Məmməd Rahimin UNUDULMAZ ŞEİRİ

Məmməd Rahimin UNUDULMAZ ŞEİRİ
3 sentyabr 2017
# 14:00

Kulis.Az "Bazar oxusu" layihəsindən Məmməd Rahimin “Saldı qara gözlərin” şeirini təqdim edir.

Saldı qara gözlərin neçə aşiqi bəndə,
Qız, xaliqin öləydi səni xəlq eləyəndə.
Kamına çatmayaydı,
Səni yaradırdısa məni yaratmayaydı.
Nə ad verim hüsnünə, dağlardakı qarmısan?
Ömrə əsən sərin meh,
Sehirli rüzgarmısan?
Sənə mələkmi deyim, görməmişəm mələyi.
Sənmi dolandırırsan söylə çərxi-fələyi?
Bu necə yaraşıqdır,
Bu nə sayaq bədəndir?
Qız, vücudun nədəndir?
Nəyə oxşadılıbdır, yarananda bu qamət?
Hardandır bu təravət?
Sən bahar fəslisənmi?
Leylimi, Əslisənmi?
Yoxsa, adın Şirindir?
Şirinliyin ətirli şəkərdən də şirindir.
Süsənbər, ağ yasəmən səndən təzə tərmidir?
Vücudun ənbərmidir?
Sənə axar su deyim, suyu dayandırarsan.
Atəşmi adlandırım, alovu yandırarsan.
Saldı qara gözlərin neçə aşiqi bəndə
Qız, xaliqin öləydi səni xəlq eləyəndə.

# 10929 dəfə oxunub

Müəllifin son yazıları

# # #