Ruhumda bədən də qalmır – Musa Yaqubdan Yeni Şeirlər

Ruhumda bədən də qalmır – Musa Yaqubdan Yeni Şeirlər
25 fevral 2019
# 14:41

Kulis.az Musa Yaqubun yeni şeirlərini təqdim edir:

Nə deyim...

Deyəsən, ruhumda bədən də qalmır,

Ruhum, tələs görüm, ürəyim, tələs!

Evdə tək adamım gözləyir məni...

Bir də alovlandır çıraqlarımı,

İlahi, sən məni özümə qaytar,

Özümünkü elə ayaqlarımı.

Ayağım, dayağım yubanma, görüm;

Durub artırmada boynu bükülü,

Ocağım sönsə də, yandırır külü.

Külü yandırırsa, özü hardadır?

Əgər söz veribsə, özü hardadır?..

Əli sahmandadı, gözü keşikdə.

Gözünün xumarı gözləyir məni,

Əlinin tumarı gözləyir məni.

Mən isə həmişə pintinin biri,

Yəqin, paltarımı salır sahmana,

Keçim yan otağa, görüm ordadır?..

Yoxdur... yoxdur... burda da yoxdur...

Məni gecikməyim qoyubdur naçar –

Dayan... dayan...

Qapısı açıqdır, üstündə açar –

Qoy girim içəri...

Bəs sən hardasan, a zalım qızı?..

– Bay... sən gəlmisən?

Deyəsən, sənin də gözlərin qızıb,

Məni görmürsənmi arxın suyunda?

– Hə doğrudan... Sən Allah, bağışla məni.

– Tut məni, tut məni axıb gedirəm,

Bir anlıq dünyaya baxıb gedirəm.

Qaldır körpüyə, yapış əlimdən,

Xoş sözlər eşidim sənin dilindən.

Bəs hanı əllərin? Bərk yapış görüm!

Bu sənin əllərin tanış deyildir.

Bu çinar yarpağı, bu cökə yarpağı,

Bu tut yarpağıdır, tut deyirəm, tut!

– O əllər, o gözlər hardadır Allah?

Hər yeri axtardım tapa bilmədim

Bəlkə də, darıxıb qonşuya keçib.

– Heç vaxtı varmı ki, qonşuya keçsin?

– Əsmər xala, ay Əsmər xala,

– Nədi? Ay bala!

– Sən Allah, onu görməmisənmi?

– Bu gün kim isə dəydi gözümə.

Deyəsən, o idi nə deyim, Vallah...

Bir zərr asılmışdı incə telindən,

Saçı xumar idi, səba yelindən.

Amma kədərliydi yaman dərindən –

Almışdı üzünü qara buludlar,

Dəryanın suları gözündə idi.

Dünyanın kədəri üzündə idi... –

Dedi: Mən gedirəm gedər-gəlməzə.

Ondan muğayat ol, qurbanın olum.

Belə bitir ömür yolum..

Necə? Necə, yəni ki, bir də dönmərəm?

– Əsmər xala! Səmtini de, mən gedirəm.

– Ey... Ay bala heç o yolun səmti yoxdur.

Əvvəli yox, axırı yox...

Milyon-milyon cığırı var.

Bəlkə, min-min yolları var.

Bu yollardan qolları var.

Sən bu yolun əvvəlinə dönsən əgər,

Orda təksən ocaqların sönüb getmiş,

Adamların dönüb getmiş.

Mən də söz yükümün altında qaldım,

Tapmadım şeirin möhürbəndini.

Mənim əvəzimə, mənim şeirimə,

Muniri möhürbənd yazıb yerimə.

"Gələn birdir, gedən bir birdir, qalan bir.

Gedən gəlməz, gələn qalmaz, əcəb sirr.

Bir əvvəl var, bir axır var deyiblər.

Yalan sözdü, nə əvvəl var, nə axır".

Hanı?


Dünya, məndən nə istərsən,

Veriləsi borcum hanı?

Yerdə yerim, göydə havam,

Ulduzlarda bürcüm hanı?

Ömrü başa yetirmişəm,

Yaxşı günü itirmişəm,

Şələ verdin götürmüşəm

Aparmağa gücüm hanı?

Mən dünyanı eşq bilmişəm,

Yaşamağı məşq bilmişəm,

Bir oxuyub beş bilmişəm,

Sana üçüm, beşim hanı?

Tanrım, uzat ətəyini,

Bir az azalt kötəyini,

Daha bundan betərini,

Gözüm görən ölçüm hanı?

Dayan, Sultan, dayan başqan,

Dərd görmüşəm, gözüm yaş, qan,

İçim başqa, çölüm başqa,

Sözdə ölçü-biçim hanı?

Ocaq yerim, körük yerim,

Otlanıbdı örüş yerim,

Nə almışam, nə də verim,

Bu alverdə ölçüm hanı?

Burax məni, çıxım gedim,

Qoy Tanrıma yaxın gedim,

Alışmışam yanıb gedim,

Köç etməyə köçüm hanı?

# 1221 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #