Mən qadın olsaydım Allah doğardım – YENİ ŞEİRLƏR

Mən qadın olsaydım Allah doğardım – YENİ ŞEİRLƏR
7 may 2018
# 14:46

Kulis.az gənc şair Rəvan Cavidin yeni şeirlərini təqdim edir.

Mən qadın olsaydım...

Mən qadın olsaydım oğul doğmazdım,

oğullar böyüyüb kişi olurlar,

kişilər aldadır qadınlarını.

Mən qadın olsaydım oğul doğmazdım,

oğullar böyüyüb əsgər olurlar,

əsgərlər öldürür başqalarını.

Mən qadın olsaydım oğul doğmazdım,

oğullar böyüyüb şair olurlar

- şairlər ən yaxşı yalançılardı.

Mən qadın olsaydım Allah doğardım,

qoy olsun Allaha günah, doğardım,

Allahı azacıq uşaq doğardım,

qoy bir az anlasın ac uşaqları.

Balvedəki Məryəmə məktub

Bu şəhər unutdu Bakı olmağı,

dönüb bir sən oldu durduğu yerdə.

Neçə illər imiş qadın qururmuş

Allah bu şəhəri qurduğu yerdə.

bu şəhər Allahın Məryəmi bəlkə,

bəlkə buna görə, məhz buna görə,

“bakirə” sözünə yaxındı Bakı.

Uzun binaları uzun saçların,

qala divarları qolların kimi,

əllərin kimidi

- soyuq və tərli.

Qolların qaldırmır bu tənhalığı,

qolların gücsüzdü, zəif vətərli.

***

Əzizim, qadınlar ağlamır heç vaxt,

sevinirlər...

ayrılıq onları

yenidən və yenidən

Məryəmə çevirir,

və beləcə davam edir,

bütün bakirələr Bakı olmağa.

Gəl,

qayıt öz qızını qaladan atan şəhərə,

sonra həmin qalanın altında

qeyrət yastığında yatan şəhərə.

Qayıt...

Qayıt...

Qayıt!

Peyğəmbərin tərifi

Mən ilk dəfə yaşıl rəngi

kəndimizdəki çəmənlikdən

və məscid günbəzindən

tanıdım.

Ana təbiətlə

Ata Allahla sevişirdi.

görüşürdü

gözlərimdə hər gün

dünyanın iki peyğəmbəri

- İsa və Məhəmməd.

və bütün miladların sonu olurdu hicrət.

yüz iyirmi dörd min adam

qışqırırdı:

- Allah var!

bitirdi Süd Yolunda Allahın iqtidarı,

başlayırdı adamların

sonuncu peyğəmbər dövrü.

oradaca başladı,

ümidləri dualar əvəzlədi,

adamları imamlar əzizlədi,

günahları

məscid səccadəsindəki

möhürlər təmizlədi

Allah sadəcə inanc oldu!

Orxana...

Cənnət qadınların saçlarının ucundadı

- bunu mənə pul üçün saçlarını kəsən qadın demişdi.

# 4048 dəfə oxunub

Müəllifin son yazıları

# # #