Kulis gənc şair Ruslan Dost Alinin şeirlərini təqdim edir.
Göylərin kölgəsindəyəm,
gün də düşmür buralara...
Deyəsən, mən doğulandan
bəndə düşmür buralara...
...Adamları yoxa çıxıb
bu dünyanın, ay Allah!
Yu, aparaq basdıraq,
yu dünyanı, ay Allah...
Göy üzünü toz basıb,
bəxtimi bir gic yuxu...
Alın yazımı tez-tez,
şerimi gec-gec oxu...
Məni gizli sevənlər,
qoy ağlasın yağışda...
Buralar mənlik deyil,
mən gedirəm,
bağışla...
***
Dünənki tək qoy olsun,
məni bu gün də görmə...
Yuxuma da gəlmə heç,
məni bu gündə görmə...
...Gözümüzü açmayaq,
gözümüzdən düşərik...
Güzgüyə də baxma heç,
qorxuram görüşərik!
...Bir qara kölgəsi var,
çəkildəndi əllərim...
Divardan şəklin düşmür,
şəkildən də əllərim...
...Dörd divardı, bir də mən,
nə mey qalıb, nə badə...
birdən yenə...
yadıma
düşərsən ha, nə badə..!
***
Durum, öpüm, qucaqlayım,
bağrıma basım özümü...
Havam çatmır, bir kəndir hör,
havadan asım özümü...
Nə var ki, bu yer üzündə,
nə var göyün üzündədi...
Allahla aramızdakı
divar... göyün özündədi.
Onsuz da bu dünya
beş-üç günlükdür deyə, gedirəm.
deyirlər, torpağın altı
tünlükdü, göyə gedirəm...
...Anam, bu şerə adımı,
icazə versən, verərəm...
Dur, gətir dualarını,
Allahı görsəm, verərəm...
***
Bu pulun olmayan vaxtı,
derəm, noola, bircə dəfə
yeyib-içəsən, deyələr
hesabı şeirnən ödə...
Ömrün-günün qara vaxtı,
şeiri bir bəyaz boya san...
Bircə səhər üzün gülə:
məktəbə gedən oğlunun
cibinə şeir qoyasan...
Yazmağa həvəsin ola,
nəyəsə yaraya şeir...
Bir ovuc küldən ötəri
özünü yandırmayasan,
basasan yaraya şeir...
Qəm eləmə, qoca şair,
hərf-hərf oxuduğun
alnınsa... yaxşı olacaq!
Fikrimi satışa qoymuşam,
alınsa yaxşı olacaq...
***
Nəsə buralarda həyat başqadı,
hər gün darıxmağım nə gizli, nə sirr…
axı buralarda küləkdən qabaq,
ürəklər adamın içində əsir…
Yağışlar adamın içinə yağır,
küləklər evlərin çölünü tutmur...
Onsuz da uşaqkən dəcəl olmuşam,
bu gecə aləmi qarışdırım, bax…
Söküb şəhərdəki plakatları,
yerinə şəklini yapışdırım, bax..!
Cinayətdirsə də, narahat olma,
onsuz da polislər dəlini tutmur...
Götürüb ən gözəl şeirinnən vurur,
üstündə başqa bir ətir gəzdimir.
Tutqun havalarda, qış aylarında,
noolsun, özüylə çətir gəzdirmir,
Açır ürəyini şeir sevən qız,
bu yağan yağışlar Əlini tutmur...