Sehrli pencək - Dino Butsattinin hekayəsi

Sehrli pencək - <span style="color:red;">Dino Butsattinin hekayəsi
2 may 2019
# 21:01

Zövqlə geyinmək mənim azarımdı, amma başqalarının paltarı yaxşı tikilib, ya yox, qəti vecimə deyil.

Bir dəfə Milanda bir ziyafətdə qonaq idim və o ziyafətdə, təxminən qırx yaşı olan bir kişi, paltarının sadə gözəlliyi ilə çevrəsinə işıq saçırdı.

Kim olduğunu bilmirdim, ilk dəfəydi qarşılaşırdım. Bizi tanış etdilər. Bu vəziyyətlərdə həmişə başıma eyni şey gəlir, yeni tanışım adını deyir və mən bu adın mənasını başa düşmürəm, yenə eyni şey oldu, amma gecə boyunca bir-iki dəfə yanaşı düşdük və az-maz danışdıq. Mədəni insan idi, lakin nəsə çox kədərli görünürdü. Ölçüsüz mehribanlıqla – Tanrı qüsurumu bağışlasın – onun paltarını təriflədim, hətta dərzisinin kim olduğunu da soruşdum.

Onun üzünə qəribə bir təbəssüm qondu, sanki elə bu sualı gözləyirmiş. Təzə tanışım dilləndi:

“O dərzini demək olar ki, heç kim tanımır, amma işinin ustasıdır. Ürəyi istəyəndə işləyir. Üç-beş müştərisindən başqa heç kimə paltar tikmir.”

“Görəsən mənə də...”

“Şansınızı yoxlayın. Adı Kortiselladır. Alfonzo Kortisella. Yeni Ferrara küçəsi 17-də yaşayır.”

“Deyəsən baha tikir...”

“Yəqin ki, amma inanın, bilmirəm. Bu kostyumu üç il əvvəl tikib. Hələ də mənə hesabı göndərməyib.”

“Deməli Kortisella, Ferrara küçəsi -17, hə?”

“Bəli”- dedi təzə tanışım, sonra asta-asta məndən uzaqlaşıb başqa qonaqların yanına getdi.

Ferrara küçəsi 17-də bir-birinin oxşarı olan sayısız dərzixanalar vardı. Alfonzo Kortisellanın dərzixanası da, o biri dərzixanalar kimi idi. Qapını özü açdı. Yaşlıydı, saçları qaraydı, amma görünür rəng qoymuşdu. Düşündüyüm kimi özünü baha satmadı, amma qəribə idi, elə bil, müştərisi olmaq istəyim onu narahat etmişdi. Ünvanını necə aldığımı danışdım, tikməyini təriflədim, mənə bir kostyum tikməsini istədim. Boz yundan bir parça seçdik, ölçülərimi götürdü, yoxlanış üçün evimə gəlməyi təklif etdi. Zəhmət haqqını soruşdum. ”Qaçhaqaç deyil, razılaşarıq” – dedi. Ürəyimdə öz-özümə “nə mülayim insandır” – dedim, amma evə qayıdanda hiss elədim ki, bu yaşlı kişi məndə anlaşılmaz bir sıxıntı, narahatçılıq yaradır. Bəlkə də süni gülüşünə görə məndə belə fikir yaranmışdı, bilmirəm. Kəsəsi, onu bir də görmək istəmirdim. Neyləməli, artıq sifariş vermişdim. Kostyum iyirmi gün sonra hazır olmalıydı. İyirmi gün sonra Kortisella kostyumu gətirəndə, geyinib bir saniyəlik güzgüdə özümə baxdım, mükəmməl idi. Amma içimdə yeni paltarı geyinmək istəyi yox idi, səbəbini bilmirdim, bəlkə də sevimsiz qocanı xatırlatdığı üçün belə idi. Yeni paltarımı bir neçə həftə geyinməmək qərarına gəldim.

Həmin günü heç unutmayacağam. Bir aprel səhəri idi, yağış yağırdı. Kostyumu – şalvar, pencək, jilet – geyinəndə, yeni paltarın bədənimə qüsursuz şəkildə oturmasına çox sevindim. Elə bil, kostyum özü bədənimin biçiminə uyğunlaşmışdı.

Pencəyin sağ cibinə adətən heç nə qoymuram, portmanatımı həmişə sol cibimdə olur. Buna görə də bir neçə saat sonra büroda səhvən əlimi sağ cibimə salanda, əlim bir kağıza dəydi, çaşıb qaldım. Nədir bu, dərzinin xəttkeşidi?

Yox, xətkeş deyildi. On min liretlik kağız pul idi.

Çaş-baş qaldım. Pulu sağ cibimə qoymamışdım, buna yüz faiz əmin idim. Dərzi çıxıb gedəndən sonra paltara yaxınlaşa biləcək yeganə adam, evimi təmizləyən qadın idi, onun da mənə qarşı belə səxavətli olmasını düşünmək cəfəng olardı. Bəlkə saxta pul idi? İşığa tutdum və öz pullarımla qarşılaşdırdım. Heç nə, can sağlığı, tərtəmiz həqiqi pul idi.

Bəs nə olmuşdu? Bircə variant qalırdı: Kortisellanın fikri dağınıq olub və hansısa müştərisi gəlib hesabı ödəyəndə, həmin vaxt portmanatı yanında olmayan dərzi “dostum”, pulu ortalıqda qoymamaq üçün, soxadan asılı pencəyimin cibinə basıb. Bu, ağlabatan idi.

Zəngi basıb katibəmi çağırdım. Kortisellaya bir məktub yazıb, pulu geri göndərmək istəyirdim, amma səbəbini bilmirəm, nədənsə əlimi yenə cibimə saldım.

“Nə olub , xəstə deyilsiniz ki?“ – deyə soruşdu, həmin vaxt otağa girən katibəm. Meyit kimi ağappaq olmuşdum. Cibimdə barmaqlarımın ucuna yeni kağızın kənarı dəymişdi, amma bayaq cibimdə heç nə yox idi, heç nə.

“Heç nə, başım gicəlləndi bir az. Arada olur, yəqin yorğunluqdandı. Siz gedə bilərsiniz, bir məktub yazdıracaqdım, sonraya yazarıq.” – dedim.

Kağızı katibəm gedəndən sonra cibimdən çıxartmaq cəsarəti tapdım. Yenə on min liret idi. Bundan sonra üçüncü dəfə yoxladım. Üçüncü dəfə də pul çıxdı.

Ürəyim tez-tez döyünməyə başlamışdı. Bir sirri-müəmma nəticəsində, sanki uşaqlara danışılan, amma gerçəkliyinə heç kimin inanmadığı nağıl dünyasına düşmüşdüm.

“Özümü pis hiss edirəm” - bəhanəsiylə bürodan çıxıb evə qaçdım. Tək qalmaq istəyirdim. Xoşbəxtlikdən xadimə çoxdan getmişdi. Qapıları bağladım, pərdələri örtdüm. Sürətlə, dayanmadan cibimdən bitib tükənməyən pulları çıxartmağa başladım.

Möcüzənin hər an sona çatacağı qorxusuyla, böyük əsəb gərginliyi içində əlim cibimlə oynayırdı. Gecə səhərəcən işləyib milyardlar qazanmaq istəyirdim, amma müəyyən həddən sonra artıq gücüm qalmadı.

Qarşımda dağ kimi pul yığını vardı. İndi önəmli olan, bunları gizlətmək, heç kimin duyuq düşməməsini təşkil etmək idi. Köhnə bir çamadanı boşaltdım, dəstə-dəstə pulları, bir ucdan saya-saya çamadana basdım. Əlli milyondan artıq idi.

Ertəsi gün, xadimə gələndən sonra oyandım. Qadın məni yataqda paltarlı görəndə təəccübləndi. Gecə çox içdiyimi, sonra da qəfildən yuxuladığımı dedim, yalandan gülməyə də çalışdım. Yeni bir sıxıntı yaranmışdı: qadın istəyirdi ki, heç olmasa fırçalamaq üçün paltarımı çıxardım.

Tələsik getməli olduğu, paltar dəyişməyə vaxtım qalmadığını dedim. Sonra isə eyni parçadan başqa bir kostyum almaq üçün hazır geyim mağazasına qaçdım. Xadiməyə o kostyumu verəcəkdim. ”Özümkünü” - bir neçə gün içində məni dünyanın ən güclü insanlarından biri edəcək kostyumu isə gizlədəcəkdim.

Yuxu görürdüm, yoxsa xoşbəxt idim , ya taleyin ağır yükü altında həddən artıq əzilirdim? Bunu anlaya bilmirdim. Yolda həmişə sehrli pencəyin cibini yoxlayırdım. Hər dəfə rahat bir nəfəs alırdım. Parçanın altından kağız pulun ürəyimə su çiləyən xışıltısı gəlirdi.

Gözlənilməz bir təsadüf sevincimi gözümdə qoydu. Səhər qəzetdə, dünən baş vermiş bir soyğunçuluq xəbəri gördüm. Bir bankın şöbələrdən topladığı gündəlik gəliri mərkəzi şöbəyə aparan zirehli maşın Palmanova küçəsində dörd soyğunçunun hücumuna məruz qalmışdı. Şahidlərin dediklərinə görə, qanqsterlərdən biri özünə yol aça bilmək üçün atəş açmışdı. Yoldan keçənlərdən biri ölmüşdü. Məni çaşdıran, oğurlanan pulun miqdarı olmuşdu: düz əlli səkkiz milyon. (mənim pulum qədər) Mənim gözlənilməz zənginliyimlə təxminən eyni vaxtda baş verən soyğunçuluq hadisəsi arasında hansısa əlaqə ola bilərdimi? Belə düşünmək mənasız idi, üstəlik, batil inanclarım yox idi, amma yenə də hadisə məni çaşdırmışdı.

İnsanın əlinə keçən nə qədər artırsa, istəyi də o qədər artır. Vərdişlərimin, istəklərimin adiliyini nəzər alsaq, artıq zəngin idim. Lakin sərhədsiz lyuks həyatın cazibəsinə qapılmışdım. O gecə yenidən “işə” başladım. Bu dəfə daha təlaşsız çalışır, əsəblərimi daha az pozurdum. Sərvətimə yüz otuz beş milyon da əlavə etdim.

Həmin gecə gözümə yuxu girmədi. Bu təhlükənin öncəgörümü idi, yoxsa haqsızcasına böyük sərvətə qovuşan birinin vicdan əzabı? Ya da qeyri-müəyyən peşmançılıq? Gün işaran kimi yataqdan qalxdım, geyinib qəzet almaq üçün küçəyə qaçdım.

Qəzeti açan kimi nəfəsim daraldı. Şəhərin mərkəzindəki San-Kloro küçəsində, mazut anbarında baş verən dəhşətli yanğın bir binanın yarısını kül eləmişdi. Bu yanğında böyük şirkətlərdən birinin kassaları da yanmışdı, içində də yüz otuz milyondan artıq pul. Yanğında iki yanğınsöndürən ölmüşdü.

İndi neyləməliydim, günahlarımı bir-bir saymalı, bu günahların haqqını verməliydim? Bəli, çünki pencəyin mənə qazandırdığı pulların cinayətdən, qandan, ümidsizlikdən, ölümdən gəldiyini, cəhənnəm hədiyyəsi olduğunu artıq dəqiq bilirdim. Lakin içimdəki məntiq tələsi ağzını büzür, bəraətlər icad edir, mənim hər hansı məsulliyyətimin olması ilə razılaşmırdı. Beləcə, şeytana uymaq çəkidə ağır gəlir, əlim – elə asandı ki! – cibimə girir və barmaqlarım son dərəcə sürətli arzuyla hər dəfə bir kağız pulun ucundan tuturdu. Pul, müqəddəs pul!

