Yataqda kitab paylaşan sevgililər – Sevincdən YENİ ŞEİRLƏR

Yataqda kitab paylaşan sevgililər – Sevincdən YENİ ŞEİRLƏR
10 oktyabr 2016
# 13:10

Kulis.Az Sevinc Elsevərin yeni şeirlərini təqdim edir.

sevgidən bəhs edən romanları

yığır indi ərlə-arvad

yataqlarının çoxdandı sınmış ayağının yerinə

o kitablardan öyrənmişdilər sevməyi

o kitablar dayaq durur sevgilərinə yenə...

***

təkcə filmlərdə zamanı ölçmək üçün

kullanmırlar uşaqları

epizodik rollarda

gerçək həyatda da

elə göz qırpımında keçir uşaqlıq

uşaqlarının boy-buxunu ilə ölçür ömrü-günü

analar-atalar...

dünən körpə olan

saçlarına ağ lent bağlayan qızın

toyuna dəvət alanda

öz yaşlarından xəbər tutur adamlar...

təkcə gələcəyi olmur uşaqlar adamların

həm də keçmişi olur o zaman...

xəyallarında çoxdan böyümüş bir uşağı canlandırırlar tez-tez...

***

atasının əllərindəki

sürüşkən və iri qabarlardan

başqa oyuncağı olmayan uşaq

sığal çəkdikcə o qabarlara balaca

yumşaq əlləriylə

unudur yorğunluğunu ata hər axşam...

bir-birinə sevgilərini

o qabarlar vasitəsilə

izhar etdiklərini

sözsüz də anlayır hər ikisi...

Sarı inək

bıçaq sümüyə dayananda

Sarı inəyin kəsilməsinə razı oldu

Sara

üzünü çevirdi

gözünü yumdu

əri inəyi kəsəndə

kəsdilər, soydular, doğradılar...

ət oldu Sarı inək

sümüklü və çəkilməli deyə

iki hissəyə ayrılan ət

ət maşınını işə saldı Sara

ət maşınından keçirim

uşaqlara dolma büküm dedi

nə vaxtdı yemirlər dedi...

ətin hər sabah əlləriylə

tüklərini sığalladığı

sevdiyi, əzizlədiyi Sarı olduğunu unutmuşdu ki

sarı bir tük sataşdı gözünə

ət tikələrindən birinin üstündə

Sarı bir tük buraxmışdı

sanki Sara dara düşəndə

yandırıb çağırsın onu

gözlərindən yanaqlarına iki damla yaş axdı

nəvəsi onu səsləyənədək

mətbəxin pəncərəsindən

Sarı inəyin otladığı çöllərə

baxdı, baxdı, baxdı.....

Qızım böyüyür...

hələ beşinci sinifdə oxuyan

qızımın

gündəliyi keçir əlimə

kitab şkafında

dəftəri açmaqdan saxlaya bilmirəm özümü

baxıram belədi ilk cümləsi:

“Bu dəftərə heç kim toxuna bilməz! Ancaq özüm”...

dəhşətli kədər bürüyür məni

gözlərim dolur hətta

qızıma toxunmağı qadağan edirlər sanki mənə...

əlimdə tutduğum balaca bəzəkli dəftərdədi

qızımın ürəyi

düşüncələri

amma toxunmaq yasaq mənə

hələ dünən

beşiyinin üstünə əyildiyim körpəmə...

böyüyür qızım

daha ətəklərimə sarılıb

budlarımı qucaqlayan o balaca çocuq deyil...

indi qızımı onun istədiyi kimi sevməliyəm

sevgi vərdişimdə yenilik eləməli

əl gəzdirməliyəm hisslərimə

elə çətin gəlir ki

bir də

hardan, necə başlamaq lazımdı bilmirəm...

Şəhid əmisi olmaq

televizorda

şəhid atasından çox

şəhid əmisi qürurla danışırdı

yoxdu atanın gözlərindəki uçurum

əminin gözlərində

şəhid əmisi olmaq daha asandı

şəhid atası olmaqdan

ilk dəfə bu qədər diqqət yönəlmişdi

şəhid əmisi olan adamın üzərinə

qardaşoğlu ilə qürur duyacaqdı

hər yerdə və hər zaman

adamların arasında

başını daha dik tutacaqdı şəhid əmisi

gündən-günə beli əyiləcəkdi

şəhid atasının...

***

qadının yuxuya getməzdən qabaq

yastığının kənarında

özüylə yatırtdığı kitabı

bir az da qısqanclıqla götürüb

kənara qoydu kişi

kitabın arxasında

gülümsəyən gənc kişinin üzünə

qaşlarını çataraq baxdı xeyli...

eyni şəhəri

eyni qadını

eyni yatağı paylaşırdılar indi...

***

əziz ana, mən hər nə qədər

unutqan olsam da

gün boyu

göbəyimlə üz-üzə gəlirəm

bir neçə dəfə...

o mənə xatırladır səni

sənin bətnində keçən günlərimi...

sanki möhürlə vurmusan

bədənimin ortasına

dünyaya gəliş iznimi

o indi yeganə xatirədi

bətnində yaşadığım həyatdan

Məktub

mənə məktub yox

pul göndərirsən uzaqlardan

mən sənə elə hey

uşaqların ehtiyaclarından danışıram

qısa telefon danışıqlarında

öz ehtiyaclarımı unuduram

sən mənim havamsan

suyumsan deyirdim

əlini bir dəfə tutmaq üçün

dünyanın ta o başına gəlirdim

(sən də eləcə)

darıxardıq

axşam görüşlərindən sonra

öpüşlərimizin dadı

damağımızdan getməmiş

bir ömür boyu iç-içə

bərabər olaq deyə

evləndik biz

heç ayrılmamaq üçün

indi mənə məktub yox

pul göndərirsən uzaqlardan

sanki başqa bir ehtiyacım yoxmuş kimi sənə...

mən sənə elə hey

uşaqların ehtiyaclarından danışıram

qısa telefon danışıqlarında

sanki başqa bir ehtiyacın yoxmuş kimi mənə

# 1095 dəfə oxunub

Müəllifin son yazıları

# # #