Azıb itən yurdda anamın ahı – YENİ ŞEİR

Azıb itən yurdda anamın ahı – YENİ ŞEİR
27 noyabr 2017
# 09:52

Kulis.az şair Nazim Əhmədlinin yeni qələmə aldığıEşqin dərgahına qul olan könül” şeirini təqdim edir.

eşqin dərgahına qul olan könül,

bir gün yıxılarsan qul ağrısından;

açılar butalar, çəkilər duman,

düşər çiyinlərin yol ağrısından;

ruhuma bir dəli nağıl pıçılda,

başıma azacıq ağıl pıçılda;

məni səhralardan çağır, pıçılda,

canımı qurtarım çöl ağrısından;

nədi bu qovğalar, axır, nə bilim,

üzümə kim necə baxır, nə bilim;

hərdən topuq çalır, karıxır dilim,

sözüm acı dadır dil ağrısından;

bu dərdi nə qədər oyum içimdə,

ölümün, itimin, toyun içində;

dünya çalxalanır suyun içində,

dağlar əyilibdi sel ağrısından;

daha nə qalıbdı, bu gələn yaza,

saçımda ağ duman, əlimdə əsa;

bu yol çəkib gedir üzü payıza,

atlar yorulubdu nal ağrısından;

hanı, qul olduğum eşqin dərgahı,

azıb itən yurdda anamın ahı;

tökmüsən üstümə min-bir günahı,

ağla ağrısından, gül, ağrısından.

Bakı şəhəri, 16 noyabr 2017.

# 825 dəfə oxunub

Müəllifin son yazıları

# # #