Köhnə evdən köçməmiş, (diqqət çəkməmək üçün) qısa vaxtda qıraqda böyük bir villa almışdım, dəyərli bir rəsm kolleksiyam vardı, lyuks avtomobildə gəzirdim, “səhhətimlə əlaqədar” işdən çıxmışdım, bir-birindən gözəl qadınlarla dünyanın dörd tərəfini dolaşırdım.

Pencəyimdən hər pul çıxaranda, yer üzündə utanc və əzab törədən bir hadisə baş verdiyini bilirdim, amma həmişə məntiqli sübutu olmayan şüursuz qərarlarla hərəkət edirdim. Bir yandan da, cibimdən hər pul çıxaranda, vicdanım bir az da korşalır, daha da çirkinləşirdi. Dərzimi? Borcumu öyrənmək üçün zəng elədim, heç kim cavab vermədi. Ferrara küçəsinə, dərzini axtarmağa getdim, onun xaricə köçdüyünü söylədilər, hara getdiyini bilmirdilər. Beləcə, hər şey mənə agah oldu: mən özümün də xəbərim olmadan, şeytanla müqavilə imzalamışdım.

Bir gün neçə ildi qaldığım binada, altmış yaşındakı təqaüdçü qadının cəsədi tapıldı, qazdan boğulmuşdu. Bir gün əvvəl əlinə keçən (və mənim əlimə gələn) otuz min lireti itirdiyi üçün intihar etmişdi.

Artıq kifayət idi. Uçurumun dibinə yuvarlanmamaq üçün pencəkdən qurtulmalıydım. Başqasına vermək olmazdı, çünki bu vəziyyət davam edə bilərdi. (Belə bir aldanışa kim dözə bilərdi axı?)

Alp dağlarda tənha bir vadiyə getdim. Avtomobilimi bir çəmənlikdə saxladım, meşəni keçib, hündürə bir yerə dırmaşdım. Heç kim yox idi. Daşlı-kəsəkli bir yerə çatdım. Burada – iki div boyda qayanın arasında, çantamdan uğursuz pencəyi çıxartdım, üstünə benzin töküb yandırdım. Bir neçə dəqiqəyə külə döndü.

Alovların son titrəşiyi zamanı arxamdan – sanki iki-üç metr geridən – bir insan səsi eşidilən kimi oldu: “Çox gecdi, Çox gecdi!“ Qorxuya qapıldım, ilan kimi geriyə qıvrıldım. Heç kim yox idi. Qayaların üstüylə tullana-tullana bu uğursuz səsin sahibini tapmaq üçün ətrafı axtardım.Heç kəs yox idi. Qayalardan başqa heç nə yox idi.

Bərk qorxsam da, bir təhər özümə gəlib vadiyə endim. Artıq azad idim, üstəlik, tale üzümə gülmüşdü, zəngin olmuşdum.

Amma avtomobilim çəmənlikdə yox idi, şəhərə qayıdanda o cazibədar villam da yox olmuşdu, onun yerində, “Satlıq Bələdiyyə Torpağı” yazısı vurulmuş lövhə və şumlanmamış tarla vardı. Bankdakı hesablarım da, necəsə sıfırlanmışdı. Kassadakı bir topa qiymətli sənəd də qeyb olmuşdu. Köhnə çamadanda da, tozdan başqa heç nə yox idi.

İndi yenə min bir zülümlə işləməyə başlamışam. Hər şey mənə çox çətin gəlir, qəribəsi odur ki, qəfil bu vəziyyətə düşməyimə heç kim şaşırmış görünmür, üstəlik, hər şeyin sona çatmadığını da bilirəm. Bilirəm ki, günlərin bir günü qapımın zəngi çalınacaq və mən qarşımda üzündə əsəblərimə toxunan təbəssümüylə hesabı bağlamağa gələn uğursuz dərzini görəcəyəm.

Tərcümə: Qismət /sim-sim.az/

# 2764 dəfə oxunub

Müəllifin son yazıları

# # #