O, şagird deyil, terroristdir – HEKAYƏ

O, şagird deyil, terroristdir – <span style="color:red;">HEKAYƏ
18 noyabr 2015
# 16:30

Kulis Hədiyyə Şəfaqətin “Elnur” hekayəsini təqdim edir

Direktor kreslodan qabağa əyilib barmaqları ilə masanı taqqıldadırdı. Sahib müəllim pəncərənin qabağında dayanıb həyətdə nə üçünsə bir-birini qovalayan uşaqlara baxırdı...

- Elnuru çıxarmaq lazımdır

Sahib müəllim gözünü həyətdən çəkmədi:

- Düzgün etmirik, biz müəllimik, yoldan ötən deyilik, o adam kimdir ki, sözüylə oturub-dururuq?

Direktor barmaqlarını daha bərk vurmağa başladı:

- Bəsdir görüm, bilmirsiniz kimdir? Mən baş ağrısı istəmirəm, illərin əziyyətini itirmək istəmirəm - son sözləri zorla dedi-bir dəcəl uşağa görə...

- Çox klassiksiniz - istehzasını gizlədəmmədi - özləri dalaşıb özləri barışarlar, beşinci sinif uşağıyla prinsip aparan valideyndən nə çıxar?

Direktor barmaqlarının hərəkətini dayandırdı. Yanındakı kiçik siyirməni çəkib nəsə bir tabletka çıxardı, dilinin üstünə qoydu. Sahib müəllim siyirtmənin çaxılan səsinə çevrildi. Direktor əlindəki sudan bir qurtum alıb arxaya yaslandı:

- Çox əngəl çıxar...

Sahib müəllim yenidən pəncərəyə zilləndi. Uşaqlar sakitləşmişdilər. Topalanıb dayanmışdılar, əllərindəki telefonda nəyəsə baxırdılar.

- Sonra da sözündən çıxa bilmədiyiniz kütbeyinin uşaqları bizim uşaqlarımıza böyüklük edəcəklər...

***

İclas günorta saat ikidə olacaqdı.

Uşaqları sonuncu dərsin ortasından evə buraxdılar. Xadimə sinfə bir az əl gəzdirdi, pəncərələri açıb otağın havasını dəyişdirdi.

Saat ikiyə beş-on dəqiqə qalmış valideynlər gəlməyə başladılar.

Cürbəcür yaşda, görünüşdə, geyimdə analar partaların arxasında yerini tutduqca sinif otağına xəfif xışıltı, cürbəcür ətir qoxusu yayılır, bir-birini tanıyanlar dilucu salamlaşır, astadan söhbət edir, kimi sinif rəhbərinə yaxınlaşır, uşağının dərsini-dərdini bölüşürdü, kimi də sakitcə oturub iclasın başlanmasını gözləyirdi. Aralarında bir nəfər də olsun kişi yoxdu.

Saat üçə işləmiş müəllimələr də yığışdı. Sonra müavinlərdən biri, ardınca direktor xanım gəldi. Bayaqdan parta arxasında özünü rahatlamış anaların çoxu dərhal ayağa qalxdı. Bəziləri direktoru başını yelləməklə, bəziləri təbəssümlə salamladı. Direktor hamıya nəzər salıb köməkçisinə dilləndi:

- Hanı Sahib müəllim?

Sinif rəhbəri əyilib direktorun qulağına nəsə pıçıldadı, direktor gülümsədi:

- Nə fərqi var, bu iclasdır, qonaqlıq deyil ki? Getsin bir adam çağırsın, gətirsin.

Müəllimələr “kim getsin?” sualıyla bir-birlərinə baxdılar.

Xadimələrdən biri sinif qapısının ağzında ayaq üstə dayanmışdı. Direktor ona acıqlandı:

- Sən niyə buradasan? Get Sahib müəllimi yolla bura. Sonra da öz işinlə məşğul ol.

Sahib müəllim müəllimlər otağında oturub qarşısındakı balaca oğlana göz qoyurdu. Uşaq müəllimin baxışlarını eyninə almırdı, öz aləmindəydi, dərs kitabını açıb qabağına qoymuşdu, arabir burnunu çəkə-çəkə hansısa mətni əyri-üyrü xətlə küncləri bükülüb yumurlanmış, çirkli, səliqəsiz dəftərə köçürürdü. Onun solaxaylığı Sahib müəllimin çətininə gəlsə də baxmaqda davam edirdi. Barmaqları azca kirliydi, əlinin üstünə çapıq, bir də sanki pişik cırmaqlamış kimi izlər vardı, dırnaqlarının dibində diyircəkli qələm mürəkkəbi yığılıb qalmışdı.

Xadimə müəllimlər otağının qapısını tıqqıldadanda uşaq işindən ayrılmadı, Sahib müəllim baxışlarını ondan çəkmədən “gəlin” deyə səsləndi. Xadimə asta səslə direktorun tapşırığını çatdıranda başını qaldırıb xadiməyə baxdı, gülümsədi. Sahib müəllim üz-gözünü turşutdu. Qadın “mən nə edim, çağırır” ifadəsiylə çiyinlərini çəkdi. Həvəssiz, narazı-narazı ayağa qalxdı, uşağın çiyninə toxundu:

- Gəl, sən də çantanı götür, çıx, müəllim otağında tək dayanmaq olmaz.

Uşaq ayağa qalxdı, Sahib müəllim hələ də qapıda dayanıb onu gözləyən xadiməyə tapşırdı:

- Nəzarət edin, yığsın çantasını, çöldə gözləsin, toxunar nəyəsə, gəl indi də buna görə cavab ver...

Dəhlizdə qadın müəllimələrdən biriylə qarşılaşdı, salamlaşdılar, sözlü adama oxşayırdı, ağzını açmağa macal tapmadı, Sahib müəllim “nə etmək olar, çalışarıq” ifadəsiylə əlini yellədi. Sinfə birlikdə getdilər.

Direktor onu yaltaq təbəssümlə qarşıladı, sinifdəki müəlliməli-valideynli bütün qadınların diqqəti Sahib müəllimdəydi. Cürbəcür qadın baxışlarının altında azacıq qızararaq keçib əyləşdi. Direktor hamıdan sonra sinfə girən qadın müəlliməyə narazı nəzər salıb oturmasını gözlədi, əyilib Sahib müəllimin qulağına pıçıldadı:

- Nigar müəllimə problem yaradacaq.

Sahib müəllim o tərəfə baxdı, Nigar müəllimə gözünü direktordan çəkmirdi, üzündə istehzalı ifadə yaranmışdı

- Həll edərsiniz - söz direktora ox kimi batdı...

***

- Yəqin ki, niyə yığışdığımızı bilirsiniz. Burdadırmı Elnurun valideyni?

Hə, bilirdilər. Bilirdilər ki, beşinci sinifdə uşaqlar arasında tez-tez dava-dalaş düşür, uşaqlardan biri ipə-sapa yatmır, çatana çatır, çatmayana daş atır. Əslində, bir az da valideynlər istəmişdilər bunu bir yönə qoysunlar, onlardan çoxu əvvəlcədən direktorla, sinif rəhbəriylə danışmışdı. Oğlanın, Elnurun valideynini tanıyıb onu məzəmmətləməyi düşünmüşdülər.

Elnurun anası, kasıblığı hər halından hiss olunan qadın, arxada, pəncərəyə yaxın əyləşib gözünü partaya dikmişdi. O biri valideynlərin çoxu onu ilk dəfə görürdü, qadının miskinliyi, dinməzliyi onlara təsir etmişdi. “Yazıq, heç səsi çıxana oxşamır” - çevrilib ona baxan analardan biri yanındakına pıçıldadı. “Hə, elə ona görə uşaq at oynadır da” - dedi yanındakı. “Bizimkilər də bundan qalan deyil”.

Qadın ona yönələn baxışların altında yöndəmsiz hərəkətlə paltarını aşağı dartdı, pencəyinin yaxasını səliqəyə salırmış kimi edib bilmədi əllərini hara qoysun.

Direktor qadının görünüşündən yumşaldı, amma tez də özünü yığışdırıb qaşlarını düyünlədi, ayağa durmaq istədi, kiçik kətilin ayağı partaya ilişdi, ya nədir, darısqallıq yarandı, müəllimələrin bir neçəsi bir anda köməyə çatmağa tələsdi. Direktor azacıq pərt oldu, heç kimə imkan vermədi kətilə toxunsunlar, özü hər şeyi yoluna qoyub qalxdı, dik dayandı:

- Xanım, adınız nəydi?

Sinif rəhbəri qadını qabaqladı:

- Sara

- İmkan verin bir! - bu dəfə ona acıqlandı, üzünü yenidən qadına çevirdi - Sara xanım, bilirsiniz məsələni, oğlunuzun işləklərinin biri bitməmiş biri başlayır. Hər gün dava-dalaş salır, kiməsə sataşır, müəllimləri hirsləndirir, uşaqları döyür, kitabları cırır, dərsi saymır, sinifdən çıxır, gəzir, bir sözlə ürəyi nə istəsə edir. Söz qanmır bu uşaq, min dəfə xəbər göndərmişik, dərsdən çıxarıb yollamışıq ki, get valideynini gətir, xeyri yoxdur. Siz nə fikirləşirsiniz, biz nə edək sizin oğlunuzla? Sənədlərini qoltuğuna verək yollayaq üstünüzə, ya gətirib qapınıza qoyub gedək?

Qadın barmaqlarını partanın üstündə gəzdirməyə, sanki gözəgörünməz tozda nəsə cızmağa başladı.

Direktor sinfə nəzər saldı, valideynlər, müəllimlər susub gözləyirdilər.

- Bu uşaq nə yeyir, nə içir evdə? Bu uşağın atası haralarda olur, Sara xanım, niyə üzə çıxmır? Xəbər edirik, ya bibisini gətirir, ya nənəsini, özünüz üzə çıxmırsınız. İlk dəfədir sizi görürəm. Olmaz belə, biz bununla bacarmırıq, öhdəsindən gələmmirik...

Qadının iri, qəşəng gözləri yaşarmışdı, düşdüyü vəziyyətdən utanırdı. Səsi lap astadan çıxdı:

- Evdə körpə əkizlərim var, qoyub çıxammıram.

Direktor coşdu:

- Xanım, olmaz belə! Sən bu uşağı niyə doğmusan? - bu dəfə “sən”ə keçdi - Doğmusan lap yaxşı, bəs niyə başlı-başına buraxmısan? Biz təhsil verənik, sənin uşağının dəlilikləriylə məşğul olan deyilik! Bax bu adamlara, hər gün şikayətə gəlirlər, zəng edirlər, oğlun sataşmayan sinif yoldaşı qalmayıb - üzünü yenidən valideynlərə tutdu - indi özləri də deyəcəklər, gör nələr olur burda? Təkcə öz sinfi olsa nə vardı ki, məktəbin bu başından vurur, o biri başından çıxır, böyüyə-kiçiyə baxmır. Bacarmırıq biz sənin uşağınla, bacarmırıq. Min dənə dərdimiz-sərimiz var, çıxar, apar, başqa məktəbə qoy...

- Onsuz da buraya da başqa məktəbdən çıxarıb gətiriblər, Allah bilir orda nə edib? - tösmərək müəllimə gözlərini süzdürdü

Direktor sözünü kəsilməsindən razı qalmadı:

- Mənə nə hansı məktəbdən gəlib? İndi də biz qovarıq, aparsın hara istəyir qoysun.

- Qovmamışdılar - qadın asta və titrək səslə cavab verməyə tələsdi - özümüz çıxarmışıq.

Direktorun üzü əyildi, başını buladı.

- Niyə balam, bəyənməmişdiniz?

- Evi dəyişdik, məktəb çox uzaqda qaldı, aparıb-gətirəmmədik...

Direktor əlini narazılıqla yelləyib onu oturtdu.

- Mən bilmirəm, bezmişik, boğaza yığılmışıq, qoy camaat dərdini desin, qulaq as, özün fikirləş görək biz nə etməliyik, niyə dözməliyik? Nə deyirdi sənin qızın, bu sinifdəydi də? - üzünü başqa bir müəlliməyə tutdu - evə aparmamısansa çağır gəlsin, uşaq desin, öz qulaqlarıyla eşitsin.

Qız arıq, qəşəng qızdı, saçları səliqəylə tək hörülüb, ucuna ağ bant bağlanmışdı. Qarşısında gözünü ona zilləyib gözləyən böyükləri görüncə çaşdı, anasına qısıldı. Direktor başını buladı:

- Bunlar da adam qabağında iki kəlməni ard-arda danışammırlar. Qızım, qorxmaq lazım deyil, Elnurun anası bilmək istəyir, biz də bilmək istəyirik, necə olub dalaşır uşaqlarla?

Qız baxışlarıyla anasından kömək istəyirdi. Pörtmüşdü, yenə nəsə soruşsaydılar ağlayacaqdı, direktor ondan bir şey çıxmayacağını anladı:

- Yaxşı, yaxşı, çıx sən. Gör necə gözünün odunu alıb uşağın, söyləməyə də qorxur - üzünü yenidən Elnurun anasına çevirdi. Qız canını sorğu-sualdan qurtardığını anlayan kimi sivişib sinifdən qaçdı - neynəyək, uşaqlar qorxur, böyükləri dinləyərik.

Valideynlər bir himə bəndmiş. Məlum oldu ki, bu dəcəl uşaqlardan birinin çantasını necə dartıbsa su gölməçəsinə düşüb, kitab-dəftəri islanıb, başqa birinin çəkib düyməsini qırıb, başqa birinin qolunu burub incidib, qarşısında oturan qızın bantının ucunu kətilə bağlayıb, başqa birinin hörüyünü dartıb... Biri dedi, oğlumun köynəyini yazıb, başqa biri dedi qızımın qələmini qırıb, biri dedi uşağıma necə təpik atıbsa sinəsinə dəyib. Sonra səslər bir-birinə qarışdı, kimin nə dediyi anlaşılmaz oldu. Valideynlər öz aralarında danışmağa, bir-birinin şikayətinə canıyananlıq eləməyə başladılar. Direktor Sahib müəllimə baxdı, kömək istədi, o isə çiyinlərini çəkib direktorun qulağına pıçıldadı:

- İşə bir bax, bu uşaq super gücmüş ki! Siz Allah, yığışdırın bu tamaşanı, uşaqlar arasında olur belə şeylər, sinifdə görürlər ki, hamınız onun üstünə düşmüsünüz, bir az da özləri qızışdırırlar. Uşaq olmamışıq, görməmişik? Qabağından yeyən uşaq deyil, cavablarını verir, vəssalam!

Direktor göz ağartdı:

- Barı burda belə danışmayın - narazılıqla təşkilatçıya baxdı. Təşkilatçı əlindəki qələmi masaya döyəclədi.

Sinfə sükut çökdü.

- Siz nə deyirsiniz? - üzünü müəllimələrə tutdu. Nigar müəllimənin yerindən qalxıb nəsə deməyə hazırlaşması kefini pozdu:

- Amandır, siz danışmayın. İndi başlayacaqsınız ki, qızıl kimi uşaqdır, mərddir, comərddir...

- Amma elədir, iki il sinif müəlliməsi olmuşam. Dərsləri də pis deyildi...

- Birincisi, bu əvvəllər olub, indi siz heç bu uşaqlara dərs demirsiniz, ikincisi, bir az da siz bu uşaqları aşağıdan belə pis öyrədib üstümüzə yollayırsınız, yuxarı siniflərə qalxdıqca üzə dururlar, üsyançı yetişdirirsiniz, şagird yox, sizin öz məsələniz müzakirə olunmalıdır - müəllimənin sözünü kobudluqla kəsdi. Nigar müəllimə valideynlərə baxdı, çoxu başını aşağı saldı...

Ortalığa ağırlıq çökdü, direktor sinif rəhbərinə danışması üçün işarə elədi,

- Nə deyək, özünüz dediniz, bezmişik, valideynlərin yanında da xəcalətli olmuşuq, hər gün kimsə şikayətə gəlir - imkandan istifadə edib direktora yarınırdı.

- Bu uşağın ağlı çatmır, dərslərinin də başı-ayağı yoxdur, diqqəti dağda-arandadır - başqası ona kömək etdi

- Mənə elə gəlir ki, onu xüsusi belə uşaqlar üçün olan məktəbə qoymaq lazımdır, bilirsiniz də, hansını deyirəm? - müəllimədən çox modelə oxşayan gənc müəllimə anaya, daha doğrusu onun əyin-başına baxdı.

- Bu uşağın vaxtında qarşısı alınmasa narkomanlara qoşulacaq, sonra da başlayacaq oğurluğa, başına bir-iki özü kimisini də yığacaq, bir cinayət edəcək, biz zibilə düşəcəyik, məktəbimizə polis dadanacaq -elə-belə də deyirdi ağ saçlı müəllimə, üzünü Elnurun anasına tutmuşdu - anam, siz qara gününüzü indidən qablayın, belələrinin həyatı həbsxanada bitir!

Sahib müəllim hiss edilmədən direktorun qoluna toxundu, danışana işarə elədi, yəni “bir az ağ olmadı?” Direktor başını buladı, “bilmirsən bunu, Allah şərindən saxlasın”. Müəllimə coşmuşdu:

- Belələri vətənimiz üçün, dövlətimiz üçün təhlükə mənbəyidir, potensial terrorist, kamikadzedir - sonuncu kəlməyə dili yatmadı, iki dəfə düzəldib təkrar deməyə çalışdı - kani... kamikadzedir...

***

Elnur sinif otağından bir az aralı, dar dəhlizin pilləkən meydançasına birləşdiyi yerdə, həyətə baxan enli, boyaboy sal pəncərənin qabağında dayanıb burnunun ucuyla tərli şüşədə nəsə çəkməyə çalışırdı. Arabir pəncərədən aralanıb əl işinə baxır, sonra eyni həvəslə davam edirdi.

Addım səslərinə əyləncəsindən ayrıldı. Hörüyünün ucuna ağ bant bağlanmış qız onu görüb bir an dayandı, çevrilib sinfin qapısına baxdı. Geri qayıtmaq istəmirdi, üstəlik qorxurdu ki, qapını açıb onu axtararlar, çağırıb yenidən nəsə soruşarlar. Ondansa burda, dəcəl sinif yoldaşının yanında gözlədi.

Uşaqlar bir-birindən uzaq dayandılar. Elnur belə səssizliyə öyrənmiş uşaq deyildi, illah da nəsə etməliydi, nəsə deməliydi. Amma qızın dodaqları bir-birinə sıxılmışdı, danışana oxşamırdı. İstədi yaradıcılığa davam etsin, amma qızın yanında burnunu şüşəyə sürtməyə utandı, nəfəsini şüşəyə hovxurdu, şüşə yenidən tutqunlaşdı. Barmağının ucunu ehtiyatla şüşədə gəzdirib bir şey cızmağa başladı. Gözaltı qıza boylandı, gördü ki, qız da altdan-altdan onun çəkdiyinə baxır.

- Evdir. Kənddə belə evimiz vardı

Qız ömründə kənd görməmişdi. Şüşədəki evə baxdı, gülməyi tutdu. Elnur onun isinişməsinə sevindi:

- Sən də qalmısan, hə?

- Hə - qız sinif tərəfə baxdı - anamla gedəcəyəm

- Hə, mənim də anam ordadır. Mən gedə bilərdim, onsuz da həmişə özüm gedirəm, amma anamı tək qalacaq. Həm bəlkə məni də çağırdılar...

- Hm... - qız nəsə bir şey mızıldanıb susdu. Darıxdı, onsuz da sinifdəki qızların onunla heç arası yoxdu. Əlini şüşəyə sürtüb rəsmi sildi, istidən damcı-damcı aşağı süzülməkdə olan evin kərpicləri bir-birinə qarışdı.

Yadına düşdü ki, bu gün başı qarışıb, anasının arasına pendir qoyduğu çörəyi eləcə qalıb. Bəlkə də həyəcandan, qorxudan yeyə bilməmişdi. Allah bilir evdə bu iclas məsələsindən sonra yenə nə haray-həşir qopacaq, atası qulağından tutub çəkəcək, bir qapaz da ilişdirəcək. Anası da gözünün yaşını silə-silə şikayətlənəcək ki, “səni biabır olasan, bizi biabır etdin yenə”...

İndi aclıq güc gəlirdi. Silkələnib çantasını çiynindən düşürdü, açıb kiçik sellofanı götürdü, arasındakı pendir çörəyi çıxardı, yeməyə başlamamış qıza baxdı, gördü ki, sinif yoldaşı udqundu, o da dayandı. Çörəyi ovxalanıb yerə, ayaq altına tökülməsin deyə diz üstə çöküb sellofanı dizlərinin üstündə açdı, çörəyi bölüb yarısını qıza uzatdı. Qız başını buladı, əlini rədd etdi, bu xoşuna gəlmədi, çörəyə baxdı:

- Qorxma, təmizdir. Daha bölmüşəm, həm də anam deyir, tək yemək günahdır.

Qız çörək parçasını aldı, o isə qırıntılar tökülən sellofanı bükdü, təzədən çantasına qoyub qalxdı, hər iki uşaq pəncərənin qabağında dayanıb yeməyə başladılar...

Noyabr 2015

# 999 dəfə oxunub

Müəllifin son yazıları

# # #