Balaca Zəhraya yazılan Ən Gözəl Şeir

Balaca Zəhraya yazılan Ən Gözəl Şeir
4 iyul 2018
# 12:55

Zəhra Quliyeva 2016-cı ildə Füzuli rayonunun Alxanlı kəndində Elnur və Təhminə Quliyevlərin ailəsində doğulmuşdu. 2017-ci ilin bu günü - iyulun 4-də Ermənistan silahlı qüvvələrinin minaatan və qumbaraatanları tərəfindən nənəsi Sahibə Quliyeva ilə birgə qətlə yetirildi.

Bu gün təkcə Azərbaycanı deyil, bütün eşidənləri və bilənləri sarsıdan bu faciəvi hadisənin ildönümdür.

Kulis.az bu münasibətlə gənc şair Mehman Rəsulun balaca Zəhraya yazdığı şeiri təqdim edir.

Leyləyin gətirdiyi,

Bayquşun apardığı

Qarğaların saçımdan

İl-il dən qopardığı

Həyatın uşağıyam.

Mən elə bilirdim ki

Silahlar oyuncaqdı,

Güllələri boş olur

Uşaqlıq paltarları

Ancaq tərdən yaş olur.

Mən elə bilirdim ki

Qan ancaq dizdən axır.

Məzar da bağça kimi

Axşamlar uşaqları

Evlərinə buraxır.

Mən elə bilirdim ki

Basdırılmaq oyundu,

Hərədə bir quyu var

Bu da mənim quyumdu.

Daha belə olmasın

Böyüməsin uşaqlar.

Uşaqlar böyüyəndə

Oyuncaqlar soyuyur,

Uşaqlar böyüyəndə

Adamlarla oynuyur.

Al bu güllə sənindi

Üstü bir az qan olub.

Giliziyçün darıxıb

Atılmaqdan yorulub.

Ana, narahat olma

Torpaq dolub yarama,

İçimdəki güllənin

Salamı var atama.

# 1432 dəfə oxunub

Müəllifin son yazıları

# # #