Aktyorumuz beynəlxalq festivaldan qayıdıb - TƏƏSSÜRAT

Aktyorumuz beynəlxalq festivaldan qayıdıb - TƏƏSSÜRAT
14 iyul 2017
# 13:37

Əməkdar artist, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Şövqi Hüseynov Belarusda keçirilən “Dostluq çələngi” adlı XIV Xalq Yaradıcılığı Beynəlxalq festivalında ölkəmizi təmsil edib. Festival barədə əməkdar artistlə söhbət etdik.

- “Dostluq çələngi” Xalq Yaradıcılığı Beynəlxalq festivalı əsasən müxtəlif xalqların musiqi qruplarının, meydan tamaşalarının iştirak etdiyi sənət bayramıdır. Necə oldu ki, festivalın proqramına dram janrında tamaşa salındı?

- Ötən ilin oktyabrında Moldovada keçirilən “MOLDFEST.RAMPA.RU” VIII Beynəlxalq Teatr Festivalında ölkəmizi “Kontrabas” monotamaşası ilə təmsil edirdim. Bu tamaşa ilə iyirmi ildir ki, dünyanın müxtəlif ölkələrində keçirilən festivallarda çıxış etmişəm. Hər dəfə də növbəti festivala dəvət almışam. Bu dəfə də elə oldu. Festivalın ən uğurlu tamaşası mükafatına layiq görülməklə yanaşı, bir neçə festivala da dəvət aldım. Belarusun mədəniyyət paytaxtı olan Bobruysk şəhərinin V.İ.Dunin – Martsinkeviç adına Dram və Komediya Teatrının direktoru Veronika Aleksandrovna Vinel tamaşanı izlədikdən sonra məni “Dostluq çələngi” XIV Xalq Yaradıcılığı Beynəlxalq Festivalına dəvət etdi. Elə o vaxt da bildim ki, mənim ifa etdiyim monotamaşa festivalın tarixində nümayiş edilən ilk dram tamaşası olacaq. Bu məqam diqqətimi xüsusi çəkdiyi üçün dəvəti məmnuniyyətlə qəbul etdim.

- Festival barədə ətraflı məlumat verməyinizi xahiş edirəm.

- Artıq 14-cü dəfə keçirilən festival Bobruysk şəhərinin 630 illiyinə həsr olunmuşdu. Festivalda 24 ölkədən 29 yaradıcı kollektiv iştirak edirdi. Bir həftə ərzində ABŞ, Almaniya, Belarus, Bolqarıstan, Böyük Britaniya, İsrail, İspaniya, İtaliya, Kolumbiya, Kipr, Kuba, Latviya, Macarıstan, Meksika, Moldova, Norveç, Polşa, Rusiya, Serbiya, Slovakiya, Türkiyə, Ukrayna və Çexiyadan 500-dən çox sənətçi bir araya gələrək, öz xalqlarının mədəniyyətini təqdim edirdilər.

Festival alışdığımız ənənəvi festivallardan xeyli fərqlənirdi. Məsələn, şəhərin hər yerində bayram əhval-ruhiyyəsi duyulurdu. Festivalın açılışı yeddi min nəfərlik stadionda baş tutdu. Eyni ilə nüfuzlu idman yarışlarında olduğu kimi, burada da iştirakçı ölkələrin öz bayraqları ilə təntənəli keçidi təşkil olunmuşdu.

Sonra isə iştirakçı ölkələr öz geyim, musiqi və rəqslərini nümayiş etdirdikləri konsert başladı. Mən, “Ögey ana” filmindən Tofiq Quliyevin “Kəndimiz” mahnısını ifa etdim. İştirakçı ölkələr Azərbaycan musiqisini çoşqu ilə qarşıladılar.

Festival çərçivəsində həmçinin hər xalq öz milli mətbəxini də təqdim edirdi. Ölkəmizin Belarusdakı səfirliyinin və bu ölkədəki diasporamızın nümayəndələri Azərbaycan mətbəxinin ən dadlı təamlarının yer aldığı guşə hazırlamışdılar. Digər xalqlar burada Azərbaycan xörəklərini dadmaq imkanı əldə edirdilər. Mütləq vurğulamaq istəyirəm ki, Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov, Bobruysk şəhərində fəaliyyət göstərən diasporamızın sədri Eyyub Yusifov ölkəmizin bu festivalda yeksək səviyyədə təmsil edilməsi üçün əllərindən gələni əsirgəmədilər. Onların bu əməyinin nəticəsi idi ki, digər xalqlar mətbəximizlə maraqlanır və dostluq görüşlərində bizim musiqisini zümzümə edirdilər.

- Festivalın auditoriyası əsasən xalq yaradıcılığı sevənlər idi. Maraqlıdır, Patrik Züskindin “Kontrabas” əsəri əsasında hazırlanan monotamaşanı necə qəbul etdilər?

- Azərbaycanın bu festivalda iştirakı ilk dəfə deyildi. Amma öncəki illərdə ölkəmizi musiqi qrupları təmsil etmişdi. Mənim burada “Kontrabas” monotamaşası ilə iştirakım həm festivalın, həm də ölkəmizin tarixində bir ilk idi. Buna görə də reaksiyalar mənə də maraqlı idi. Tamaşanı oynadığım günün səhərisi Bobruysk Şəhər İcraiyyə Komitəsinin bobr.by saytında ““Kontrabas” monotamaşası “Dostluq çələngi”nin proqramını açdı” başlıqlı yazısı dərc olundu. Burada həm tamaşa, həm də aktyor ifası haqqında çox müsbət rəylər yer almışdı. Ümumiyyətlə, ölkə mətbuatı tamaşanı çox yüksək qiymətləndirdi. Festivalın təşkilat komitəsi ilə görüşdə isə tamaşanı çox bəyəndiklərini, bu təcrübə, yəni xalq yaradıcılığı festivalında dram janrında tamaşaların iştirak etməsi ənənəsini növbəti illərdə də davam etdirəcəklərini bildirdilər.

- Söhbətimizin əvvəlində qeyd etdiniz ki, bu tamaşanı iyirmi ildir müxtəlif festivallarda təqdim edir, həmişə də növbəti festivallara dəvət alırsınız. Bu dəfə də belə oldu?

- Nəinki dəvət, həm də çox maraqlı əməkdaşlıq təklifləri aldım. Növbəti festivallarda iştirak etmək üçün “Kontrabas”la yanaşı, repertuarımda olan digər monotamaşalarla da maraqlandılar. Həm də mənə Belarus dramaturqlarının əsərlərini təqdim etdilər. Repertuarımda onların da əsərlərinin yer almasını istədiklərini bildirdilər. Festivaldan xüsusi diplomla yanaşı, o ölkənin dramaturqlarının əsərlərini də gətirmək çox xoş idi.

# 1183 dəfə oxunub

Müəllifin son yazıları

# # #