Oljas Süleymenov: "Mənim indi kimisə oxumağa vaxtım yoxdur"

Oljas Süleymenov: "Mənim indi kimisə oxumağa vaxtım yoxdur"
17 iyun 2014
# 13:45

"Bizim yazıçıların Avropaya çıxmasında problemlər, maneələr çoxdur. Amma sizə deyim ki, sizdə olan maneələr elə Rusiyada da , Qazaxıstanda da var. Əvvəl dövlət ədəbiyyata dəstək verirdi. İndi dövlət deyir ki, söz azadlığıdır, ədəbiyyatla özünüz qazanın. Yəni, ədəbiyyat artıq bazara çıxıb, əmtəəyə çevrilib. Amma təəssüf ki, gəlir azdır". Bunu Kulis. az-a müsahibəsində tanınmış qazax yazıçısı Oljas Süleymenov deyib.

Yazıçı gənclərin oxumamasından da şikayətlənib: "Gənclər oxumurlar. Əvvəllər dövlət oxumağa məcbur edirdi. Bizim ölkə dünyada ən çox kitab oxunan ölkə idi. Bu da elmin inkişafına, təhsilə dəstək verirdi. İndi internet oxumağa mane olur".

Olsaj Süleymanov ötən əsrin 60-70-ci illərində kitabın yüz minlərlə tirajla nəşr olunduğunu xatırladıb: "Qonorar çox idi, stimul var idi. İndi qonorar verilmir, ya da az verilir. Pulu başqa yolla qazanmağa məcbur olurlar, ona görə də az yazırlar. Məncə, indi dövlətlər, xüsusilə də Azərbaycan ədəbiyyata diqqət göstərməyə başlayıb. Və iki-üç ildən sonra biz kitabların yayım sistemini quracağıq. Onda yazmağa da maraq yaranacaq. Çünki qonorar olacaq. Onda yaradıcılığa maraq olacaq və əsl oxucu da yetişəcək".

O. Süleymanov hesab edir ki, türkdilli dövlətlərdə ədəbi əlaqələri yalnız ədəbiyyatın köməyi ilə inkişaf etdirmək olar: "Ədəbiyyatı gücləndirsək, tərcüməyə də, əlaqələrə də maraq olacaq".

O, "Gənc yazıçıları oxuyursunuzmu?" - sualına cavabında bildirib: "Mənim indi kimisə oxumağa vaxtım yoxdur. Azacıq boş vaxtım olan kimi onu yazmağa xərcləyirəm".

Yazıçı ədəbiyyatda açıq-saçıq mövzulara yer verilməsinə normal yanaşdığını da bildirib: "Hər şeyi yoxlamaq olar. Təki, o, ədəbiyyata ziyan verməsin. Mən bu yaxınlarda qəzetdə Eduard Limonov adlı rus yazıçısının müsahibəsini oxudum. Ondan soruşurlar ki, sizin Puşkinə münasibətiniz necədir? Deyir ki, belə, tənbəl adam olub, cəfəngiyat yazıb, 37 yaşına kimi də Ərəbistandan başqa heç yerə getməyib, Amerikaya da getməyib".

O. Süleymenov bildirib ki, gənclər klassikanı mütləq oxumalıdırlar: "Onlar ədəbi zövqlərini formalaşdırmalıdırlar. Klassik əsərlər bunun üçündür. Azərbaycanda, Rusiyada, dünyada klassik əsərləri mütləq oxumaq lazımdır. Mən söhbətimi bir əhvalatla bitirmək istəyirəm. Bir böyük riyaziyyatçı olub, deyəsən familiyası Moiseyeviçdir. Ondan soruşublar ki, uşaqların fizika və riyaziyyatı yaxşı mənimsəməsi üçün nə etmək lazımdır? O, deyib ki, yalnız bir yol var: ədəbiyyat dərslərinin sayını artırmaq! Sual verənlər təəccüblənəndə məşhur riyaziyyatçı deyib ki, təəccüblənmək lazım deyil, ədəbiyyat beyni genişləndirir, onun imkanlarını açır. Ədəbiyyat oxuyan adama riyaziyyatı, fizikanı öyrənmək daha asan olacaq".

# 2364 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #