Qabillə Zəlimxan Yaqubun dəniz davası-ÇAYXANA AŞIĞI KİMDİR?

Qabillə Zəlimxan Yaqubun dəniz davası-<span style="color:red;">ÇAYXANA AŞIĞI KİMDİR?
26 oktyabr 2016
# 10:55

Kulis.Az Xalq şairi Qabillə Xalq şairi Zəlimxan Yaqubla şeir deyişməsini təqdim edir.

QABİL

Üzr istə

İstirahət günü – avqustun 11-də televiziya kanalında aparıcının “İstirahət sizin üçün nə deməkdir” sualına müdrik, düşündürücü cavab verən səmimi insan, şair dostum Zəlimxan Yaqub aparıcının ikinci – “Xəzərə münasibətiniz” – sualına cavab verib dedi (eynilə): – Mən dənizi sevmirəm, dəniz sudur, mən ona biganəyəm. Mənimki dağlar, meşələr, bulaqlardlr. O yerlərdə göz açmışam, böyümüşəm.

Zəlimxan, dənizdən gəl üzr istə!

Özün öz sözünə gül, üzr istə!

Bilərəkdən deyil, bilməyərəkdən

Öz təbiətinə zidd gedirsən sən.

Elə dəniz kimi qaynayıb daşan,

Lap elə dənizə yaxşı yaraşan,

Allahdan vergisi dəniz şairim!

Ürəyi dəniztək təmiz şairim!

Ana Xəzərimdən gəlməyir xoşun?

Zümrüd sularına qonmayır quşun?!

Dənizlə üfüqün qovuşan yeri,

Sulara od salan qızıl dan yeri.

Ayın gümüş sərvi, ulduz şabaşı

Yəni heç tərpətmir qağa-qardaşı?

Ləpələr ərk ilə sillələr səni,

Dalğalar qeyz ilə silkələr səni.

Sən bu sahillərdə mindin şöhrətə,

Xəzər çevrəsində qazandın ad-san.

Sözümü qətiyyən yozma minnətə

Ay həm yaxşı şair, həm yaxşı insan!

Xəzər göz işləməz əngin bir aləm.

Dünya sularının həsrət çəkdiyi –

Üstü də, altı da zəngin bir aləm.

Xəzəri ilk dəfə görən Nəsimi

Elə söyləyib də Nəsimi kimi:

Mən cahana sığmazam,

Bəh-bəh, iddiaya bax,

Sonra da əynimdəki

Üç arşın əbaya bax.

Cahanın bir küncünə

Sığışıb cahan dəniz,

Tufan toxunmayınca

Sakit dayanan dəniz.

Ənəlhəqq, bu ümmanın

Görən neçə yaşı var?

Təzə-köhnə dalğanı

Necə ayırmaq olar?!

Olmaz sərin baxmaq sərin Xəzərə,

Nizamilər kimi dərin Xəzərə.

Xəzər su olsa da su deyil, şair!

Xəzərin qiyməti bu deyil, şair!

İlin dörd fəslində onun hər anı

Valeh etməyirmi ruhu olanı?!

Başa düşürəm ki, mətləb uzanır,

Neynəyim səhvinə ürəyim yanır.

Adamın dilindən yapışmaq da pis,

Ancaq söhbətimiz, sözümüz xalis.

Xəzər sənə möhtac, ya sən Xəzərə?

Dönsən Borçalıya – doğma mahala,

Zəlimxan bala,

Vallahi danlayar səni dağ-dərə,

Bir ovuc su verməz bulaqlar sənə,

Kəm baxıb büzülər dodaqlar sənə.

Səndən üz döndərər yaşıl meşələr,

Axı qol-boyundur meşəylə Xəzər.

İlişib qalsaydın o meşələrdə,

Tilsimə düşsəydin o dağlarda sən –

Bax, bu mühitindən uzaqlarda sən...

Çörək ağacına döndərib sazı,

Çayxana aşığı olardın azı,

Aralıq şairi olardın çoxu.

Üstünə pul atıb bazar qanmazı,

Deyərdi: – Dınqıldat! – Deyərdi: – Oxu!

Zəlimxan elədi bu ümman səni,

Bəxtinə yazılmış bu məkan səni.

Mirvari qumların hər danəsi dürr,

Qızıl sahilləri vəsf et, ömür sür.

Qanın qaralanda Xəzərə tapın,

Qəlbin daralanda Xəzərə tapın.

Fərəhdən uçanda qağayıya dön,

Aç qanadlarını, göy sulara en!

Yaşıl da, mavi də, göy də olur su,

Əlvanlıqda uçsun şairin ruhu.

Dağlara qayıtsan –

Deyər ki, dağlar,

Deyər ki, ormanlar,

Büllur bulaqlar:

Zəlimxan, dənizdən gəl, üzr istə!

Özün öz sözünə gül, üzr istə!

11 avqust 2002

Zəlimxan Yaqub

Üzrxahlıq

“Space” televiziya kanalında “Günaydın” səhər verilişində çıxış edirdim. Vəfa adlı bir jurnalist xanımın “Zəlimxan müəllim, dənizlə aranız necədir?” sualına – “Dənizi o qədər də sevə bilmirəm, mənimki dağlardı, mən dağlarda doğulmuşam”, – şəklində verdiyim cavab verilişə qulaq asan xalq şairimiz Qabilin haqlı narazılığına səbəb olmuş və “Zəlimxan, dənizdən gəl üzr istə” misrası ilə başlanan bir şeir yazmışdı. Mən də ustad şairimizin diqqətinə minnətdarlıq duyğuları ilə bağlı üzrxahlıq ruhunda bir şeir yazdım. Əziz oxucular! Buyurun oxuyun!

Oxudum şeirini, Qabil müəllim,

Sözündə danlaq var, hökm var, ərk var.

Ustad bir şairin təfəkküründə

Sulara sevgi var, dənizi dərk var.

“Zəlimxan, üzr istə Xəzərdən”, – dedin,

“Salma dənizləri nəzərdən”, – dedin.

Bu dağla, bu daşla, torpaqla bağlı

Ruhumda minlərlə şərqi var, ustad!

Mənim istəyimdə, məhəbbətimdə

Dağ ilə dənizin fərqi var, ustad!

Dəniz görməmişdim dağı görəndə,

Dəniz heç yuxuma girməzdi mənim

Dağın ətəyində alı, yaşılı,

Dağın zirvəsində ağı görəndə.

Dənizi sevməyə bilərəmmi mən,

Mənim o kütlüyüm, o keyliyim yox.

Bu dağlar ən doğma duyğularımdı,

Dənizə heç zaman ögeyliyim yox!

Axdım Borçalıdan bir bulaq kimi,

Xəzər sahilində Xəzərə döndüm.

Sazımla, sözümlə, şeiriyyətimlə,

Şəhərdə təzə bir şəhərə döndüm.

Baxdıqca çırpınan qağayılara,

Ruhum da çırpındı ağ qanad kimi,

İçim genişləndi Kainat kimi.

Dünyada hamının Xəzəri yoxdu,

Bu, şair qisməti, şair baxtıdı.

Xəzərin sahili, Xəzərin özü

Təkcə dövlətimin, millətimin yox,

Həm də ürəyimin nur paytaxtıdı.

Gözümün odudu, kənarındakı

Nurlu sahillərdə Bakı var, Bakı!

Bakı! Gəncliyimin sevən çağları,

İşıq dalğaları, nur qaynaqları.

Bakı! Yurdum-yuvam, evim-eşiyim!

Müqəddəs ocağım, isti beşiyim!

Mənim söhbətimin doğma anası,

Mənim taleyimin böyük mənası.

Necə qucaqlaşıb sevgililərtək,

Dəniz şəhərdədi, şəhər dənizdə.

Səpələ ömrünə xoşbəxtlik kimi,

Gör necə açılır səhər dənizdə.

Yaz deyir, gördüyün lövhələri yaz,

Dalğa köpük-köpük, ləpə bəmbəyaz.

Oynadar insanı, atar, yırğalar,

İmtahan yeridir sərt qasırğalar.

Qumlar sığallanar qız əlləritək,

Sular qırçın-qırçın yanar zər kimi.

Hər dalğa söz deyər, şeir oxuyar,

Müşfiqin tarında pərdələr kimi.

İnsan təbiəti dənizə bənzər,

Qabarar, çəkilər, qalxar, uyuyar.

Dəniz təbiəti insana bənzər,

Coşar, sakitləşər, qızar, soyuyar.

Sulara diz çöküb, baş əyməyi var,

Gəzsə də min yolda, min izdə insan.

“Dənizi sevmirəm” – deyən şairə

Bulaq qənim olar, çay qənim olar.

İnciyər göylərin qızıl Günəşi,

Sularla öpüşən Ay qənim olar.

Bir günah dalğası axdı dilimdən,

Qəfil bir xatadı, çıxdı dilimdən.

Dənizi çağırram öz köməyimə,

Yusun, təmizləsin su günahımı.

Səbrin də böyükdü, qəlbin də böyük,

Ey dəniz, ey dalğa, yu günahımı.

Adilsən, qadirsən, ey qadir Allah,

Sən özün bağışla bu günahımı.

Bir qum dənəsi də məndən incisə,

Dağlardan, düzlərdən üzr istərəm!

Xəzərin qəlbinə toxunmuşamsa,

Bütün dənizlərdən üzr istərəm!

Şairim, Qabilim, dostum, qardaşım,

Xəzərə baxanda dolan, kövrələn,

Yaşaran gözlərdən üzr istərəm!

Tanrı çox görməsin mənim ömrümə,

Nə dəniz sevgimi, nə dağ eşqimi.

Bir ovuc torpağa dönənə qədər

Qorusun bir dünya dəniz sevgimi,

Qorusun bir dünya torpaq eşqimi!

20 sentyabr 2002

# 1460 dəfə oxunub

Müəllifin son yazıları

# # #