Peyğəmbər olmaq istəyən uşaq – ASİ SUALLAR

Peyğəmbər olmaq istəyən uşaq – <span style="color:red;">ASİ SUALLAR
9 fevral 2018
# 17:40

Kulis.az gənc yazar Azər Xanların “Asi suallar” pritçasını təqdim edir.

Baba-nəvə söhbəti

- Baba, mən böyüyəndə peyğəmbər ola bilərəm?

- Yox, ay bala, peyğəmbəri Allah özü seçir.

- Mən neyləyim ki, Allah məni də seçsin?

- Böyüyəndə bu suallara özün cavab taparsan. Hələ ki ata-babanın yolunu saxla, dinimizin buyurduqlarına əməl elə. Bizim davamçımız ol.

- Baba, mən bilən, elm öyrənmək daha maraqlıdı. İki üstəgəl ikinin cavabını ədəbiyyat müəllimi də, fizika müəllimi də, cəbr müəllimi də eyni cür verir. Amma din haqqında İranda oxuyub gələn Molla Nəcəf bir söz deyir, Türkiyədə oxuyub gələn Molla Qəşəm ayrı söz. Sinif yoldaşım xristian Andreyin pravoslav atası da anasını katolik kilsəsinə getdiyinə görə söyür həmişə. Niyə belə olur? Kimin günahıdır bu?

- Bala, uzaq ol o beyni şikəst mollanəcəflərdən, mollaqəşəmlərdən! Onlar danışdığı din deyil, hoqqabazlıqdır. Onlar din əhli deyil, din tacirləridir.

- Ay baba, onlar da sənin doğru bildiyin dinə, namaza hoqqabazlıq, dəllallıq deyirlər... Baba, biz iki min il qabaq yaşasaydıq, oda inanardıqmı, inəklərə səcdə eləyərdikmi? Axı onda islam dini hələ göndərilməmişdi.

- Ay bala, Allah hər dini öz zamanına görə göndərib.

- Onda Allah niyə xristian dinində insanlara deyir rahib olun, ailə qurmayın, amma islam dinində buyurur ki, evlənin, nəsil artırın, kişilər istəsə 2, 3, 4 arvad alsın. Xristian adamını islam adamından niyə ayırır? Allah adamların az olduğu 1-ci əsrdə niyə istəməsin ki, kişilər evlənsin, insanların sayı çoxalsın, amma 7-ci əsrdə adamların sayı çox olsa da, yenə onların çoxalmasını istəyir, kişilərin çox arvad almasını doğru sayır?

- Ay bala, dövlətin də qanunları olur, zaman dəyişdikcə ordan bəzi bəndlər çıxarılır, bəziləri əlavə olunur. Allah nəyin düz, nəyin səhv olduğunu elçilərinin diliylə bizə çatdırıb.

- Ay baba, axı dövlətin qanunlarını adamlar yazır, yazdıranlara necə sərf eləsə, elə də yazırlar. Amma Allah səhv eləməz, tərəf saxlamaz. Bir də ki, hər möcüzənin şahidi olmalıdır. Allah hansı peyğəmbərlə danışanda bunu bir başqası da görüb? Allah niyə heç bir kitabı 2, 3, 5, 10 peyğəmbərə birdən göndərməyib? Birinə Tövrat göndərib, birinə Zəbur, birinə İncil, birinə də Quran. Hamısı da şahidsiz.

- Ay bala, O, yerin-göyün ağasıdı, biz Ona şahid dura bilmərik. O, dünyanı yaradanda da şahidsiz yaradıb.

- Allah niyə qullarını fərqləndirir onda, baba? Onların içindən peyğəmbər seçir? Axı qulun qulluqdan başqa vəzifəsi olmaz. Bəs hanı Onun ədaləti? Möcüzə göstərə bilməzdimi Allah? Məsələn, adamlar bir səhər oyanardılar, həqiqət hamısına əyan olardı. Kitaba, peyğəmbərə də ehtiyac qalmazdı.

- Ay bala, sən məktəbdə qələm-dəftərsiz, kitabsız-müəllimsiz nəsə öyrənə bilərsən? Allah insanları düz yola çəkmək üçün kitablar, peyğəmbərlər göndərib.

- Baba, axı o peyğəmbərlərin hansı möcüzəsi sübuta yetirilib? Nuhun gəmisimi tapılıb, quş dili bilən Süleymanın lüğətimi?

- İsa peyğəmbərin öldürüləcəyini bilə-bilə ölümə getməsi, çarmıxa çəkilməsi qəhrəmanlıq deyilmi, mənim balam?

- Ay baba, İsa peyğəmbər o çarmıxı qırıb-töksə, ona cəza kəsənləri qılıncdan keçirsə, qəhrəman olardı. Başını aşağı salıb haqsız cəzaya tabe olmaq qorxaqlıqdır, məncə.

- Ay bala, elə məqam var ki, orada öldürmək yox, ölmək qəhrəmanlıq sayılır.

- Ay baba, igid ölən cənnətə düşür?

- O baxır igidliyə, ay bala.

- Yaxşı, biri o birinin haqqını yedi, düşdü cəhənnəmə. Haqqı yeyilən də cənnətdə. Axı onlar bir-birini görməyəcək. Bəs haqqı yeyilən nə biləcək ki, Allah onun qisasını alıb?

- Yəqin Allah onları hardasa üzləşdirər... Sən şəkk eləmə, oğul, O Kişinin zərb-dəstini hələ çox görəcəksən həyatda, çox... Darıxma.

- Ay baba, mən şəkk eləmirəm, mən istəyirəm Allah doğrudan da olsun.

- Arxayın ol, bala, sən artıq istəyinə çatmısan.

- Bir də bilirsən ən çox nə istəyirəm?

- Nə?

- İstəyirəm dünyada bir din olsun.

- İnşallah dinimiz bütün dünyaya yayılar, sən deyən olar.

- Yox, mən istəyirəm yeni din gəlsin, hamı üçün bir din.

- Əstəğfürullah!

- İstəyirəm Allah məni də özünə peyğəmbər seçsin.

- Lənət şeytana!

- Niyə qorxdun, baba, bəyəm mən pis şey istədim?..

# 1263 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #