Böyüklərin ürəyi – YENİ HEKAYƏ

Böyüklərin ürəyi – <span style="color:red;">YENİ HEKAYƏ
31 mart 2017
# 17:25

Cavid Osmanov

Bakı. Bizim günlər. Həzi Aslanov metrostansiyasının yanı. Saat 19:05.

Müşfiq işdən çıxıb öz köhnə məhləsindəki bərbərə tələsirdi. Bu, 9 mərtəbəli binanın birinci mərtəbəsində uyğunlaşdırılmış bir bərbərxana idi. Müşfiqin, vaxtı ilə uzun, saçları seyrəlməyə başlayırdı. Adətən belə olan hallarda kişilər saçlarını yerli-dibli kəsdirər. Heçnə olmamış kimi.

Müşfiq bərbərə daxil oldu. Saç ustası, Müşfiqin köhnə məhlə uşağı Zakir əlindəki işi dayandırdı:

- Muşu! Adə, tez-tez gəl də! – Vaxtı ilə məşhur olan “Mulan” cizgi filmində balaca əcdahanın adı Muşu idi. Sözsüz ki, məhlə uşaqları dərhal Müşfiqə Muşu deməyə başladı.

- Salam! İndi saçımı kəsəcəksən, lap az-az gələcəm yanına.

- Yaxşı görək. İki dəqiqə səbr elə, əlimdə bir baş var, bunu qırxıb qurtarıb, keçərəm sənə. İstəyirsən bir siqaret çək işlər lap tez getsin.

- Çəkərəm, amma siqaretim işdə qalıb. – Əslində, Müşfiq yalan deyirdi, çün ki, onun siqareti dünəndən qurtarıb, siqaret almağa isə artıq pulu yox idi.

- Ala, o nə deməkdi. Al mənimkindən çək. Eyib döyül?

Balaca bərbərxana boz siqaret tüstüsü ilə doldu. Müşfiq doğma məkana göz gəzdirdi. Hər şey yerində idi. Müştəri üçün iki bərbər masası, artıq köhnəlmiş divara vurulan 2002-i il futbol üzrə dünya çempionatından qalmış Türkiyə yığmasının fotosu və onun dostu Zakir. Hərdən elə gəlirdi ki, Zakir dünyada hər şeydən xəbərdardı. Elə Zakir dilləndi:

- Danış görək, nə var nə yox?

- İş ev, ev iş. Başqa nə olacaq?

- Bişey-mirşey olmur?

- Ala, marketdə mühafizəçiyəm, nə bişey-mirşey olmalıdı?

- Ala, onu demirəm, qız filan? – Zakir güldü.

- Bəs necə? Tökülüb elə, məni gözləyir.

- Qurtardınsa mən danışım. Deməli işdən çıxmışam, gedirəm evə.

Mamaşa zəng elədi ki, evin yanındakı marketdən kartof zad alım. Nəysə, aldım, evə gəlirəm. Bloka çatmışdı ki, gördüm, ala nə qədər polis, qara maskalılar. Mənə deyir, hara gedirsən? Dedim kartofnan adam hara gedər? Evə gedirəm də. Birdən “uçaskovu” gəldi. Nəysə, qısası Rizvan daha yoxdu.

- Necə yəni? Hansı Rizvan? – Müşfiq təcübləndi və həyacanlandı.

- Rizvan da, Maya xalanın oğlu. İkinci mərtəbə. Polis onu əbədi olaraq zərərsizləşdirib. Sən demə, qoşulub “onlara”. Evindən nəqədər silah çıxdı.

- Sən canı!?

- Hə də. Nəysə. Deyir, başqa adamın ürəyi, qaranlıq küçələrdi. Otur, “simpatiçni” oğlan eliyim səni.

Zakir 10 dəqiqəyə Müşfiqin başını keçəl elədi. Sözün açığı Müşfiqə yaraşırdı yeni sac düzümü. Əlbətdə Müşfiqdən heç kim pul almadı. Bir siqaretdə çəkəndən sonra köhnə məhlə uşaqları sağollaşdılar.

Bərbərdən çıxanda hava qaralmış və soyumuşdu. Başı təzəcə qırxılan Müşfiqə qəfl soyuq oldu. O tez metroya qaçdı. Müşfiq evlənəndən sonra Hövsana köçmüşdü. Atası ona ordan balaca, bir mərtəbəli ev tikmişdi. Evdə Müşfiqdən savayı onun yoldaşı Zərnişan və 4 yaşlı qızı Sara qalırdı. Əslində Müşfiq Əhmədlidəndə gedə bilərdi Hövsana, amma yoldaşı ilə daimi savaşmalar, ona evə bir az gec getməyi məsləhət görürdü. Sevgi artıq bitmişdi Müşfiqin ürəyində. Xanımı ilə hər xırda məqama görə davalar onu bezdirmişdi. Amma balaca və şirin Sara var idi. Müşfiqin ürəyində yalnız o qalmışdı.

Sarıya çalan işıq elektrik qatarının vaqonunu işıqlandırırdı. Müşfiq 28 May stasiyasına gedirdi. Nə əcəbsə oturmuşdu. Vaqon yarı boş idi. Birdən Müşfiqin gözləri qarşı tərəfdə oturan cütlüyə sataşdı. Cavan oğlan və qız bir birilərinə ilk sevgi baxıları ilə baxırdı. Müşfiq istəmədən gülümsədi. O xəyallara qapıldı. Özünün cavanlığı yada düşdü. Zərnişan xanımı ona vermək istəmirdilər, amma Müşfiq əlindən gələni etdi ki, onlar bir yerdə olsunlar. Müşqinin yadına onun Zərnişanla ilk öpüşü düşdü. Elə bu məqam qarşıda oturan gənclər san ki öpüşməyə cəht etdilər. Bu çox gözəl görsənirdi. Birdən, bütün vaqonu kiminsə qışqırığı bürüdü:

- Əəə, eşşək, abrın-həyyan olsun! Görürsən uşaqlarla gedirəm, heç olmasa onlardan utanın. – Bunu deyən orta yaşlı birisi qarşısında oturan oğlana təpik vurdu. Zərbə ağır deyildi, amma adamı yerin dibinə göndərməyə qadir idi. Qəribə idi, onsuzda cütlük yerin altında idi. Burdan daha dərinə hara getmək olar ki? Cütlük üzr istəyərək ayağa qalxdı. Qatar 28 May stansiyasına çatırdı. Müşfiq cütlüklə o təpiksevər sərnişinin arasında durdu. Qapılar açılan kimi cütlük düşdü, arxaları ilə Müşfiq irəllədi. O cütlüyə çatdı və oğlanı saxladı. Qorxaraq ayaq saxlayan oğlan qarşısında yekəpər Müşfiqi görəndə işlərin pis olmasını fikirləşdi, amma Müşfiq gülümsədi:

- Ürəyivi buz kimi saxla. Xoşbəxt olun! Heç kimə fikir verməyin. - Müşfiq cavab gözləmədən yoluna davam etdi.

28 May stansiyasının qarşısında həmişə çoxlu insan olur. Hamı harasa tələsir. Müşfiq isə tələsmirdi. Ürəyi siqaret istəyirdi, amma imkanı yox idi. Düzdü, o işləyirdi, amma mühafizəçi maaşı heç nəyə çatmırdı. Müşfiq Səməd Vurğun parkına tərəf yollandı kı, ordan adam başı 1-2 manata Hövsana aparan taksilərin biri ilə evinə getsin. Qaranlıq olanda Bakı daha gözəl görsənir. Yəqin insanların üzləri görünmədiyindən şəhər daha sakit və melanxonik görsənir. Binaları işiqlandıran ləmpələr, işıq dirəklərindən gələn sarılıq, şəhərə mistik görkəm verirdi.

Hövsan yolu. Burda işıq dirəkləri yoxdu. Yolun solunda görkəmi ilə yadplanetlilərin kosmik gəmisini xatırladan Günəşli qəsəbəsi və yolun sağında qara dəniz. Taksi sürücüsü, 45-50 yaşlarında olan və Bakı kəndlisini ləhçəsində danışan bir dayı idi. Müşfiq arxada oturmuşdu. İki sərnişin artıq mənzillərində düşmüşdü. Maşında Müşfiqdən savayi daha bir sərnişin var idi. Bu sürücünün köhnə dostu idi. İki dost futbolu müzakirə edirdilər.

- Qərdeşim, “nemeslə” oynamaq olmur. – Sürücü işin biləni kimi davam edirdi. Arada “Hell” energetik içkisindən içirdi.

- Alə, kim olur olsun e, gərək sona qədər oynayasan. Başa düşdün? Həyatdada belədü. Bacardun? Bacardun! – sürücün dostu əsəbi idi.

