Xoşbəxt olmasan, başına oyun açacam! – Romandan Parça

Xoşbəxt olmasan, başına oyun açacam! – <span style="color:red;">Romandan Parça
10 aprel 2018
# 11:54

Kulis.az yazıçı Qurban Yaquboğlunun “Mən yoxam” romanından bir parçanı təqdim edir.

Nəsə soruşacağımdan duyuq düşmüş bir atlı atını yorğa yerişlə üzü mənə sarı çapdı, yanımda atı yavaşıtdı, gözünü ağzıma dikdi; 15-16 yaşlı yeniyetmə oğlana tamaşa eləyə-eləyə bu yaşda olmaq keçdi ürəyimdən, amma ondan su istədim.

– Çıx bu nohurun bəndi üstə, – qırmancının dəstəyini qabağa uzatdı, – ordan bulaq görünəcək.

O çapdı, mən bəndə çıxıb yoxladım. Bulaq məktəbin arxasında, həmişəki yerindədi. İkigöz bulağın aşağı kəlləsində, hörülü daşa yüyəni ilişdirilmiş atın belindən iki 20 litrlik konistri bir kişi açıb yerə qoyurdu – onları doldurub təzədən atın belinə qaldıracaqdı. Qoşa bulağın daşları üstündən bir oğlan uşağı ayağını aşağı sallamışdı.

Bulağı görəndə kövrəldim. Özü də gendən görəndə – içimdə gölməçələnmiş gözyaşı axıb suya qovuşmaqçün gilələndi, sonra da axmaq istədi. Dodağımı bulağın gözünə tutmamış əlimi suya toxundurdum, salamlaşdıq. Heç vaxt bilməmişəm bulaqda bir gözün suyu o birisindən fərqlidi, yoxsa yox. Amma bulağın sağ gözündən dağlar, dağların ətəyinə səpələnmiş kənd apaydın, amma nə fayda, həm də daha qüssəli görünürdü.

Kişinin sinəsi doluydu, onun da söhbəti, elə bil, özü özünə axıb tökülürdü:

– Məktəbə də getmək istəmir, a başına dönüm. – Daşın üstündə bir əlinə söykənib yanpörtü oturmuş oğlanı göstərdi: – Kitaba-dəftərə yaxın durmur. Görən-görən nəvəm bilir, amma nəvə hayandadı, oğlumdu! Üç il qabaq arandan yaylağa köçəndə dərədə anasına qəfil azar dəydi. Bədbəxtin qızı kinə atmadı, iynə vurdurmadı, ayıb olmasın, həkim qabağında soyunmadı, xəstəxana qapısı tanımadı. Yalxıca öldü. Qəfil azar şələsinə qoyub apardı. O-bu, ayrı durmur qancığın oğlu, aranda, yaylaqda, evdə, tövlədə yapışıb durub məndən. Görəcəyə düşmüşəm, mənimllə yatır, mənimlə durur. Allah amandı! Çörək yeyirəm, çörək yeyir, azarlayıram, azarlayır, öskürürəm, öskürür, siqaret çəkməyi də məndən öyrəndi. Daha nə qaldı?..

Kişi damağındakı siqareti axara atıb, konistri bulağın gözünə tutdu.

– Dədə, papirosun var?

– Gördün, bax, gördün? Qorxuram yaşaya, yaşaya, mən öləndə də mənimlə ölə. Bundan üşənirəm. Gəl, apar, indicə mağazadan almadıq papirosu, ay Allahın siçovulu? Dədə, siqaretin var? Dədənin zəqqumu var!

Ancaq kişi siqaret qutusunu özü apardı verdi:

– Qoy cibinə. Dəng eləmə məni, görürsən kişiylə bir ümman söhbətim var. Üçüncü arvaddan olan oğlumdu. Birinci arvad tələsgənidi, elə o cür də tez-tələsik iki uşaq doğdu-öldü, sonra birini alıb apardım aran yerindən, düz sarımadı mənimlə. Həzzim tutmadı, tənbəlidi, ərincəyidi, yaylağa çıxanda aran tərəfə baxıb oxuyurdu. Qatıb qabağıma tatarı qırmanca, gərməşoya tutdurdum, xeyri olmadı, budunda-kürəyində ağac, qırmanc qaraldan yerlər ağarıb itən kimi oldu həmin. Həmin-həmin, Məmmədəmin.

Amma məni yaman istəyirdi, nəhidi, “getmirəm” dedi. “And olsun yaradanımıza, – dedim, – səni dərədə selə itələyib yox eləyərəm, başını əkərəm, bir ədilli-bəndə xəbər tutmaz”. Kim kimin dərdini bilir, adamı didərgin salan, yoxa çıxaran gizli azarı kimə açmaq olur?!

Sifəti kiçik bacıma oxşayırdı. Oxşamazdı, saxlayardım.

Alanda qaranlığa düşmüşdü, fikir verməmişdim; təsadüf hardan ağla gəlsin? Gecə yanına uzana bilmirdim, baxırdım... Lənət sənə, ay arvad! Dedim əh!.. Qorxutdum, qorxmasaydı, bacıma oxşasa da, sel aşağı axıdacaqdım, sürhəsürlə aram yoxdu, uzun hadisələrə səbrim bir yana, vaxtım var bəyəm? Pis işdən, əclaf əməldən çəkinən adam deyiləm. Doğub-törəməmiş yola saldım, it kimi azdırdım, qoy getsin o yana.

Bu yetimin anası... Hə, o başqa... Başqa-başqadı!

Gözüm dağ kəndində tutdu alagöz köpəyin qızını, vuruldum rəhmətliyə, iri sinəsi vardı, yaşım otuz beşi keçəkeçdə, qadın nədi hələ indi bilirdim, xəlvət alış-veriş elədik. Demə, deyikliymiş, demə, məndən əvvəl çox şeylər olubmuş, cəhənnəmə, finnar sağara... Biləndə çox hoqqadan çıxmışdıq, daha geri duraram? Elə ki havalar soyudu, elə ki arana dönən vaxt çatdı, aldım atın tərkinə, sürdüm üzüaşağı. Təpə kimi gəlinidi. İyirmi beş il yaşadıq. İncəvara, uzağa-irağa baxan, oxuyan-mırıldanan deyildi.

Gərək ölməyəydi köpəyin qızı, bircə öləndə çəp getdi qıçı sınmış. Sürünü yaylaqdan endirmişik, odey, o dərədə binə salıb gözümüzü zilləmişik göyə, damcı gözləyirik. Görək nə vaxt yağış yağır. Tərkimdə uşaq bayaq dərədən enəndə beynimə bir fikir çaxıldı; həmişə belə olmur, mən alim deyiləm, iti, atı, çomağı olan çobanam. Dedim, ay Allah, dünyada iki cür əclaf olurmuş, mən bilməmişəm: xoşbəxt əclaflar, bədbəxt əclaflar. Eləsi var, əlindən hər əməl çıxır, amma əziyyətsiz-zadsız köçüb gedir dünyadan. Eləsi də var, lap qocalıb əldən düşəndə də bəla qəflətən haxlayıb boğazlayır onu; əhədini kəsməsə də, tikan narahatlığı, tufan səksəkəsi gətirir. Adama elə gəlir, dünyanın küləkləri gəldi-gedər deyil, bu dəfə əsəcək, amma keçməyəcək. Ötən il yaylaqdan qayıdanda sazağa düşdük. Dərədə nuanın bükümünə daldalanıb yatmışıq. Gördüm gədə ətəyimdən dartır; taqqataq ağzında dişi-dişinə dəyir: “Dədə, soyuq vurdu məni, dur”. Gecəynən ordan-burdan quru çör-çöp tapdım, bir-iki taxta da əlimə gəldi. Ocaq qaladım, həm özümü, həm də uşağı isidəndə yuxu aparıb məni.

Qışqırtıya dik atıldım. Bunu da mürgü tutub, üzü üstə yıxılıb ocağa.

Uşağın sol üzündə yanıq yerini indi gördüm. Burun sümüyündən qulağın dibinədək dəri tünd çəhrayı rəngdə yanıb birdəfəlik büzüşmüşdü. Mənim baxışlarıma o, özünün doğma təbəssümüylə cavab verdi; onu əmioğlu Əkrəmin uşaqlığına bu təbəssümü oxşatdı, amma bu fikirdən vaz keçdim, çünki o, bir adama yox, çox adama oxşayırdı.

– Həyatımı tərsə çevirən hadisə başıma gələndə cavanıdım.

Deyiblər, hər kəsin ömründən bir ölü keçir. Bir ölü, bir əsas, ağır, bərk ölü. Onda çoban deyildim, çomağım yoxudu, yayda dağ kəndindən meyvədən-zaddan yığıb şəhərə, bazara aparırdım. Kənddən Ətir arvad bir gün qızını böyrümə qoşdu, dedi, bunu da sal yanına, apar, bu da sənin bacın. İnstituta imtahan verəcək. Qız da nə qız – ağ kağız kimi, üzündə xalı bir də deyildi, ikiydi, üçüydü, dördüydü, yanağında, çənəsində, buxağında...

Ətir arvad dedi, başına dönüm, qızı sənə tapşırıram, heç kəsimiz yoxdu. Madar bir qardaşı var, o da əsgərlikdə.

Aldım qızı böyrümə, gəldim şəhərə. Əzəl fikrim vardı şəhərdə ona ayrı otaq tutam, elə bil, qurğu qurdular, münasib ev düşdü, yiyəsinə dedim, bacı-qardaşıq. Qız da etiraz eləmədi, dinməz-söyləməz düşdü sağıma. Mən bazara getdim, o, evdə dərs oxudu. Axşam döndüm, çayımı-çörəyimi hazır gördüm, süfrədə yavanlıq tapdım.

Cığamı çəp darayan vaxtlarımıdı. Qız bir gün xəbər elədi ki, sabah son imtahanıdı. Elə dedi, and olsun dərəni-dağı qurub-qoşana, sözün cingiltisi hələ qulağımdadı: “Sabah son imtahandı”. Birisi gün onu yola salasıydım. İmtahanı verdi, instituta qəbul oldu. Sonuncu gecəni yatdıq, səhər o, gedəcək, mən bir-iki gün də qalacam. İndi qulaq as: obaşdan saat zingildəyəndə iki addımlıqda çarpayıda tərpəniş eşitdim. Sonralar məndən soruşanda da elə eləcənə dedim – həkimə, polisə, Ətir arvada. Saatın zəngini 6:51-ə qoymuşduq; həmişə elə edirdik, 6-da durmalıyıqsa, 5:51-ə, 8-in yarısı lazımıydısa, 7:21-ə qoyurduq. 8-9 dəqiqə əskik. Çarpayının yayları guya ğıjıldadı, amma əlbəttə, 40 günün vərdişiylə onun geyinməsinə imkan verməkdən ötrü kirpiklərimi qapadım. Azacıq mürgüləmişdim, yuxu da görməyə başlamışdım. Diksinib ayıldım, usdufca yatağına baxdım. Ordan heç kəs qalxmamışdı. Qulaqlarım güyüldədi. Otağa biz gələndən qaçıb dağılmış siçanlardan biri xəbər tutmuş kimi küncdə ciyildədi. Bir də eşikdə gumultu eşidildi; yox, polis olan ev sahibinin hər səhər işə gedəndə dükanda işləyən o biri kirəkeşin həyətə tulladığı boş karton qutusuna vurduğu təpiyin səsi deyildi, nə gurultuydu, bilinmədi. Çağırdım: “Səda, Səda!” Şalvarlı yatırdım, qalxıb adyalını sıyırdım. Nə görsəm yaxşıdı? Yataqda ağ gecə geyimində, bəmbəyaz cansız-nəfəssiz bir qız uzanmışdı. Bircə xalı da qalmamışdı, ölmüşdü.

Heç əvvəldən olmamışdı... O zaman düz adamıdım, söz versəm, gecə sabahacan bir tay ayağımın üstə dayanacam qaranlıqda, mənə göz qoymazdılar. Yaxşılıq, dürüstlük düşmədi mənə, dolanbaba-yağlı baba, dünya fırlandı başıma, ilan kimi əclaflıq sürüşüb girdi qəlbimə.

Konistrlər doldu. At qulaqlarını şəkləyib dağlara baxdı. Kişi üstündəki su ləkələrini silə-silə yayıb böyüdürdü.

– Dərədə içməli suyumuz dünən ikindi çağı qurtardı. Özümü qoyun-quzuyla Qoşa nohurdan birinin saralmış suyuna çatdırıb doyunca içməsəydim, sinəm tən ortadan çattayıb ikiyə bölünəcəkdi. Ötən il çoban Gülmalı susuzluqdan sidiyini içmişdi. Day dərələrdə nələr baş vermədi...

Kişi söhbətdən-söhbətə, mətləbdən-mətləbə, dağdan-arana, arandan-yaylağa su içimdə adlayırdı. İndi də atın çidarını açırdı, sonra uşağa baxdı:

– Gəl, qalx! Gəl, min görək. Nə qədər gərməşoyla əngimizə ilişdirən olmayıb, təpəlimizi şişirtməyiblər, gedək.

Ağzımı Allah yolu qoymuşam, danışıram. Bu bulağı odey o dağdan Şərəfalı adlı gəlmə sədr çəkdirib gətirib. Sonra da ağrısını aldığım camaat yığışıb onu kənddən qovub. Deyiblər: “Özümüzə öz kəndimizdən rəhbər seçəcəyik”.

Bulaq boşuna axırdı. Hərdən iki-iki qadın gəlib, dodaqlarını kip bağlayıb gedirdilər. Güyümü doldurub bizə də baxırdılar. Yəhərdəki torbaları, çataşıq konistrləri uzun barmağıyla qurdalayıb bərkidə-bərkidə kişi həm mənə, həm də göydə qaralan buludları top-top gözdən keçirə-keçirə – onun bir neçə işi eyni zamanda görmək qabiliyyəti vardı – soruşdu:

– Dərəyə sarı getmirsən? Nə söz qurtaracaq, nə söhbət bitəcək. Nuğay bir dəfə qonşu kəndə xəstəyə dəyməyə gedir. Baxır, xəstənin qənşərinə löyün-löyün xörək düzürlər. Evin arvadı gəlir kişidən şirin-şirin soruşur, ay Abas, dolmadan doydun? Plovu götürüm, doydunsa, ay Abas... Abas, ay Abas... Xəstə də məsəlçün deyir, aşı götür, dolma qalsın. Ancaq xörəkdən dilinə bir tikə də vurur. Matım-qutum çəkilib – deyir Nuğay. Dahanımda söz durmur, axır soruşdum, siz Allah, nə məsələdi, Abas başıküllü qənşərinə qoyulanı yemir, axı. Demə, xəstənin qida borusunda ur varmış, boğazından heç nə ötmür, ağzıyla yemir, gözlərinin umuduna qalıb. Baxır, doyur. İndi mən də, ay dədə, gözümü zilləmişəm, dərələrə baxıram, baxıram. Dizim qattandı, canım-cəsədim taqətdən düşdü, ancaq gözüm doymadı. Allah, sən saxla! Nuğay o əhvalatı yığvada danışardı, sonra soruşardı: Kim deyər, Abas bədbəxt yeməyi gözüylə yeyirdisə, bəs harasından pəşolayırdı? Ha-ha-ha... – Kişi güldü. – Yaxşı, gedək. Çapıb gedək. Burdan at yoluyla bir günortalıq o yana, dərələrin arasında bir kənd var, kolların dibindən arvad tumanları çıxır. Hər razmerdə, hər ölçüdə – iri, balaca, üç barmaq, dar, xaşa kimi gen... Kişilər yığışıb gedib Rusiyata. Yazıq arvadlar! Ancaq mənim yolum o tərəfə deyil, qocalmışam. Sən dərəyə gedəsi olmadın? Bulağın böyrünə onu ötürməyə çıxdım:

– Yox, bu yana gedəsiyəm, uzağa... – Geniş düzəngahda qövs cızmış üfüqü, yerli adamların qoyduğu adla desəm, Qarabel səmti göstərdim. Uzaqlar yaddı, amma adamı çəkir.

– Oğlunu ver, aparım!

Kişi yüyəndən yapışdı: at, dədə, oğul – üçü yan-yana durub mənə baxdı.

– Götür apar da, götür apar, ay ağruyu alım! Götür e-yy, götür, götür... Nə durub baxırsan?

Uşağın dədəsi çətinlik çəkmədi, nə qədər ki, olmaq istəyən hadisəni pozmaq istəyən yoxdu, tərəddüdsüz, tələsik razılaşdı, sevincdən hıçqırdı, qışqırdı, qıyladı. Əlindəki, çox güman, arası yeyəcəklə, siqaret qutusuyla, sabunla dolu iri bağlamanı da mən tərəfə uzadıb ərk elədi:

– Bu da sənin... Apar oğlumu, qoy xoşbəxt olsun!

Uşağın çiyinlərindən tutub, sümüklərini əzməməkçün, dərisini incitməməkdən ötrü asta hərəkətlə irəli itələdi:

– Qorxma, yaxşı adamdı. Ürəyini buz kimi saxla. Yaxşı adamla get!

Sonra qədim vərdişlə, qoyun-quzu bazarında olan qaydaya uyğun, alanla satanın razılığına özgə müdaxilənin əsla yolverilməzliyini andıra-andıra, qandıra-qandıra atın belinə sıçradı, ağ su konistrlərinin arasında ayaqlarına yer elədi. Uşaq hələ dədəsinin hərəkətini izləyirdi, at irəli çamçıdı. Kənardan baxan adam düşünərdi: indi dədəsiz qalan uşağın ən çox üzündəki yanıq yeri ağrıyır. Ağrının sıçratdığı uşaq əlləriylə yanını şillələyə-şillələyə, tozanaq qaldıra-qaldıra ata doğru götürüldü, çatıb üzəngidən, dədəsinin ayağından yapışdı, qəribə səs çıxarıb zingildədi. Bu zingiltili qısılmağı o, yəqin, insandan yox, itdən öyrənmişdi. At da, atlı da əlacsız qaldı, çapıb getmək nədi, heç mıqq eləmədilər.

Dədəsi söyə-söyə, deyinə-deyinə balasının əlindən yapışıb yuxarı, atın tərkinə qaldırdı. Onun sonuncu hədəsini mən də eşitdim, bulağın qulağı şəklənmiş daşları da:

– Bax məni incitsən ha, əlini-qolunu bağlayıb Əbçi dərəsində qoyub getməsəm, məndən oğraşı yoxdu! Sən sözümə baxma ha, dilini qoyun başı kəsdiyim bıçaqla böltələməsəm, heç adam deyiləm! Sən böyüyüb xoşbəxt olmasan, başına oyun açacam! Dediyimi eləyən kəc bir adamam. Daha mənim başqa çarəm qalmadı.

Yad caynaqdan qurtulmuş uşaq əllərini dədəsinin belində biri-birinə keçirib bağladı.

– Bərk-bərk yapış... Amandı, birdən düşərsən ha belimdən! Birdən dədəndən uzaqlaşarsan ha. Sən nə bilirsən, gələcək nədi... Ay qanmazın oğlu, ay başıküllü, dünyada nə görmüsən sən? Məndən uzaqlaşsaydın, bəxt üzünə güləcəkdi! Ömür nə boyda həngamədi, ay üzüpis... Sən bilmirsən.

Uşaq arxayınladı. Yanını atın belinə basıb, əllərini dədəsinin belinə dolamışdı. Dədə-bala dərəyə getdilər.

***

Uzaq keçmişin xatirəsi hələ dözülməz ağrı verməmiş, cənubdan şimala doğru həlqə-həlqə sıralanan dağ silsiləsinin ətəyində, yığcam bir kəndin qənşərində ayaq saxlayıb evlərə, dağlara, qaraltı sancılmış yamaclara son kərə göz gəzdirib “bu kənddə məni tanıyan daha bir kəs tapılmaz” deyə düşündüm, axı, bir zamanlar bu dağətəyini sevinən üzlə, heç vaxt büsbütün, yüzdə-yüz nədi, heç yarıbayarı da doğrulmayan, əksər hallarda tamam özgə ünvana aparıb boşa çıxan qüdrətli bir ümidlə tərk eləmiş, indi hüzünlü səyyah kimi vətənindən ötüb keçən adamı kim tanıyar? Ona kim yiyə durar? Di get, gün günorta olmamış bu gengeniş çölə dal.

Asta yerişlə kənddən düzə çıxdım.

– Havada məşəqqət var!

Yaddaşım işini yarıda saxladı, sözü xatırladım, onu deyən adam yadıma düşmədi, bəlkə, o da anamdı. Havada məşəqqət var.

# 1214 dəfə oxunub

Müəllifin son yazıları

# # #