Oğlanlar sevdikləri ilə şəkil çəkdirib...

Oğlanlar sevdikləri ilə şəkil çəkdirib...
10 sentyabr 2013
# 13:46

Kulis.az şair Qəşəm Nəcəfzadənin yeni şeirlərini təqdim edir.

Şəkil

Adam yaxınlarda yox,

Uzaqlarda şəkil çəkdirər.

Məsələn, əsgərlikdə,

Ya da 1-ci ildə...

Ya yıxılan halda

Ya qaçan vaxtı

Ya da gülən vəziyyətdə şəkil...

Elə bir şəkil ki, min il oxunub qurtara bilməsin.

Partiya biletlərnin şəklilləri sahiblərinə bənzəmirlər

Çünki onlar həyatlarında yalnız bircə dəfə o cür dayanırlar

Heç uşaqlar da tanımaz atalarını.

Partiya sədrlərinə bir təklifim var

Atalar övladları ilə

Oğlanlar sevdikləri ilə

Babalar nəvələri ilə

Şəkil çəkdirib

Vursunlar biletin birinci səhifəsinə.

Çıxıb getmək istəyirəm

Şəkil çəkdirdiyim yerə

Şəkil çəkdirdiyim aya,

Şəkil çəkdirdiyim ilə.

Onsuzda çəkdirdiyimiz bütün şəkillər bir azdan uzaq olacaq

Elə bir uzaq ki, ora hələ gedib çata bilməmişik!

Həyatım haqqında bir neçə kəlmə

Cibimdəki sənədləri metro qatarlarının təkərlərinin altına tullayıb

Gedib bir çiçəyin ləçəklərinin altında ağlamaq istəyirəm,

Qoymurlar,

Deyirlər, çiçəyi biz əkmişik.

Başımı götürüb Bakının ən ucqar kəndlərinin birində

Balaca bir koma tikmək istəyirəm

Qovurlar

Deyirlər, torpağı biz yaratmışıq.

Dənizdən balıq tutmaq istəyirəm

Hasar çəkirlər

Çimmək istəyirəm

Pul istəyirlər

Deyirlər dəniz bizimdi...

Meşədə kölgəni də satırlar...

Deyirlər bizim ağacın kölgəsidir.

İmkanları olsa havanı da balonlara doldurub satarlar

Bir dəfə nəfəs almaq 10 qəpik...

Körpələr 5 qəpik

Qocalar 3 qəpik...

Şəhid uşaqları 18 yaşına qədər pulsuz...

Allahım,

Mənə çiçək ver

Mənə meşə ver

Mənə dəniz ver

Mənə ev ver

Mənə hava ver....

# 2006 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #