Moskvada Müslüm Maqomayevin xatirə lövhəsi açılıb

Moskvada Müslüm Maqomayevin xatirə lövhəsi açılıb
15 sentyabr 2017
# 09:58

Sentyabrın 14-də Moskvada SSRİ Xalq Artisti, dahi Azərbaycan və Rusiya müğənnisi Müslüm Maqomayevin xatirə lövhəsinin açılışı olub.

Müslüm Maqomayevin xanımı, SSRİ Xalq Artisti Tamara Sinyavskaya açılış mərasimində çıxış edərək bildirib ki, xatirə lövhəsi mərhum müğənninin anadan olmasının 75 illiyində açılır. Onun sözlərinə görə, Müslüm Maqomayev avqustun 17-də, doğum günündə həmişə Vətənində, Bakıda dostları ilə birlikdə olurdu. Sentyabrın 17-də isə Rusiyadakı dostları onun başına yığışar, ad gününü qeyd edərdilər. Xatirə lövhəsi də məhz bu ərəfədə açılır.

Xatirə lövhəsinin müəllifi Salavat Şerbakov, tanınmış Rusiya rəssamı Aleksandr Şilov Müslüm Maqomayev haqqında xatirələrini bölüşüblər.

Çıxış edənlər bildiriblər ki, Müslüm Maqomayev qəlbi ilə oxuyurdu, buna görə də xalq onu sevə-sevə dinləyirdi.

Dahi müğənninin Moskvada yaşadığı Leontyev döngəsindəki binada açılmış xatirə lövhəsinin üzərində “İyirminci əsrin orfeyi” sözləri yazılıb.

# 1236 dəfə oxunub

Müəllifin son yazıları

# # #