Bombalar enirdi Quran ayələri kimi – şeirlər

Bombalar enirdi Quran ayələri kimi – şeirlər
16 fevral 2016
# 14:29

Kulis Taleh Eminoğlunun yeni şeirlərini təqdim edir.

An

Nərmin üçün

Neçə il

neçə ay

neçə gün oldu

səni görməyim?

dünyanın yanaqlarına bir dəfə öpüş

qondurdu günəş

bəs mən səni neçə dəfə öpdüm?

unutdum

qarışqalar yuvalarına çəkilmişdi

sərçələr ac

ağaclar çılpaqdı

xoşbəxt və ümidliydi uşaqlar

qar qapıya dayanmışdı

mən səni ilk gördüyümdə.

hələ devalvasiya olmamışdı

atalar evinə çörək apara bilirdi

və bombalar enirdi Quran ayələri kimi

tanrıya deyil,

sülhə möhtac ölkələrə

mən səni ilk gördüyümdə.

səndən xəbərsiz sevməyi öyrədirdi mənə gözlərin

dilimi həbs etmişdi dodaqlarım

və gözlərim demişdi sənə "xoşgördük, sevgilim"

mən səni ilk gördüyümdə.

neçə il

neçə ay

neçə gün oldu

səni görməyim?

Çörək

Yaşıl yarpağı yeyir yaşıl qurd

Çörək doğrayanda barmağını

kəsən qadın kimi

sızlayır ağac – səssizcə

uşaqlar çörək istəyir

dözmək gərək ağrıya

eynən o qadın kimi

Qar

Qar yağdı

sərçə kimi qondu

ağaca

səkiyə

eyvanıma

əridi

yox oldu

uşaqlığımız kimi

bir göz qırpımında

İki qapı arasında


Ayaqlarım Yer üzünə

əllərim göy üzünə

mismarlanıb elə bil

nə qopuram göydən

nə də yerə hopuram

çəkilmişəm tarıma

yerlə göy arasında

ayaq izim

əl izim

tanrı qapılarında

yer qapını döyürəm

göy qapını döyürəm

açan yoxdu

açan yox

nə səs gəlir

nə hənir

gizlincədə baxan yox

Oğurluq


Qadının əlindədi

kişinin xoşbəxtliyi

kişi itirib
qadının xoşbəxtliyin
qoy boşuna axtarmasın
əlindən salmayıb

əlinin içindən oğurlayıb
ona salam verən kişi

Son pay

İnsanları çörəyə

özü qoxusuna həsrət

şəhərim

qarışqalar da dünən yedi son çörək qırıntısını

Yol

Mənim evimə gələn əyri yol
kimin evindən başlayır görən?
evimin çürümüş taxta qapısı,
kimin qapısına oxşayır görən?

# 1321 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #