Tanrısız olar dualarımız – Ümid Nəccarinin şeirləri

Tanrısız olar dualarımız – <span style="color:red;">Ümid Nəccarinin şeirləri
15 aprel 2019
# 17:30

Kulis.az Ümid Nəccarinin şeirlərini təqdim edir.

Darıxmağın kölgəsi

İnanmadığımız anda darıxmaq kölgəsi düşər içimizə,

keçər başımızın üstündən yalqızlıq buludu...

Aylar keçər...

Tamarzı qalar illərimiz bahara,

Tanrısız olar dualarımız.

…Röyamızda tikdiyimiz evin çırağı sönər.

Bir anda devrilib gecə olarıq,

bir anda kimsəsiz küçə..!

…Yalnızlıq bir film deyil, izlənsin.

Yalnızlığı gəmisi batmış kapitan bilər,

ağlamağı heç bir aktyor bacarmaz.

Bəzən gülümsəmək ağlamağın son nəfəsidir…

Ona görə indi

şəklini görəndə gülürəm gedişinə.

…Yorğunluğumu ayaq-üstə qalan divarladan soruş,

soruş həsrətlə baxışımı..!

…Mənim yerimə bir az darıx,

darıx ayağı bağlı ağaclar üçün,

darıx mənim kimi qanadsız quşlar üçün,

darıx yalnızlıq üçün,

darıx..!

Ürək çantam

Onun tənhalıq otağında

öncə quş uçdu, sonra göy üzü…

Unutdum

ürək çantamı gözlərinin taksisində.

…Sonra

özümü unutdum bu şəhərin həsrət kafesində.

Dərdin neçə qapısı olduğunu bilmirəm,

bilmirəm ay işığında ölən insanları,

bilmirəm ağlayan kəslərin hekayəsini..!

…Amma

birisi var yer üzündə, səssiz ağlayır.

…O bir daş kimi darıxmır yollarda,

keçmir bulud kimi heç bir yer üzündən...

O danışır yaralarından qaranlığa,

Allahlıq edir ürəyindəki məktublara…

…Bilirsənmi,

əgər aynada özümüzə qanad rəsmi çəkməsək,

silinəcəyik yağışın damlalarıyla,

unudulacağıq bir gün.

…Bilirsənmi

unudanların peşəsidir

gözlərinə göy üzünü vermək...

Qanlı qanad

Oturmuşdum!

və göy üzünü

gözlərimin giləsi ilə görüşdürürdüm.

Keçmişimi ağacların gövdəsinə oxuyurdum,

bulud olduğum arzularımın körpüsündən keçirdi…

Oxuyurdum harda nə varsa qanad adında

qanada ad verən Allaha,

qanadların altındakı dünyaya…

Bu evdə

hər nə varsa qanlı qanada bənzəyir,

hər nə varsa lələk yastığıdır.

…Burda oturmuşdum,

burda heç nə yoxuydu!

Sadəcə

yuvasını külək uçurdan bir göyərçin

özüylə danışırdı...

Epizod

Tanrılar yalqızlığı seçdilər,

mən isə qoşa gözlərini…

Gözlərin qoşa olduğu üçün

mənə Tanrılığı vermədilər…!

# 2145 dəfə oxunub

Müəllifin son yazıları

# # #