Kulis.az Aydın Xanın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Tanrının etirafı” (485 işarə) hekayəsini təqdim edir.
Sufi usandı, üz tutdu kimsə olmayan uzaqlara. Yolda hey dua edir, axtarışına çıxdığı Yaradanı çağırırdı:
- Yalqızlıqdan bezdim, heç olmasa, sən mənə zaman yoldaşım ol, Tanrım!
Qeybdən səs gəldi:
- Nə çığırısan, ömrün boyu məgər səninlə deyiləm? Fəqət hər zaman mənimləmi oldun? Yaratdığım milyardlarla insan necə, mənimlədirmi? Hər kəs çətinə düşəndə məndən yardım istəyir, yanımda olmaq necə, istəyən çoxdur?!
- Elədir, Ulu Yaradan!
- Yaranışdan üzü bu yana da, o yana da Yalqızam?
Göydən yağış çiləndi - Tanrının göz yaşları dünyadakı insanların günahını yumaqdaydı.