“Birpərdəli pyeslər” müsabiqəsinin qalibləri açıqlanıb

“Birpərdəli pyeslər” müsabiqəsinin qalibləri açıqlanıb
30 aprel 2019
# 14:22

Aprelin 30-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mədəniyyət Nazirliyinin elan etdiyi “Birpərdəli pyeslər” müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

ONA xəbər verir ki, mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev müsabiqə barədə ətraflı məlumat verərək deyib ki, “Birpərdəli pyeslər” müsabiqəsi Mədəniyyət Nazirliyi tərəfindən 2018-ci il sentyabrın 11-də elan olunub.

O bildirib ki, müsabiqənin təşkilində məqsəd xalq teatrlarının repertuarlarını kiçik həcmli tamaşalarla zənginləşdirmək, ədəbi-bədii və mövzu baxımından yüksək dəyərə malik dram əsərlərinin yazılmasına stimul vermək, yeni nəsil dramaturqların yaradıcılığını dəstəkləmək, tamaşaçıların mənəvi-estetik zövqünün formalaşması üçün birpərdəli pyeslər əsasında müasir tamaşaların hazırlanmasını təmin etməkdir.

Müsabiqəyə təqdim edilən pyeslərin mövzusu vətənpərvərlik, 2016-cı ilin aprel döyüşləri, multikulturalizm, mənəvi dəyərlər, dövrümüzün sosial-əxlaqi problemləri, sosial şəbəkələrin cəmiyyətə təsiri, dini radikalizmin fəsadları və digər aktual məsələləri əhatə edib.

Müsabiqəyə təqdim olunmuş əsərlər tanınmış mədəniyyət xadimlərindən ibarət müsabiqə komissiyası tərəfindən qiymətləndirilib. 29 pyesin mövzu, bədii və teatral baxımından dəyərləndirilib.

Müsabiqə komissiyasının gəldiyi ümumi nəticəyə müvafiq olaraq I yeri “Payız meşəsində vals” pyesi ilə Firuz Mustafa, II yeri “Ölümə gedən” pyesinə görə Cavid Zeynallı, III yeri “Al çobanyastığı ləçəkləri” pyesinə görə Sevinc Nuruqızı qazanıb.

I yer üzrə qalibə 2000 (iki min), II yerin sahibinə 1500 (bir min beş yüz) və III yerin qalibinə isə 1000 (bir min) manat məbləğində pul mükafatı və Mədəniyyət Nazirliyinin diplomu nəzərdə tutulub.

Daha sonra qaliblərə mükafatlar təqdim edilib.

Müsabiqədə uğur qazanmış əsərlər toplu şəklində çap olunacaq və xalq teatrlarında səhnələşdiriləcək.

# 2175 dəfə oxunub

Müəllifin son yazıları

# # #