Başdaşım üstə yazın ki... – Eyyub Qiyasın zindan şeirləri

Başdaşım üstə yazın ki... – <span style="color:red;">Eyyub Qiyasın zindan şeirləri
2 may 2016
# 16:25

Kulis.az Eyyub Qiyasın “Zindan şeirləri"ni təqdim edir.

1999-2001-ci illər arasında yazdığım bu şeirlər ən çətin günlərimdə, ən ümidsiz günlərimdə mənə yoldaş olub. Dəli olmamaq üçün, həyatdan bezməmək üçün, bəzən isə intihar etməmək üçün üzümü bu şeirlərə tutmuşam. Bu şeirlərin hər birində mənim hisslərim var. Heç bir kitabıma daxil etmədiyim bu şeirləri 15 il dəftərimdə saxlamaqla sadəcə onlara yox, elə yaşadığım hisslərə, keçirdiyim o acı anlara da xəyanət etdiyimi düşünürdüm. Özüm zindandan çıxsam da, mənə elə gəlirdi ki, şeirlərim hələ də zindandadır və onlara bu hökmü mən özüm çıxarmışam.

Əyyub Qiyas

***

Bu baş bu çiynə yük olub

durub bir edam gözləyir.

Baltalar sahib axtarır,

kəndirlər adam gözləyir.


Dağılıb ocaq, yurd-yuva,

salıb bizi qovhaqova,

hardasa yol azıb Həvva,

yolunu Adəm gözləyir.


Çörək yavan, loxma acı,

tükənib haqqın əlacı...

qəbirlər qapısın açıb

qurbanlıq bədən gözləyir...

***

Burda yağışlar yağır,

yuyur səssiz ruhları.

Burda yağışlar yağır,

yuyammır günahları.


Burda buludlar sarı,

dünyanın üzü bozdur.

Yağışlar yağsa belə

hər tərəf yenə tozdur.


Bura ölümə yaxın,

ömürdən qəlbi yerdi.

Burda adamlar deyil

divarlar yeriyirdi…


***

Dünya bir şirin nağıldı,

yaşayıb kef eyləyirik

Bir azca düz danışanda,

bir az da gop eyləyirik.


Yeyib şirin noğulları,

itiririk ağılları,

div çökdürən oğulları

öldürüb dəfn eyləyirik.


Axtarırlar bizi bizdə,

çox vaxt çıxmır səsimiz də...

özümüz öz evimizdə

yol azıb səhv eyləyirik.

***

Kim vurdu buna qıfılı,

kim asdı bunu qapıya?

Dərdə şərik, şərə ortaq

sevincə günü qapıya...


Bir üzü boz, biri qara,

döyərsəm, açılar hara?

Bəlkə də üzü divara...

bəlkə də yeni qapıya...


Yarı dəmir, yarı taxta,

gönü qalın, üzü saxta...

Tüpürüm beləcə baxta,

ömrümün sonu qapıya!


***

Ruhumuz cana dustaqdır,

Yaşayırıq can üstündə.

Əlimiz qana bulaşır,

Yenə nahaq qan üstündə.


Yenə sehrli lampalar

Dənizin dibindən çıxır.

Yenə halalca haqqımız

Kiminsə cibindən çıxır.


Çırpırıq üst-başımızı

Əlimizdən daş tökülür.

Başımızdan yenə də tük,

Gözümüzdən yaş tökülür.


Yenə də o köhnə hamam,

İçində nə var - bilmirik.

Görəsən saat neçədir?

Saat kimdə var? –Bilmirik!!!

***

Başıma hava gəldikcə,

Deyəsən dəli oluram.

Bir az ağıllı olanda,

Bir az gülməli oluram.


Kimsə baxıb gülür mənə,

Kiminsə yazığı gəlir.

Bəndələri lağ eyləyir,

Allahın acığı gəlir.


Ağlımdan gəlib keçənlər

Qəbrimin yanından keçir.

Kimsə bezib uzaq düşür,

Kim isə canından keçir.


Hərdən Allaha baxanda

Gözlərində qəm görürəm.

Mələklərin qucağında

Bəndələri dəm görürəm.


Yenə gözlərim önündə

Dostlarım düşmənim olur.

Yenə də zaman fırlanır,

Ömrümüzə qənim olur.


Yenə başımız aşağı,

Saçımız sığallı gəzir.

Bizi görən çaşıb deyir:

- Dəlilər… ağıllı gəzir.

***

Dünya bir yekə dükandı,

Tükəndi, səbrim tükəndi.

Dörd yanım qaratikandı,

Gəzirəm, dizimə batır.


Qəbrim ki var, qumdu, daşdı,

Ruhum canıma daraşdı,

Tanrım məni görüb çaşdı...

Gözləri gözümə batır.


Yansa göydəki çıraqlar,

Buludlar dərdimə ağlar.

Göylərə atdığım oxlar,

Qayıdıb özümə batır.

***

Arada dəli oluram,

özümdən acığım gəlir.

Görüb ağlı daşanları

çoxuna yazığım gəlir.


Arada başım ağrayır,

gülürəm – içi boş deyil.

Dünyanın heç bir ağrısı

dəlilərə tanış deyil.


Kimlərsə yığır içinə

dünyanın dərdi-sərini.

Allah da yaxşı tanıyır

yerdəki dəlilərini.


Dünyada Allahdan başqa

hamı onlara yad olur.

Ağıllılar qolu bağlı,

dəlilərsə, azad olur.

***

Bu qəbir niyə boş qalıb,

Hanı yerin adamları?

Kişilər aradan çıxıb,

Ancaq qalıb qadınları...

Bu qədər adam içində,

Bir gün bir kişi çıxacaq.

Hərənin neçə zibili,

Neçə pis işi çıxacaq.

Kimsə yerindən dinəcək:

“Ta bəsdir, hesab vaxtıdır.

Haram yeyən dirilərin

Daha qan qusan vaxtıdır.”

Kimsə günahın yuyanda,

özü də kirə çıxacaq.

Dirilər ölüb gedəcək,

Ölülər diri çıxacaq.

İndi gözünü döyənlər,

Onda sözünü deyəcək.

Yalan işə keçməyəcək,

Hamı düzünü deyəcək.

***

Dünya dəlilər üçündür,

Bizim burda yerimiz yox.

Asılmalı boğazımız,

soyulmalı dərimiz yox.

Gəl biz də verək əl-ələ,

Üz tutub harasa gedək.

Ya bir kimsəsiz adaya,

ya uçub Marsa gedək.

Belə getsə iş qəlizdir,

Yarı yolda qalacağıq.

Ağıllı olmaqdan keçib,

Olsaq, dəli olacağıq.

***

Axı mən dəli oluram,

Ağlım başıma sığışmır.

Deyəsən əldən gedirəm,

Heç nə huşuma sığışmır.

Gülüşüm ölüm əvəzi

Ömrümə ağı oxuyur.

Qəfil ölüm axtarıram,

üzümə nağıl oxuyur.

Dilim fikrimlə çəp düşür,

Sözlərim baş-ayaq qalır.

Gecələr yuxum qarışır,

Fikirlərim oyaq qalır.

Burda qapıdan o yana,

Dünyanın çirkli üzü var.

Yanımızda həm canavar,

Həm də ki, əmlik quzu var.

İstəsən gəl, qoşul mənə,

Gəl, birlikdə dəli olaq.

Ya da hər şeyə tüpürüb

Dünyadan getməli olaq.

***

Ömrüm qaranquş yuvası

Bir daşa bənddir – dağıla.

Daş atma, atam balası,

Daş atma, yuvam dağılar.

Mənim payızım gələndə

Onsuz da çıxıb gedəcəm.

Sən mənə getmə desən də,

Yuvama baxıb gedəcəm.

Əlində daş tutan oğlan,

De, bilim günahım nəymiş.

Arxamca daş atan oğlan,

Daşın mənə dəyəcəkmiş.

Dünya şirin, yollar uzun,

Bir az yubandım deyəsən.

Mən baharda qayıdacam,

Sən bir bahar böyüyəsən.

***

Elə mən də çoxu kimi

Yolunu gözləyəmmədim.

Sən məni sevib apardın,

Sevgini gizləyəmmədin...

Salam, ölümüm mənim.

Ürəyimdən çox keçmisən,

Köməyimə çatmamısan.

Mən səni gözləyən zaman

Mənə əl uzatmamısan...

Salam, ölümüm mənim.

Gün olub tutub başımı,

Sənə tez ol, gəl, demişəm.

Atıb bu ömrün daşını

Adına əcəl demişəm...

Salam, ölümüm mənim.

Hələ bilmirəm nəçisən,

Gəlişin nədir, niyədir.

İşində ol, vaxsız ölüm,

Canım sənin əlindədir...

Salam, ölümüm mənim.

Ver əlini, geciksən də

Mən daha qalan deyiləm.

Mənə doğma gözlə baxma,

Mən sənin balan deyiləm...

Salam, ölümüm mənim.

Bir gün çıxıb gedəcəyik,

Onsuz da tezi-geci var.

Gəlmisənsə, boş qayıtma,

Gedəndə məni də apar...

Salam, ölümüm mənim.

***

Ölərəm xəbərim olmaz

Bunu mənə kim söyləyər.

Bəlkə anam, ya sevgilim,

Bəlkə də həkim söyləyər.

Eşidib ağı səsini

Çaşıb qalaram bəlkə də.

Mən qatarla, uçaqla yox

Ölüb gedərəm ölkədən.

İynəsiz, sapsız biçilən

Bəyaz bir paltar geyərəm.

Bəlkə ilk dəfə ömrümdə

Paltarımı dar geyərəm.

...Mənə uzanan əllərin

Salamın ala bilmədim.

Ömürdən aldığım buymuş,

Qalanın ala bilmədim.

Gözündə qaldım bir qızın,

Qəlbinə keçə bilmədim.

Üstümə torpaq atmadı,

Qəbrimə köçə bilmədim.

Başdaşım üstə yazın ki,

O qız mənə yar olmasın.

Qəbrimi yekə qazın ki,

Sonra yerim dar olmasın...

***

Həbsxananın karserində Sabir Yusifoğlunun

“168 saat” qəzetində çap olunan bir qucaq

şeirini görəndə kövrəldim...

“Mənə bir məktub göndər,

Bilim ki, ölməmişəm...”

Bilim ki, xatirində

Hələ mənim yerim var.

Daha ümid qalmayıb

Şirin sözə, gülüşə.

Hələ də ürəyimi

Sıxır mənim dörd divar.

“Mənə bir məktub göndər...”

İçinə bir kəlmə yaz.

Qoy ötüşən günlərin

Qızınım istisinə.

Başın qarışıqdısa

Heç yanıma gəlmə, yaz.

Mənə yaz xoş sözləri,

Lap göndər özgəsinə.

Nə vaxtdır ki, əllərim,

Dost əlini sıxmayır.

Bu dünyanın kədəri-

Qəmi imiş yoldaşım.

O günlər xatirətək

Yaddaşımdan çıxmayır.

Ürək məzarlıq imiş,

Xatirələr baş daşı.

Nə bilim nə olacaq,

Bu dünyanın üzü boz.

Mən bunu yazıram ki,

Qayıdasan keçmişə.

Unutqanlıq pis işdir,

Otur, mənə məktub yaz.

Yaz ki, mən də inanım,

Bilim ki, ölməmişəm...

***

Göy üzüdür yerin altı,

Ölürük göyə çıxmağa.

Hər doğulanla doğulub

Torpağa yiyə çıxmağa.

Tanrı bağlayıb qapısın,

Yəqin ki, boş yeri yoxdur.

Biz də ölüb gedəcəyik,

Yaşamağın xeyri yoxdur.

Tanrım, bizi bağışla ki,

Sənin yolundan keçirik.

Biz içkini tərgidəli

İçəndə tək and içirik.

# 1774 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #