Aristoteli o gözəlin ayaqları altına atardı-ROMANDAN PARÇA

Aristoteli o gözəlin ayaqları altına atardı-ROMANDAN PARÇA
5 iyun 2014
# 10:10

Kulis.az yazıçı Vahid Qazinin ”Cholqala1992” romanından bir hissəni təqdim edir.

Sabahın sahibi bu günün azad gəncliyinə həsr olunur.

2009-cu ilin yaz ağzı Vaşinqtonda yaşayan bir dostumun ağacları hələ yarpaqlamayan meşə kimi sıx parka açılan pəncərəsi önündə oturub elədiyim cızma-qaranın uzun illər məndən əl çəkməyən fikrə yön verəcəyi, aylarla bir kəlmə yazmasam da məni bir an belə tərk eləməyən, mənimlə bərabər şəhərlər, ölkələr dolaşaraq bir roman mövzusuna çevriləcəyi, beş ilin nəhayətində kitab olacağı ağlıma da gəlməzdi. Diqqətli oxucu bilir, bir əsər, əsər olunca nələrdən keçir.

Artıq xeyli vaxtdı “Odnoklassniki”, “Facebook” kimi neçə-neçə sosial şəbəkə müasir insan həyatının bir parçasına çevrilib. Asılılıq dərəcəsinə çatan bu istəyin mənbəyi nədi? İnsanları bura çəkən hansı istəkdi, qüvvədi? Yarandığı gündən hamını maraqlandıran bu suala neçə il mən də cavab axtardım. Cavab üçün fəal iştirakçısı olsam da, kitabı bitirməkdən ötrü ondan ayrılmalı oldum. Altı aylıq ayrılıq beş il əvvəl başladığım kitabı bitirməklə bitdi.

Fikir də, onun yazıya köçürülməsi də, sonunda yazının böyük bir əsər olması da öz yerində, məni onu üzə çıxarıb-çıxarmamaq düşündürürdü. Bugünkü ədəbi yırğalanma zamanında janrını hələ tam ayırd eləmədiyim mətnin çap məsuliyyəti ağır idi. Ona görə də məsuliyyəti bölüşməyə qərar verdim, əlyazmanı mövzusunu nəzərə alaraq eyni vaxtda yaş, cins və zövqüylə fərqlənən yeddi dosta yollayıb rəylərini aldım. Aralarında peşəkar ədəbiyyatçı da vardı, bişmiş oxucu da, sosial şəbəkə dediyimiz virtual dünyanın fəal sakini də vardı, ondan tamam uzaq olanı da, müasir ədəbi janrlara üstünlük verəni də vardı, ədəbiyyatda mühafizəkar baxışların saxlanmasının tərəfdarı da.

Aldığım rəylər bəzən bir-biriylə çalın-çarpaz fərqlənsə də, hamısının sonda yazdığı bir oldu: “Dərc elə!”

Məsuliyyətə çiyin verən, vaxt ayırıb oxuyan, qeydlərini göndərən və ən əsası bu kitabı bitirməyə həvəsləndirən, inam verən dostlara təşəkkür edirəm!

Dostların biri bu cümlələri qırmızı rənglə işarələyib yazmışdı ki, kitabın məzmunu bu abzasdadı: “Biz özgənin yaratdığı dünyada yaşayırıq. Fərq etməz o dünya necə yaranıb, Allahın “Ol!” əmrindən, ya elmin dediyi Böyük Partlayışdan! Bizə öz dünyamız lazımdır. Hər kəs özünü kirənişin sandığı özgə dünyadan yeni dünyaya, özünün yaratdığı, sahibi olduğu dünyaya can atır. Öz dünyasını yarada bilən insanlığın sirrini açmış kimidi”.

Dostumun fikriylə razıyam, o düz tutub, kitab oxucuya elə o abzasla təqdim olunmalıdı. Bu, öz dünyasını qurmağa can atanların kitabıdı, ömründə heç olmasa bircə dəfə buna cəhd eləməyən bu kitabı oxumaya da bilər, çünki ona yad gələcək.

“Mən üçüncü dünyaya insan ruhunun məhsulu kimi baxıram.

Üçüncü dünyanı biz özümüz yaradırıq”.

Karl Popper

Proloq

Yaşıl tumurcuqlardan açılan yarpaqlar kimi hamı eyni cür doğulur. Amma hamı bir cür ölmür. Ölümlər də müxtəlifdi – eynən xəzandı elə bil: biri saralıb üzülür, biri qızarıb düşür.

Birini də küləklər elə yaşılkən qoparıb salır...

***

Neçə vaxtdı qərarsızlıqdan özümə yer tapa bilmirəm. “Çap edimmi, etməyimmi?” sualı yaxamdan əl çəkmir. Başqasının şəxsi məktublarını oxumaq bir yana, onları çap eləmək istəyi heç bir çərçivəyə sığmayan istəkdi, pisimə gəlir.

Evli bir kişinin dul qadınla gizli məktublaşmasından danışıram. Elə-belə yazışma olsaydı, fikir verməzdim. Elə bil bədii əsərdi. Dərd də burasındadı ki, o məktubları çap eləmək üçün izn almağa adam da yoxdu.

Qəliz məsələ oldu deyəsən. Hal-qəziyyə belədi, danışım, siz də görün yaxamdan əl çəkməyən suala cavab vermək nə qədər müşküldü.

Bir gün “Üns” teatrında bir tanış xanımla rastlaşdım. Tələbəlik illərindən tanıyırdım. O vaxt gözəlliyi neçə-neçə oğlanı havalandırıb çöllərə salmışdı. Kimlər ölmürdü dərdindən, kimlərin balaları ölmürdü! Ona yaxınlaşmaq nədi, kəlmə kəsmək nədi, heç baxışlarını tutmaq olmurdu. Varlı-kasıb, oxuyan-avara, ürəkli-ürəksiz, fərqi yoxdu – kiməsə gözünün ucuyla belə baxmırdı. Yeriyəndə yerişi, duranda qəddi-qaməti canlar yaxırdı. Atası nazirlər sovetində çox yüksək mənsəb sahibi idi. Babası köhnə inqilabçılardan olub.

Partiya tarixi dərsində qruplarımız birləşirdi, onda daha yaxından müşahidə edirdim.

Bir səhər onu ötürən oğlanı görəndə universitet uşaqlarının, elə müəllimlərin də əli ağzında qaldı. Əlacları olsaydı, onu akademiyanın bağına çəkib şil-küt edərdilər. Neçə cür nifrət dolu baxış altında özünü itirməməsindən xoşum gəlmişdi oğlanın.

Tələbə oğlanlar o qızdan ötrü öz aralarında neçə dəfə davaya çıxmışdılar. Hələ neçə-neçə cavan universitet müəlliminin divanəliyini demirəm. Moskvada, Lomonosov adına Universitetdə oxumuş, qocaman müəllimlərin belə həsədlə baxdığı kürən fəlsəfə müəllimimiz İxtiyar Bəxtiyarov elə vurulmuşdu ki, Aristoteldən tutmuş Kanta qədər sevimli filosoflarını da onun ayaqlarına atardı. Tələbəsinə aşiq müəllimin sinifdə davranışı qəribə olur, bəzən elə anlar yaranırdı ki, deyirdin bəs, İxtiyar müəllim ataksiya xəstəsidi. Əli, ayağı özündən xəbərsiz hərəkət edir.

Sonuncu kursda elə həmin oğlana ərə gedəndə isə hamı “Eh, gərdişi-dövran” deyib köks ötürdü. Onun kasıb bir rəssam olduğunu öyrənəndə varlı ataların bahalı maşın sürən balalarının büzülən ağızlarından əyilə-əyilə çıxan sözləri ta bura yazmağa lüzum yoxdu. Aydın məsələdi!

Ordan-burdan söhbət elədik. Ərini xatırladıq, necə yaşadığını soruşdum, uşaqlarından hal-əhval tutdum. Araşdırmaçı olduğumu bildiyindən idi yəqin, məndən ərinin arxiviylə tanış olmağımı, bir yazı yazmağımı xahiş elədi. Yeni sərgisini təşkil eləməyi düşündüyünü, sərgi kataloqunun hazırlanması barədə bəzi məsləhətlərə ehtiyacı olduğunu söylədi. Ünvanını, telefonunu aldım, şənbə günü gəlməyə söz verib ayrıldım.

***

Köhnə şey-şüyləri eşələməkdən ötrü sino gedirəm. Uşaq vaxtı nənəmin cehizlik şifonerində saxlanardı ailə arxivimiz. Şifoner deyildi, muzey idi elə bil. Yuxarı gözündə, papaq, şarf, əlcək qoyulan yerdə babamın, nənəmin 1920-30-cu illərdə dostları, qohumlarıyla çəkdirdikləri şəkillər, orta gözdə hər iki qapağının içində o dövr model qızların yarıçılpaq şəkilləri olan gümüş portsiqar, sümük muştuq, qədim düymələr, gümüş piləklər... Anamın gəlinlik paltarı, dikdaban ayaqqabısı, atamın gəncliyində geyindiyi “Makintoş” plaşı...

Kağız-kuğuzlar yığılan qara çamadan isə şifonerin aşağı siyirməsindəydi. Saatlarla vaxtım gedirdi o kağızlara baxmağa, oxumağa. Nikolay dövrünün pul əsginaslarından tutmuş ilk sovet “zayom”larına, “Mockviç-400” avtomobili, “Temp-22” televizoru, cürbəcür cihazların sənədləri, qırx ilin xəstəlik kağızları, analiz cavabları, atamgilin toy dəvətnamələri, anamın cehiz gətirdiyi əşyaların siyahısınadək, bir sözlə nəyin atılması lazım bilinməyibsə, evin qara çamadanına yığılırmış.

Evimizin rəngi saralmış qalın “domovoy kniqası” orta əsrlərin əlyazmasına oxşayırdı. Əvvəlki səhifələr ərəb əlifbasıyla yazıldığından heç nə anlamırdım. Latın və kiril əlifbaları ilə yazılan sonrakı səhifələri oxuya bilsəm də, bu qədər adamın bizim evdə niyə yaşadığını kəsdirə bilmirdim. Aralarında rus da vardı, gürcü də. Sonralar biləcəkdim ki, hərəsi bir səbəbdən bizim şəhərə gəlibmiş, biri kirayə qalıbmış, o biri sadəcə pasport qeydiyyatına düşübmüş. İçərilərində başqa yerlərdən şəhərimizə sürgün edilənlər də varmış.

Təyyarələrin qara yeşiyi kimiydi ailə arxivimizi saxlayan qara çamadan.

Kənddə nənəmgilin evinin zirzəmisində, taxtapuşunda bir dünya cürbəcür maraqlı köhnə əşyalarla əlləşməkdən də doymazdım. Ordakılar daha qədim idi.

Elə tələbə vaxtı da eynən beləydi. Məni axtaran bukinistdə, əntiq şeylər satılan mağazalarda tapardı. İndi də hər dəfə dostum İmran Bədirxanla görüşə vaxtından əvvəl gəlirəm. Görüşdüyümüz yerdə - üçüncü mikrorayonda, köhnə “Arzu” şadlıq evinin qabağındakı balaca parka rus qarılarının töküb satdığı köhnə vallara, kitablara, məişət əşyalarına, elektrik avadanlıqlarına, onların ehtiyat hissələrinə tamaşa eləməkdən xoşum gəlir.

Hər detal bir tarix parçasıdı, insan ömrünün bir anıdı, elə bilirəm. Qocaların titrək əllərində bu detallar qəribə duyğular yaradır. Qəribəliyi də orasındadı ki, bu cür əşyaları satan da, maraqlanıb baxan da, elə hərdənbir nəsə alan da qocalardır.

Yaşlaşanda adam heç olmasa bu detal hissələri kimi kiməsə gərək olmaq istəyir...

Şənbə gününü səbirsizliklə gözləyirdim. Bir tərəfdən tanınmış rəssamın arxiviylə tanış olmaq imkanım yaranmışdı, sevdiyim işlə məşğul olacaqdım, o biri tərəfdən də tələbəlik illərimin əlçatmaz gözəlinə qonaq gedəcəkdim. Şuxluğunu itirməyib, elə bil illər gözəlliyindən bir naxış belə soldura bilməyib. Amma gözləri əvvəlki gözlər deyildi. Parıltısı gözünün xeyli dərinliyinə çəkilmişdi.

Rəssamın arxivi isə mənimçün az qala qədim xəzinə qədər maraqlı idi. Tanınmış rəssamın arxivində qiymətli sənədlər, fotolar, tablolar, bəlkə də bir muzeylik əşyalar olacaqdı. Sonunda maraqlı bir araşdırma-məqalə yazacaqdım, nə bilmək olar, bəlkə sənədli bir kitab da alınacaqdı.

***

Onlara vədələşdiyimiz vaxtda – günorta saat üçdə gəldim. Çoxotaqlı mənzil idi. Divarlarda fotolar, tablolar, “çekanka” lövhələr asılmışdı, şkaflar, tumbalar cürbəcür balaca heykəllərlə, suvenirlərlə doluydu.

Hərdən burdakı kabinetində işləsə də, rəssamın emalatxanası başqa yerdəydi. Odur ki, burda molbert, fırçalar, boyalar, kətan parçalar, taxta çərçivələr elə də çox deyildi, otağın əsas hissəsini tavana dirənən kitab rəfləri tuturdu.

Şkafların aşağı gözündə yan-yana düzülmüş qutular, içində səliqəylə üst-üstə yığılmış qovluqlar otaq sahibinin sahmanından xəbər verirdi. Burda həyatının müxtəlif illərini əks etdirən fotolar, haqqında yazılmış qəzet səhifələrindən kəsmələr, mühazirələrin, kulturoloji məqalələrin əlyazmaları vardı.

Balaca bir qutu isə ağzınacan təyyarələrə minik kartlarının kəsilmiş hissələriydi, kolleksiya yığırmış. Nə qədər ölkəyə uçubmuş! Baxdıqca elə bilirsən hər minik kartı Allaha doğru canatmağa görə verilən qəbzdi, göylərin o üzünə səyahət üçün oynanan lotereya biletidi. Təkcə bu xatirə qutuda eşələnməyə - üstündəki tarix, aeroport adlarını oxumağa bir saatdan çox vaxtım getdi, xəyalım neçə-neçə qərib ölkə, uzaq şəhər dolaşdı.

Qısası, o qənaətə gəldim ki, otağı günlərlə ələk-vələk eləsəm də, iş başa çatası deyil.

Rəssamın xanımı qaradinməz qadındı. İki fincan qəhvə gətirib mənimlə qabaq-qənşər oturanda da dindirməsən dinmirdi. Əslində onun dili üzündə, gözündəydi. Baxışları, hərəkətləri hər şeyi deyirdi, sadəcə duymaq lazımdı. Güclə sezilən ürkək təbəssümü üzündən əskik olmurdu. Əvvəlki təravətini saxlamışdı, indi o, başqa cür gözəl idi. Tək fərq məğrurluğunun lal bir təmkinlə əvəzlənməsiydi.

Masanın üstündə, divarlarda bir xeyli birgə fotoları vardı. Çərçivələrdən boylanan baxışlar iki sevdalının bəxtəvər günlərinin nişanəsiydi.

Otağın aşağı başındakı divarda onun ayaqüstü portreti asılmışdı. Cavanlıq illərinin şəkliydi. Bu tablo barədə qısa söhbətimiz oldu, öyrəndim ki, əri evliliklərinin ilk aylarında çəkib, xarici sərgilərdə dəfələrlə nümayiş olunub, bir neçə dəfə babat pul da təklif ediblər, amma rəssam satmayıb. Portret həqiqətən də gözəl alınmışdı, rəssamlıqdan sən deyən başım çıxmasa da, duyurdum ki, buna ürək qoyulub, sevgiylə çəkilib. Tək hündürdaban ayaqqabı qabarıqlığıyla tabloda yad cismə oxşayırdı. “Dikdaban ayaqqabı qadın kompleksinin ilk zahiri əlamətidir”. Xəyalımdan keçən fikri dilimə gətirmədim.

Sonra düz beş dəfə evlərinə, iki dəfə də emalatxanaya getdim. Bir kitablıq material topladım. Amma məni maraqlandıran, beynimi məşğul edən başqa şey idi.

Üçüncü gəlişimdə yazı masasının aşağı siyirməsindən götürdüyüm köhnə təqvim-gündəliyi vərəqləyirdim. Müxtəlif adamlarla görüş vaxtları, tədbirlər, zəng vurma saatları, bir sözlə, gündəlikdə sahibinin görəcəyi işlər qeyd olunmuşdu. Ətrafı cızma-qara hərflərlə “bəzədilmiş” bir söz diqqətimi çəkdi. Söz ciddi-cəhdlə ört-basdır edilmişdi, quşlar yad gözlərdən gizlətmək üçün yumurtaların üstünü kol-kosla örtür ey, eynən elə.

İlk baxışda adi söz idi. Mənasını bir Allah bilirdi, bir də özü. Bəlkə də əhəmiyyətli yazı deyildi. Özü bir şey deməsə də, dörd tərəfi anlaşılmaz hərflər, əyri-üyrü xətlərlə əhatələnmiş sözün aydın oxunması məni şübhələndirirdi. Adətən adam stolüstü təqvimində belə qaralamalar eləmir, qeyri-ixtiyari cızma-qaranı əl altda olan istənilən kağız üstündə qaralayır. Psixoloqlar başqaları üçün anlaşılmaz olan bu qaralamaları “oxumaqla” onu cızanın psixoloji durumunu müəyyən edirlər. Mütəxəssis olmasam da, bu xətlərin o qaralamalardan olmadığını duyurdum. Çəkilən xətlər, yazılan hərflər qeyri-ixtiyari deyildi, məhz qəsdən o sözü gizlətmək üçün idi. Gözüm kol-kos arasındakı quş yumurtasını – rəssamın yazdığı sözü almışdı: “Cholqala1992”.

Bu, nə demək idi?

Suala neçə gün cavab axtardım.

Əvvəlcə “Cholqala1992” sözünü açmağa çalışdım. Sözü rəqəmdən ayırdım. “Cholqala” və “1992”. Yenə bir şey anlamadım. Amma bunun bir şifrə olmasına gümanım get-gedə artdı. “Cholqala” sözü bir anlam vermirdi deyə, “1992” rəqəmindən yapışdım.

İnstitutdakı qrup nömrəsi deyildi, bunu tez öyrəndim. Çox güman, bu, 1992-ci illə bağlı rəqəmdi. Əgər beləydisə, demək, bu il onun üçün çox əlamətdar olub. Arxiv sənədləri əsasında hazırladığım ilkin bioqrafiyasına göz gəzdirdim. O ildə əhəmiyyətli hadisəyə rast gəlmədim. Nə ilk sərgisinin keçirildiyi, nə evləndiyi, nə uşaqlarının doğum tarixi uyğun gəlirdi. Siyasətlə az maraqlanan adam olduğundan həmin ildə baş verənlərin ondan ötrü həyatı məsələ olması inandırıcı görünmürdü. Bəs, bu rəqəm nə anlama gəlirdi?

Dördüncü gəlişimdə stolüstü təqvimdəki o səhifənin şəklini çəkib özümlə götürdüm. Həftəsonu yalnız bu haqda düşündüm. Xanımı da 1992-ci ili xeyli xatırladı. Ona bu illə belə maraqlanmağımın əsl səbəbini demədim, rəssam üçün hansı əhəmiyyəti ola biləcəyini soruşdum. Xeyli düşünsə də, ağlına heç nə gəlmədi. O da cavab tapmaqda kömək eləyə bilməyəndə həvəsdən düşdüm, ta əlimi üzdüm.

Yalnız bazar günü axşama doğru rəssamın xanımı zəng eləyib, bir söz dedi. Dedi ki, 1992-ci il rəssamın həyatında dərin iz buraxıb. Həmin il ermənilər Şuşanı işğal edib. Şuşada doğulub böyüyən rəssam bunu özünə dərd eləyibmiş.

Daha şübhəm qalmadı: bu rəqəm Şuşayla bağlıdır! “1992” rəqəmi açar oldu. Elə o dəqiqə şuşalı dostum Hikmət Sabirə zəng edib “Cholqala” sözünü soruşdum. Əvvəlcə anışdıra bilmədi. Söz əslində “çolqala” oxunurdu. Bu da aydın məna vermirdi. Sözü bir neçə variantda dedim. Yalnız bir xeyli söz oynatmasından sonra Hikmət bir kəlmə işlətdi: “Bəlkə, Çöl Qala“dı?”

Nəhayət, sözün mənasını tapdım – “Çöl Qala” Şuşada bir məhəllənin adı, “1992” də Şuşanın işğal tarixidi. Qala divarları inşa olunandan sonra köçüb gələnlərin bir qismi yer azlığından Şuşa qalasının çölündə məskunlaşmalı olublar. Məşhur Şuşa türməsi, Mirzə Həsən qəbiristanlığı yerləşən məhlənin adı Çöl Qala imiş. Rəssam şuşalıydı, odu ki, şifrəsinin Şuşayla bağlı olması təbii görünürdü. Bunun kod olduğuna əmin idim, qalırdı haranın, nəyin kodu olmasını öyrənmək. Rəssamın şəxsi seyfinin kodu da ola bilərdi, bank hesabının açar sözü də. Hər halda arvadı bilməmiş olmazdı. Örtülü sual-cavabdan belə anladım ki, rəssamın nə bir şəxsi seyfi, nə də arvadından xəbərsiz bank hesabı var, ümumiyyətlə, ərinin ondan gizli bir işi olmayıb.

Təqvim-gündəlikdəki sözün cızma-qarayla gizlədilməsi də şübhəliydi. Arvadına heç nə demədim. Neçə gün əlləşəndən sonra rəssamın bu açar sözü harada işlətdiyini öyrəndim.

Öyrəndim! Və dəhşətli bir sirrin üstünə çıxmış kimi heyrətə gəldim.

Bu, rəssamın sosial şəbəkələrin birində açdığı səhifənin kodu imiş. İndi onun gizli yazışmalarının açarı əlimdəydi. Yazışma deyəndə, bir-iki “like”dan başqa elə bir qeydi yox idi. Tək birindən savayı.

O, uzun müddət bir xanımla məktublaşırmış.

Ağlıma “Başqasının məktubunu oxumaq ayıbdı!”, “Kodu arvadına verimmi?” sayaq cürbəcür fikirlər, suallar gəlirdi. Ancaq dəli bir maraq bütün hisləri üstələyirdi!

Yazışmaları birnəfəsə oxudum. Neçə gün özümə yer tapmadım. Oxuduqlarımı rəssamın arvadına demək, sirri açmaq günah olardı! Amma bədii əsəri xatırladan bu yazışmaları dərc eləməməyin özü də bir başqa günah idi. Çıxılmaza düşmüşdüm.

Yazışmaları ayrıca fayla köçürdüm. Hissələrə böldüm. Yüngülcə əl gəzdirdim: təkrar olunanları sildim, bəzi yerləri çıxarıb üç nöqtəylə əvəzlədim, hərf səhvlərini düzəltdim, hər hissəyə bir başlıq qoydum. Bütöv bir kitab alındı. Amma yazıların intonasiyasına toxunmadım, məsələn, rəssam xanımdan fərqli olaraq fellərin sonunda “r” hərfi yazmırdı, elə də saxladım.

İndi nə edəcəyimi bilmirdim. Qalırdı son suala cavab tapmaq: bu yazışmaları neyləyim?

# 1920 dəfə oxunub

Müəllifin son yazıları

# # #