Alikdən mürəkkəbi qurumamış ŞEİR

Alikdən mürəkkəbi qurumamış ŞEİR
3 dekabr 2015
# 13:28

Kulis Alik Əlioğlunun yeni yazdığı “Uşaqlığım haqqında” şeirini təqdim edir

Uzaqlarda qoydum uşaqlığımı

O isə tələsdi bura gəlməyə...

Gələrkən əynində köhnə pencəyi,

Köhnə şalvarı,

Cırıq əlcəyi,

Və gələcəyi vardı...

Mən çox danladım ki,

O çıxıb getsin..

Dedim çətin olar sənə yaşamaq,

Burada böyümək, burada sevmək...

Qadağandır üstündə sevgi gəzdirmək!

Bir şey düşünmədən, heç nə görmədən

Ağıldan əlilsən, korsan və karsan.

Üstündən ağıl çıxsa, cinayətkarsan...

Kimin ki, məntiqi var, hamısı laldır,

Küçədə məntiqli olmaq qeyri leqaldır.

Uzaqlarda qoydum uşaqlığımı

O isə tələsdi bura gəlməyə...

Mən çox danladım ki,

O çıxıb getsin...

Ağladı, getmədi, qaldı yanımda.

Mənimlə böyüdü və tez qocaldı...

Bir gün eşitdim ki, halı pisləşib,

İstədim yanına bir az tez gəlim

Gec idi, uzanmışdı gözüyumulu

Əlində kənddə çəkilmiş uşaqlıq şəklim...

# 1169 dəfə oxunub

Müəllifin son yazıları

# # #