- Gördün alə, bizim 13 nömdə yıxıldı, “nemeslərin” məşqçisi də ona ayağa qalxmağa kömək elədi.

- Alə, boş şeylərdü bunlar. Bizimkiləri gördün? Himnimizi oxumurdular.

- Yaxçı yadıma düşdü. Bizim o stadiondakılarımız nöşün himnimizi oxumurdu, ala? Sevmirlər də ölkəmizi. – Sürücü energetik içkisini başına çəkib pəncərədən atmaq istədi. Bu an Müşfiq söhbətə qatıldı.

- Day-day, bir dəqiqə. O qabı mənə ver.

- Neynəyəcəksən onu? – sürücü təcübləndi.

- Sizin əlinizdən alıb zibilə atacam. Qoymaram mənim Bakımı kimsə zibilləsin.

- Sənün? Bakı nə vaxtdan sənün oldu? Dünən gəlmisən bu şəhərə. Mən burda min doqquz yüz...

- Nə dəxli var? Əsəs şəhəri sevməkdi! Gərək Bakı ürəyinizdə olsun!

Müşfiq evinin yanındakı dükandan çörək və qızına balaca qablarda olan süd aldı. Dükandan çıxıb evinə çatana qədər Müşfiq beynində pulunu sayırdı. Nəhayyət ev. Qızı dərhal qaça-qaça dəhlizə gəldi. Atasının boynuna atıldı. “Papa, mama məni döydü, multiklər qurtardı, yekə quş gördüm, mənə nə almısan” dedi. Müşfiq heçnə demədi. Sadəcə olaraq qızını möhkəm qucaqladı və balaca qabda olan südü ona uzatdı. Sara sevinərək qaçdı qonaq otağına və masanın altında gizləndi. Zərnişan xanım mətbəxdə idi. Müşfiq ayaqqablarını və çırkli corablarını soyundu. Gördü ki, dünən yerə atdığı çirkli corablar elə həmin yerdədi. Müşfiq bir az əsəbləşdi. Corabları yığıb gedti mətbəxə.

- Salam. – Müşfiq gülümsəyərək.

- Salam. – bir az acıqlı halda Zərnişan. O mətbəxtdə yuyulmalı paltarları seçirdi.

- Zərişan, mən bu corabları böyüdəcəyəm, böyüdəcəyəm, sonra isə özümü onlardan asacağam.

- As, canım qurtarsın səndən.

- Ay qız. Dünən atmışam corabları, hələdə ordadı.

- Mən götürmürəm, özün götür. Nə var burda?

- Burda sənin diqqətsizliyin var. Yaxşı, bir çay ver. Sonrada yemək verərsən.

Müşfiq keçdi yataq otağına və paltarını dəyişdi. Qonaq otağına girəndə Zərnişan xanım çay stəkanını masanın üzərinə qoydu.

- İç çayını.

- Sağolun Zərli nişan xanım.

- Dəvətnamə gəlib. Gərək gedək.

- Otuduğumuz yerdə... Kimdəndi? Mütləq getməliyik?

- Yaxşı deyil, bizim toya gəlib. Özüdə 100 dollar pul salıb.

- İndi o sayılmır. Gedib məndə 78 manat salım toya?

- Bəsdi, sən Allah.

- Pulun olmayan vaxtı...

- Pulun nə vaxtsa olub ki guya? Bezdim mən...

- Nədən? Yoxsa kimdən?

- Elə hamısından. – birdən evdən pişik səsi gəldi. Müşfiq başa düşdü ki qızı evdəki pişiyi incidir.

- Qızım, sən neynəyirsən orda?

- Eləcə oynnayıram, papa. – Saranın səsi masanın altından gəlirdi.

- Pişiklə?

- Həə... – bu an pişik Saranın əlindən qaçmağa müvəffəq oldu. O divarın küncündə qoyulmuş televizorun yanında donub qaldı. Sara yavaşca onun yanına gedirdi.

- Hə yox, bəli.

- Bəli, papa.

- Qızım, pişik sənin nəyindi?

- Ürəyim.

- Sonra kim var ürəyində?

- Papa, sonra, mama, nənə, baba, əmi, Bobik (Müşfiqin itinin adı).

- Qızım, mənim ürəyimdə bir dənə sən varsan. Sənin ürəyində oboyda adamlar və heyvanlar necə sığışdı?

- Böyüklərin ürəyi balaca olur da, papa.

Müşfiq Zərnişanın üzünə baxdı. Zərnişan gözlərini aşağı saldı.

# 2013 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #