AYB-dən Məmməd İsmayıla SENZURA

AYB-dən Məmməd İsmayıla SENZURA
20 iyun 2014
# 12:34

Azərbaycan Yazıçılar Birliyinin (AYB) saytında və bugünkü “Ədəbiyyat qəzeti”ndə adıçəkilən qurumun qurultayında sərt çıxış edən Məmməd İsmayılın fikirləri yayımlanmayıb.

Maraqlıdır ki, “Ədəbiyyat qəzeti”ndə Məmməd İsmayılın həmin çıxışını tənqid edən Ənvər Əhmədin dedikləri dərc edilib.

Məsələyə aydınlıq gətirmək məqsədilə AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza ilə əlaqə saxladıq. Bildirdi ki, AYB-nin saytına materialı “AzərTac”dan götürərək qoyublar: “Məmməd İsmayılın fikirlərinə niyə yer verilmədiyini “AzərTac”dan soruşun. Mən heç o materialı başdan-ayağa oxumamışam”.

“Ədəbiyyat qəzeti”nin baş redaktoru Elçin Hüseynbəyli isə Məmməd İsmayılın çıxışının dərc olunmadığına inanmadığını deyib: “Belə şey ola bilməz. Əgər olubsa bu sırf texniki problemdir. Mənə bununla bağlı heç bir göstəriş verilməyib”.

Hadisəyə Məmməd İsmayılın münasibəti isə belə oldu: “Yaxşı ediblər. Buna çox sevindim. Çıxışımın orda olmamağı daha çox diqqət çəkəcək - bu adam nə deyib ki, saytlarda o qədər yayıldığı halda qəzetdə dərc olunmayıb. Əslində bunlar öz sifətlərini bir daha açıb göstərdilər. Guya, Allah qoymasa, “Ədəbiyyat qəzeti”nə yeniliklər üçün təzə redaktor qoyublar. Bu nə despotizmdir?! Partiya qəzetisiniz bəyəm? Hansı zamanda yaşayırıq?”

# 2497 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #