“Mən sərxoş olanda yada düşənəm” - YENİ İMZA

“Mən sərxoş olanda yada düşənəm” - <span style="color:red;">YENİ İMZA
3 noyabr 2015
# 21:00

Kulis gənc şairə Baharın şeirlərini ilk dəfə təqdim edir.

***

Əllərim saçımın qanına batdı,
Sildim əllərini saç yaddaşımdan.
Səni ölənəcən unutmaram ha...
Nə qədər gec deyil qaç yaddaşımdan.

Qaç qurtar özünü, cavansan hələ,
Atını dörd nala surən yaşındı,
Sən səmum yelisən, mənsə qasırğa,
Sənin eşq yaşındı, tufan yaşındı.

Gündə yüz gözələ and içəcəksən,
Hələ neçə əllər qızdıracaqsan,
Sən mənə baş qoşma, dəli qadınam,
Sən mənə şeirlər yazdıracaqsan.

Quruyan ümidəm, batan günəşəm,
Sənə özüm boyda dərd gətirərəm,
Yaddaşım anama bənzəyir, adam.
Səni gec taparam, tez itirərəm.

Məndən nigaran ol, arxayın olma,
Oddan aralanıb oda düşənəm.
Gəzib dolanarsan, gün keçirərsən,
Mən sərxoş olanda yada düşənəm.

Ağlına saçlarım gələr yanarsan
Bir qoxu duyarsan, yasəmən, ya mən
Baxarsan güzgüyə, dəli olarsan,
Ay allah, görəsən ya sənəm, ya mən?!

Sən eşqə inanma, sən aşiq olma,
Meyl etmə bahara, qışa, payıza.
Sən nəğmələr söylə, sən şeirlər yaz,
Hələ yelləncəkdə yellənən qıza.

Mənim saçlarım da başıma dərddi,
Mənim saçlarımın yaddaşı ağır.
Toxunma saçıma ağrıdar sonra,
Sonra kəsdirərəm o – cığır-bağır.

Burax saclarımı, o yol, o da sən,
Saçım yollarına dönür, qarışır.
Gedənlər həmişə bircə söz deyib:
"Qısa saç üzünə yaman yaraşır"

Get mən də saçımdan çıxım heyfimi,
Qaraya boyadım, ucunu kəsim...
Ehh, uzun saçın da ayrı dərdi var,
Belə oğlan-fason bəsimdi, bəsim...

***

Nə durmusan süz içək,
Zamanın sağlığına.
Başımdan çəkilməyən,
Dumanın sağlığına.

Qarışır solum-sağım,
Qarsız qalmır heç dağım,
Daha inanmadığım,
İmanın sağlığına.

Bir şikəstə havasın,
Bacaran varsa calsın.
Tar məni bağışlasın,
Kamanın sağlığına.

Nə dost qalıb, nə hayan,
Hamı çılpaq lüt-üryan,
Quzunu qaytarmayan
Çobanın sağlığına.

Sənsiz təkəm sənlə cəm...
Yanmışam külüməcən
İçib-içib öləcəm
Hamının sağlığına!

***

Sən elə bilirsən bu yaşamaqdı?
Gözüm görə-görə oda düşürəm
Yanıram-yanıram ta külüməcən
Bır də köz olanda yada düşürəm

Umudum qırılıb qana bələnir
Mənsə ev tikirəm, daş daşıyıram
Çoxdan xəbər yoxdu, bilmirəm... bəlkə
Bəlkə sən ölmüsən mən yaşayıram

Sənə elə bilirsən bu yaşamaqdı?
Özüm günahıma cəza kəsirəm.
Özüm öz əlimi bağışlayıram,
Özüm incidirəm özüm küsürəm.

Özüm inanıram yalanlarıma,
Özüm öz saçımı sığallayıram.
Özüm öz-özümü görüb yuxuda,
Özüm öz adımı sayıqlayıram.

Sənə elə bilirsən bu yaşamaqdı?
Öz sözüm özümün xoşuma gəlmir
Atam da gədəndə öpüb üzümdən,
Düzələr demişdi, amma düzəlmir.

İndi istədiyin nədi ki, Tanrım,
Sənə şükr etməkmi - göylərə baxıb?
Sənə elə bilirsən bu yaşamaqdı?

Bəlkə də, nə bilim... yadımdan çıxıb.

***

Bır zamanlar
mən anama,
anam atama,
atamsa...
başqasına aşiqdi.

Və illər keçdi
indi mən atama,
atam anama,
anam isə...
şirin olan nə varsa
ona həsrətdi...

Və gün gələcək
anam mənsiz,
mən atamsız,
atam da bizdən xəbərsiz
öləcək.

Və qiyamət qopacaq
dünya dağılacaq
biz qarşılaşacağıq.

Və o zaman əfv edəcəyik
mən tanrını
tanrı anamı,
anamsa atamı...

Tamammı?!

***

Getsən heç nə olmayacaq
Nə dənizin dalğası dəyişəcək,
Nə də şeirlərin mənası,
Yenə kitab oxuyacam,
Yenə əsəb dərmanları...
Yemək arası.
Getsən sərçələrə küsəcəm,
Su verməyəcəm dibçəkdəki
Zanbağa...

Getsən deyirəm ha, canım,
İnan ki, heç nə dəyişməyəcək
TV-lərin xəbərini,
Dünya sammitlərini
İzləyəcəm
Toy müğənnilərinin
Haldan düşmüş səslərində,
Bayağı musiqilər dinləyəcəm.
Səhər açmayacam pəncərəmi
Günəşə...


Getsən dəyirəm ha,
İnanmıram nəsə dəyişə.
Gözlərimi yığacam
Yolların zirvəsindən.
Quruyar daha üç günə-beş günə
Əllərimi deyirəm e...
Öyrəşmişdilər əllərinə


Getsən
Daşa dönəcəm.
Özüm boyda bır daşa
Şikayətim yoxdu vallah
Yaşayacam... daşlığımla baş-başa
Getsən...


Qatil olacam
Qətl edəcəm küçə pişiklərini
Siçan zəhəriylə
Səhərəcən içəcəm
Sənin olmadığın şəhərin
Tanımadığım bir nəfəri ilə...

Getsən heç nə dəyişməyəcək
Mən bır az dəli olacam
Bəlkə də...

Yenə anam təsəlli verəcək:
"Gedir getsin...
ondan başqa gedən yoxdu ölkədə?"

***

Otağımda divarlar,
Divarlarda şəkillər,
Şəkillərdən gözlərin,
Yenə də yol çəkirlər...

Gecələrdə qaranlıq,
Qaranlıqda bır anlıq,
Səni xatırlayıram.
Əllərin ciblərində,
Və saçlarım dağınıq...

Yenə ikimiz yolda,
Əllər beldə, bel qolda,
Gedirik addım-addım,
Görən keçən olubmu?
Bu darısqal küçədən,
Sən adda, mən ağılda?

Sabahı gözlə gəlim,
Gözlə gəlim, ay dəlim.
Yavaş-yavaş yumulur,
Sənə acıq gözlərim.

***

Anadan əngəlli doğulmuşam mən
Evdən, ailədən, eşqdən əliləm.
Dur daha bitirək bu həngaməni
Tanrı, aç qapını, qurban gəlirəm.

Gəlirəm, gəlməyə azca üzüm var
Hələ tor qururam, kəmənd atıram.
Sayəndə peşəkar alçaq oluram
Mən dost aldadıram, yalan satıram.

Ölüm yazısını yaraşdırmısan,
Alnımın yerinə, sol biləyimə.
İki-bir öndəsən yenə bu gəcə
"Dostum, keçər" - dəyib, vur kürəyimə.

***

Basım bədənimdən ağır
Qolum əllərimdən fağır
Lap uzaqdan bır it baxır
Tutmağına az qalıb.

Aza dönür bütün çoxlar,
Bir də baxacam ki, yoxlar,
Bəxtim yuxudan darıxar,
Yatmağına az qalıb.

Bu yaşıma, bu başıma,
Ölüm-qalım savaşıma,
Anamın mənzil başına,
Çatmağına az qalıb.

Səndə yerimə qoy məni,
Yandırmamış yerim səni,
Tanrının fırladıb məni
Atmağına az qalıb.

***

Külək səmtini dəyişir

saçlarımı sovurmağından bilirəm

çərpələngindən muğayat ol, çocuq!

***

Tanrı geri al bu ömrü
Nə diş bilsin, nə dodaq
Gedək içək səhərəcən
Və rahatca uyuyaq

Səndən incikliyim yoxdu
Atacanı deyirəm.
Elə can vermisən mənə
Heç öləsi deyiləm

İpimdən tut fırlat yenə
Hara gəldi at məni
Bir eşq göndər bir də şair
Bir şeirə sat məni

Tanrı, başına dolanım
Varsan, yoxsan bilmirəm
Sən də çox gəlmə üstümə
Görürsən ki, ölmürəm

Mənim canim it canıdı
Dözəcəm, nə var göndər
Görəndə ki, düz gedirəm
Şeytanı yolla, döndər

İçib-içib səhərəcən
Sənə dua edəcəm
Elə təkcə qoymusan ki
Olmayacam bir də cəm

Tanrı, daşına nə gəlib
Sal ordan - gözləyirəm.
Səndən incikliyim yoxdu
Atacanı deyirəm.

***

Saçımdan dırnağımacan
Ağacımdan yarpağımacan
Göyümdən torpağımacan
YOXSAN!

Ağımdan qarama kimi
İçimdən yarama kimi
Haqqımdan harama kimi
YOXSAN!

Şərabdan zəhərə qədər
Küçədən şəhərə qədər
Gecədən səhərə qədər
YOXSAN!


Sirr kimi saxladım səni
İt kimi qoxladım səni
İçimdə yoxladım səni
YOXSAN!


Danılmış imanam, dinəm
Mələyəm, şeytanam, cinəm
İki gözüm qədər əminəm
YOXSAN!


Qırılmısan inam kimi
Vəfasızsan zaman kimi
Atam kimi, anam kimi
Yoxsan... YOXSAN!

***

Mən bir az qəribəm, bir az qəribə,
Əlim bu dünyanın işinə yatmır.
Mənim çəkdiyim ah, Füzuli demiş,
Bu yatmış bəxtimə çatır, oyatmır.

Məndən əl üzməyə əl yeri saxla
Bir gün getməyə də dodaq yeri qoy.
Bütün ürəyini vermə ha mənə,
Yarsın ver, yarsın da bir az geri qoy.

Mən yol qadınıyam, yolçu qadınam,
Səndən uzaqdadı yolum... incimə.
Mən ağac qadınam, budaq qadınam,
Köksüz sarmaşıqdı qolum... incimə.

Sən məni sevməyi sabaha saxla,
Sonra dərd çəkərsən, əzab tutarsan.
Sən mənlə sevişmə şeir yaz, adam,
Haramam, günaham... etmə, batarsan...

Bunun cəhənnəmi, bunun odu var,
Mən qır qazanıyam, günaham, şərəm.
Cənnətdən qovulmuş mələk də mənəm,
Mən bir az qəribəm, mən birtəhərəm.

Get! Uzaq dur məndən! Gəlmə yaxına,
Nə səndən küskünəm, nə də gileyli.
Ağlıma yüz dənə günahın gələr,
Mən bir az dəliyəm, bir az he-heyli.

Oğlum, get sevməyə başqa adam tap,
Harama yaraşır sevgi - bu yaşda?
Mən leysan qadınam, tufan qadınam,
Səni tərk edərəm qarda, yağışda.

Mən bir az qəribəm, bir az qəribə.
Məni unutmağa indidən basla!
Mən Tanri Qadınam, Tanrı, qadınam!
Səni öldürməmiş məni bağışla...

***

Əlləri tütün qoxuyan qadınların

gözəl hekayələri olur, şair,

tam bir "Şəbi-hicran"lıq...

***

Bir uzaq ola deyirəm,

Saçlarımı da götürüb gedəm...

***

Gəl kömək et ocaq çataq,
Bu yanmayan ağacdan
Qışda da yamyaşıl qalan
Bu donmayan ağacdan.

Heç gəlməyən sorağına,
Yarasının sarığına,
Budağının qırığına,
Ağlamayan ağacdan.

Qonaq edər dostu, yadı,
Nə abrı var, nə inadı.
Üstünə yazdığım adı,
Saxlamayan ağacdan.

Yad deyilik, dost deyilik,
Acıq, toxuq sər-səfilik,
Biz daha nə gözləyirik
Quş qonmayan ağacdan

Çıxammadıq bir qırağa,
Yaraşmadıq yaşamağa,
Dur gedək bizi asmağa -
O sınmayan ağacdan...

***

Elə qəribə darıxıram...
Sanki indi çıqqılı-çıqqılı qarışqalar
Daraşıb canıma
Hərəsi bır çıqqılı tikəmi götürüb,
Batırıb qanıma yeyəcək.
Sonra anam eşidəcək öldüyümü,
Şəkəri qalxacaq.

Qardaşım da anam öləcək dəyə qorxacaq,
Yığışacaq beş, on, on bəs arvad bir yerə,
Bir-birinə həyatımı danışacaq,
Altın-üstün bəzəyərək...

Elə darıxıram,
Sanki indi zəlzələ qopacaq,
Bizim binamız
Domino daşları kimi düşəcək üst-üstə.
Yuxarıdakı qoca rus qadını
Mənim üstümə,
Mən də aşağıdakı
ROK-çu gədənin...


Və beləcə bır dəmir papaq əminin
"Kimsə varmı?" - sualına,
Cavab verməyəcəm,
qonşunun qapısının altından.

Amma... darıxıram doğurdan

Elə qəribə darıxıram ki,
Bır qara daş ola
Oturub söhbət edəsən
O susa, sən dinləyəsən
Sonra heç kimə demədiyini ona deyib,
Atasan göyə...
Kimə dəyə, dəyə...

# 5514 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #