Vaqif Bəhmənlinin bu şeiri tarixdə qalacaq SORĞU

Vaqif Bəhmənlinin bu şeiri tarixdə qalacaq <span style="color:red;">SORĞU
29 oktyabr 2015
# 12:12

Şair Vaqif Bəhmənlinin “Hamıya yaxşılıq” adlı şeiri ictimai etirazlara səbəb oldu. Kulis məsələ ilə bağlı yazarların münasibətini öyrənib.

Seyran Səxavət: Şairin istənilən şəxs, dünyanın istənilən şəhərinə, ağacına, daşına, quşuna şeir yazmaq hüququ var. Heç bir ölkənin qanunvericiliyində bu qadağan olunmayıb. Vaqif Bəhmənlinin də öz nazirinə şeir yazmağında təəccübü heç nə yoxdur. Onlar uzun müddət bir yerdə işləyiblər. Vaqif bəlkə onu insan kimi çox sevir, götürüb ona şeir yazıb.

Vaqif Bəhmənli ibtidai sinifdə ona dərs demiş və 45 il bundan qabaq vəfat edən müəlliminə də, Nazim Hikmətə də şeir yazıb. Bəyəm müəllimindən, Nazim Hikmətdən umacağı var! Yəni demək istədiyim odur ki, Vaqifin nazirə şeir həsr etməyində heç bir hüququ pozuntusu yoxdur.

Bütün bunlar hamısı əlindən bir iş gəlməyən, nədən yazmağını bilməyən, özünü bilməyən saytların ara qarışdırmağıdır. Belə şeylərə mən son dərəcə pis baxıram. Bu saytların başqa problemləri yoxdur? Kim-kimə şeir yazır, əcəb edir. Vaqif Bəhmənli bizim çox böyük şairimizdir. Onun hüququdur, kimə istəsə şeir yaza bilər.

Əbülfəs Qarayev bizim ən yaxşı nazirlərimizdən biridir. Özü də Qarayev nəslindəndir. Bunlar böyük bir nəsildir, Azərbaycan mühitində həmişə ab-hava yaratmış adamlardır. Qara Qarayev nəinki Azərbaycana, bütün dünyaya bəs olan istedad sahibidir.

Bu töhməti görən olmayıb və mən heç vaxt inanmaram ki, Əbülfəs müəllim kimi təcrübəli nazir, böyük bir nəslin nümayəndəsi belə iş eləsin. Mən elə hesab edirəm ki, nazirin narazılığı o şeirə deyil. Hələ heç kəs ona şeir yazıldığına görə özündən çıxmayıb, əsəbiləşməyib. Sadəcə olaraq şeir çıxandan sonra bu saytlar ağzına gələni yazmağa başlayıb deyə töhmət o saytların söz-söhbətini kəsmək üçün verilib. Mən ümumiyyətlə bizim saytlara Allahdan şəfa diləyirəm və hansı saytlar ki, o şeyləri yazıb o saytları boykot edirəm. Bir də mənə nəyəsə görə zəng etməsinlər.

Rasim Qaraca: “Vaqif Bəhmənli elə həmin o Səməd Vurğun, Rəsul Rza məktəbinin davamıdır - rəhbərə mədhiyyə yaz, işin olsun taraz. Digər tərəfdən, V.Bəhmənlidə günah yoxdur, tələb olmasa təklif olmazdı. Bir şair olaraq Vaqif Bəhmənli ədəbiyyatda öz imzasını təsdiq edə bilməmişdi, artıq bu şeiri ilə tarixdə qalacağı şübhəsizdir.”

Qəşəm Nəcəfzadə: “Son vaxtlar ədəbiyyatda və jurnalistikada məmurların mühasirəsinin yarılmasına bir cəhd var. Bu cəbhə açılsa, böyük “yeniliklər” olacaq. Məncə, müəyyən şeylər bu nöqtədən başlayır...

Vaqif Bəhmənli gözəl şairdir və həm də sevdiyim şairdir. Vaqiflə bağlı baş verən olayda əsas məsələ budur ki, Vaqifin nazirə yazdığı şeir çox zəifdir. Elə əsas problem də bundadır.

Səviyyəli şeir olsaydı problem olmayacaqdı. Şeir o qədər zəifdir ki, hətta gülməli görünür. Misraya baxın: “Bəlkə, sənə görə açılır səhər” Cənab nazir idarə, işçi –məmur münasibətlərinə görə ona töhmət verdi, verməyə də bilərdi.

Demək, nazirimiz ən yaxşı şeiri gözündən tanıyır. Vaqifin yaxşı və yaxın dostu olsaydı, bu şeirin çapını qoymazdı. Görünür Vaqifin yanında dostu yoxdur. Vaqif kimsəsizliyindən, adamsızlığından bu şeiri yazıb.

Vaqif əsasən zəif şairlərə dəstək oldu-deyə belə şeir yazdı. Vaqif gözəl şairlərə, gözəl duğyulara dəstək olsaydı, belə şeir yazmazdı. Vaqif özündən ayrıldı deyə belə şeir yazmağa könlünü razı sala bildi.

Bu şeir Vaqifin dövlət qulluğuna sədaqətindən irəli gəlir. Vaqif özünü belə duyğulara qurban verib. Amma nahaq. Bilirdim ki, Vaqif belə şeir yazacaq. Onun hərəkətlərindən bilirdim. Sədaqətinin tündlüyündən, qəddarlığından bilirdim.

Vaqif son vaxtlar bir az da qəddar olmuşdu. Səmimi görünməyinə baxmayaraq. Ondan bir qələm istəsəydin, bir dəqiqəliyə ver qol çəkim, qışqıraraq deyə bilərdi: “Yooox, verə bilmərəm, bu qələm nazirliyindi.”

Onda bildim ki, belə şeir yazacaq. Bu şeir “baş” tutsaydı, o daha da qəddar olacaqdı. Allah onu çox istəyirmiş, ona qıymadı.”

Mübariz Örən: “Vaqif Bəhmənli ədəbiyyata gələndə ən sevdiyim şairlərdən biri olub. Xüsusən şeirlərindəki səmimiyyət məni daha çox cəlb edib. Təəssüf ki, bu səmimiyyət sona qədər qorunub saxlanılmadı. İlk dəfə onu “Çıxar ürəyini gün işığına” şeiri ilə tanımışam, o, bu şeiri ilə mənim yadımda qalıb. Bu şeir o vaxt üçün yeni bir nəfəs idi. Xüsusən şeirdəki səmimiyyət, fikir, ruh sərbəstliyi məni özünə çəkirdi. Həmin misra hələ də dilimin əzbəridir. Sonuncu şeiri barədə isə - əgər buna şeir demək olarsa - ancaq ah çəkib təəssüf etmək olar. Xoşdur ki, - həm də ağırdır ki - şairin öz misrası öz üzünə çırpıldı. Və uzun müddət unudulmayacaq, əgər bir vaxt dediyi kimi ürəyini gün işığına şıxarmasa.”

# 1793 dəfə oxunub

Müəllifin son yazıları

# # #