Azərbaycan Yaradıcılıq Fondu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə layihəsi olan, Heydər Əliyevin doğum gününə həsr olunan “Quran motivləri əsasında hekayələr” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, ictimai-siyasi xadimlər iştirak ediblər.
Azərbaycan Yaradıcılıq Fondunun sədri, akademik Kamal Abdullayev müsabiqənin təşkil olunmasının əhəmiyyətindən danışıb, qeyd edib ki, müsabiqənin keçirilməsində müxtəlif qurumlar dəstək verib. K. Abdullanın sözlərinə görə, Yaradıcılıq Fondu Quran motivləri əsasında yazılmış hekayələrdən ibarət kitab nəşr edib və kitabda 50-dən çox hekayə toplanıb.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanın multikultural ənənələrindən danışıb, müsabiqənin keçirilməsini din və ədəbiyyat dəyərlərinin ortaq nöqtəsi kimi yüksək qiymətləndirib. Komitə sədri İslam dəyərlərinin yaşadılması və gələcək nəsillərə çatdırılmasının vacibliyini xüsusi vurğulayıb.
Daha sonra müsabiqənin qalibləri elan olunub. Birinci yerə Mirmehdi Ağaoğlunun, ikinci yerə Elçin Aslangilin, üçüncü yerə isə Günel Eyvazlının hekayəsi layiq görülüb.
Qeyd edək ki, M. Ağaoğlu "APA Holding"ə daxil olan Kulis.az ədəbiyyat dərgisinin əməkdaşıdır.