda ilan, qurbağa və tülkü gizlənpaç oynayırlar. Kirpi ilə meymunun da oyuna qoşulmasına razılıq verdilər. Axşama qədər oynadılar. Kirpi o qədər o tərəf-bu tərəfə qaçdı ki, xəstələndi. Dostları səhər bundan xəbər tutdular və hamısı yığılıb dərman düzəltdilər. Həmin dərmanı da götürüb kirpinin yanına yollandılar. Kirpi sağalıb ayağa qalxdı.

Dostlar kirpinin yanından qayıdanda gördülər ki, bir canavar bir dovşanı qovur. Dovşana işarə elədilər ki, yaxınlıqdakı çuxura tərəf qaçsın. Onlar çuxurun üstünü ot-ələflə örtmüşdülər ki, bəd ayaqda onlara sığınacaq olsun. Dovşan çuxurun üstündən hoppanıb keçir. Amma canavar çuxura düşüb orda qalır. Dovşan dostlara minnətdarlıq edib, onlardan ayrılır.

Bir gün də dostlar necə olursa, qorxunc bir cadugərin əlinə düşürlər. Onu xilas eləyən dostların cadugər əlində olduğunu eşidən dovşan gizlincə cadugərin komasına gəlir və açarı tapıb qapını açır, hamısını azadlığa buraxır.

Kirpi həmin günün axşamı öz yatağına girəndə belə deyirdi: “Tənhalıq deyilən bir şey yoxdu!”

Bir gün də keçdi. Saraydan xəbər gəldi ki, hamının savadı yoxlanacaq. Kim çox savadlıdırsa, ona var-dövlət veriləcək. Dostlar yenə bir yerə toplaşıb saraya üz tutdular. Az getdilər, çox getdilər gəlib saraya yetişdilər. Aslan kralın yanında öz biliklərini nümayiş elətdirib hədiyyələr aldılar. Aslan kralın sarayından dostlar var-dövlət içində qayıtdılar.

Heyvanlar onlardan soruşanda ki, var-dövləti necə qazandınız, hamısı deyirdi ki, mən elə əvvəldən varlı idim. Təkcə kirpi həqiqəti deyirdi.

Dostlar, sağ olun ki, nağılımı oxudunuz. Bu nağılda mən çoxlu yalan dedim. Yalanı ancaq nağıllarda danışmaq olar. Gerçək həyatda isə yalan danışmayın!

Layihənin əvvəlki yazıları:

“Bacım atamın qucağında öldü”

“Paxıllıqdan saralan güllər”

Başını daşla yaran dostu bağışlamaq

Öz payın aparmağa uşaqlar düzülürlər

# 960 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #