Xalq yazıçısı adı necə geri alına bilər? ƏSASNAMƏ NƏ DEYİR?

Xalq yazıçısı adı necə geri alına bilər? ƏSASNAMƏ NƏ DEYİR?
1 fevral 2013
# 13:03

Xalq yazıçısı Əkrəm Əylislinin “Daş Yuxular” romanı cəmiyyətdə böyük reaksiya doğurub. Əkrəm Əylislini müdafiə edənlərlə yanaşı əleyhdarları da az deyil. Artıq sosial şəbəkələrdə yazıçının “Xalq yazıçısı” fəxri adından məhrum edilməsi ilə bağlı çağırışlar var. YAP-ın icra katibi Əli Əhmədov da Əkrəm Əylislinin “Xalq yazıçısı” adını daşımağa haqqı olmadığını bildirib.

Kulis.Az “Xalq yazıçısı” fəxri adından məhrum edilməsinin proseduru ilə bağlı araşdırma aparıb.

Azərbaycan Respublikasının fəxri adları 1998-ci ilin 22 mayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasının fəxri adları haqqında” fərmanla təsis edilib.

Əkrəm Əylisli həmin fərman imzalandıqdan bir gün sonra-ölkə prezidentinin 1998-ci ilin 23 mayında imzaladığı fərmanla “Xalq yazıçısı” adına layiq görülüb.

Eyni fərmanla Anar, Elçin, Maqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov, Yusif Səmədoğlu, Hüseyn İbrahimov da “Xalq yazıçısı” fəxri adına layiq görülüblər.

Nazirlər Kabinetinin hazırlaşdığı “Azərbaycan Respublikasının Fəxri adları haqqında əsasnamə”nin 15-ci maddəsi fəxri addan məhrum etmənin hallarını müəyyən edir. Fəxri adın verilməsi kimi ondan məhrumetmə də Azərbaycan Respublikası Prezidentinin səlahiyyətinə daxildir.

Maddənin “a” bəndinə görə fəxri ad almış şəxs ağır cinayətlə məhkum olunduqda məhkəmənin təqdimatına əsasən, Prezidentin fərmanı ilə fəxri addan məhrum olunur.

Əsasnamənin eyni maddəsinin “b” bəndi isə fəxri ad almış şəxsin onu ləkələyən xəta törətdiyi zaman fəxri addan məhrum edilməsini nəzərdə tutur. Belə olduqda da Nazirlər Kabineti, ya da Milli Məclisin təqdimatı əsasında Prezidentin fərman imzalaması ilə məsələ həllini tapır.

# 4656 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #