Uşağa görə havalanıb evdən qaçan qadın – Yeni Hekayə

Uşağa görə havalanıb evdən qaçan qadın – <span style="color:red;">Yeni Hekayə
9 iyul 2018
# 17:33

Kulis.az Elşad Baratın “Bənövşə” hekayəsini təqdim edir.

Bənövşə iyirmi iki il idi ki, ərini ata eləyə bilmirdi. Təbibdən tutmuş falçıya qədər yer qalmamışdı, getməsin. Kiminsə ­sözünə inanıb dəfələrlə ayaqyalın yeddi pir gəzmişdi. O qədər ocaq, pir gəzirdi ki, aylarla ərinin üzünü görmürdü. Axşam toranlıq düşəndə evə gəlib ölü kimi yatır, səhər alaqaranlıqda evdən çıxırdı ki, üzü günbatana sərələnmiş kəndlərdə pir tapıb ziyarət etsin. Qonşu kəndlərdə Bənövşənin nəzir boyun olmadığı pir qalmamışdı. İmkanı olsaydı bütün pirləri dartıb həyətinə gətirər, hər gün əlli dəfə ziyarət edərdi.

Bənövşənin əri dilsiz-ağızsız adam olsa da, altdan-altdan iş görməsi var idi. Sa­man altına suyu elə yeridirdi ki, adamın ruhu da incimirdi. Kəndin ən hörmətli taksi sürücüsüydü deyə boş vaxtı olmurdu. O da arvadı kimi sübhdən evdən çıxır, bir də gecənin bir aləmi qayıdırdı. Sən demə, Bənövşənin başı pirlərə qarışanda Yavər kişi öz planını cızırmış. Ancaq Bənövşənin pir gəzintisinə etiraz etmirdi ki, vədə yetənəcən arvadı pirlərdən təsəlli alsın. Neçə dəfə o da arvadıyla pirə getmiş, ona qoşulub ağlamışdı. Bənövşə bütün pirlərdə eyni cür dua eləyir, gözünü sıxıb çıxartdığı iki-üç damcını yaylığının ucuna hopdururdu. Yavəri daha çox ağladan Bənövşənin daş pirə öz balası kimi yalvarmasıydı.

Bir gün Yavər kişinin aylardan bəri hazırladığı planı baş tutdu. Kiçik qardaşının ikinci qızı doğulan kimi heç kimə heç nə demədən götürüb evinə gətirdi. Hələ uşağı Bənövşəyə verəndə həyəcanla “Sən iyirmi iki ilə eləyə bilmədiyini mən bir günə elədim” - demişdi. Və elə demişdi, elə bil uşağı özü dünyaya gətirmişdi.

Kənd arvadları körpəni Bənövşənin köynəyindən üç dəfə keçirdilər ki, qızcığaz onu öz anası bilsin. Adətə görə bu köynək məsələsi doğma ana-balalıqdan da irəli idi.

Üç günlük uşaq əmməyə döşü təkcə Bənövşənin sinəsində axtarırdı. Doğma anasının da qucağında durmur, elə hey ağlayır, südlə dolu döşünü almırdı. Bənövşə keçi südünü butulkaya doldurub sinəsindən elə çıxardırdı, uşaq yox, böyük də görsəydi, elə bilərdi, özününküdür.

Bənövşə günü-gündən cavanlaşırdı. Pardaxlanmış soluxmuş bənövşə gülü təzədən qönçəliyinə qayıtmışdı. Qadın üç günlük gəlin kimi nazlanırdı. Qohum-qonşuyla elə davranırdı, sanardın on səkkiz yaşı təzəcə tamam olub. Bircə pirləri gəzməkdən yorğun düşən ayaqlarının qabarını gizlədə bilmirdi.

Bir il tamam olan kimi Yavər kişi övladlığa götürdüyü qardaşı balasına ad günü keçirtdi. Qohum-əqrəbada məmə yeyəndən-pəpə deyənə hər kəs gəlmişdi. Yavərin bacıları uşağı öpüb gözlərinin üstünə qoyur, az qala, ki, ürəklərini çıxardıb ona verirdilər. Bənövşənin bacıları isə üzdə körpəni əzizləyir, daldaya düşəndə burma çimdiklə əvəzini çıxırdılar. Həmin gün Bənövşəgilə o qədər hədiyyələr və təbriklər gətirdilər ki, heç Bənövşə güc verib əkiz doğsaydı belə olmazdı. Elə bil Yavər kişi uşağın adını qəsdən Sevgi qoymuşdu.

Körpə Sevgi böyüdükcə Bənövşənin ürəyində nifrətə çevrilirdi. Artıq o, bütün laylalarını oxşama kimi deyib ağlayırdı. Bacılarının Sevgiyə burun büzməsi ona yer eləmişdi. Düşünürdü ki, İlahi, belə bir körpəni mənim də bətnimə sala bilərdin. Hərdən öz bətninə acığı tuturdu. Dəfələrlə qarnını şillələyib ağlamışdı.

Zaman keçdikcə Sevginin doğma atası onu tez-tez görməyə gəlir, ağrı-acısını çəkinmədən hiss etdirirdi. Ən çox acı çəkməsi isə qızının ona Cavid əmi deməsiydi. Əmi sözünü söyüş kimi qarşılayırdı. Neçə dəfə Sevgiyə görə özünü saxlaya bilməyib yolboyu ağlamışdı. Onun belə tez-tez gəlib-getmələri artıq Bənövşəni də narahat edirdi.

Aylar bir-birini qovduqca iki qardaş ailəsinin arasında söz-söhbət çoxalır, az qalırdı Sevginin üstündə dava düşsün. Bənövşə nə yad körpəni öz balası kimi qəbul edə bilir, nə də illərdir ona çəkdiyi analıq əziyyətini halal etməyi bacarırdı. Sanki Sevgi bir tikə çörək olub onun boğazında qalmışdı. Nə uda bilirdi, nə də tüpürə. Daha çox Yavər kişi tüpürdüyünü yalamaq istəmirdi. Ancaq tale öz işini görürdü.

Bir gün Cavid nəyisə bəhanə edib böyük qardaşına qarşı çıxdı, onun üzünə qayıtdı. Xeyli ağızlaşandan sonra Sevgini də götürüb getdi. Yavər kişinin evi sevgisiz qalmış, yataq otağı buza dönmüşdü. Sevginin gedişi Bənövşənin qəlbini də tamamən sevgisiz qoymuşdu. Evindən başlamış səmalaracan hər kəsə və hər şeyə üsyan edirdi. Bütün günü Sevginin boş yatağına lay-lay deyib dururdu. Heç kəslə kəlmə kəsməyən Bənövşə yalnız Sevginin diliylə ana deyənlərə hay verir, Sevginin diliylə nəsə soruşanda danışırdı.

Yavər kişi işini-gücünü atıb Bənövşənin əlində uşaq olmuşdu. Bütün günü evdə Sevginin diliylə danışırdı ki, ona nəsə yedirdib-içirdə bilsin. Hərdən Yavər kişi işə gedəndə karıxıb müştəriləriylə də Sevginin dilində danışırdı. Kənd adamları onun evdəki vəziyyətini bilirdilər deyə, susub özlərini Bənövşəliyə vururdular.

Bir gün kəndə hay düşdü ki, Bənövşə yoxa çıxıb. Yer qalmadı axtarmadıqları, adam qalmadı soruşmadıqları. Gördüm deyən olmadı. Hər kəs Bənövşənin qeyb olduğuna inanmışdı.

Arvadının qeybə çəkiləndən sonra Yavər kişi evdən çölə çıxmır, bütün günü Sevgidən qalan oyuncaqlarla oynayırdı. Bəlkə də gündə min dəfə oyuncaq maşınına minib öncə arvadını tapır, sonra Sevgini götürüb evinə qayıdırdı.

Aylar sonra Bənövşəni hansısa pirdən ayaqyalın çıxan görmüşdülər. Ancaq onu axtarmağa gedən olmadı.

Image result for elşad barat

# 1543 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #