İçəridə həyat sıfır - ŞEİR

İçəridə həyat sıfır - <span style="color:red;">ŞEİR
25 mart 2016
# 12:00

Kulis Hədiyyə Şəfaqətin yeni şeirini təqdim edir

...Əllərimi ulduzlara uzatmazdan əvvəl bilmişdim

Onların uzaqlığını,

Çiçəklərə uzatmazdan əvvəl dərə bilməyəcəyimi...

Göylərə boylanmaq istəyirdim, əvəzində

Gözlərimi yumdum -

İki dərinlik vardı, yuxarıda və aşağıda...

Əllərimi qoymağa yer yoxdu boşluqlarda

İnsanlara uzatdım

Ovuclarımda yalvarış vardı,

Döyüş meydanlarında ölüb qalmış kişilərə göz yaşı,

Yatağında tərk edilmiş qadın yalnızlıqları,

Küçələrdə tərk edilmiş körpə ayaqların səsi vardı...

Bu boyda savaşın içində kimə gərəkdi,

Bu əlləri kim tutacaqdı?

Və mən onları

Köksümə sıxdım...

Daş hasarlar kimiydi sinəm, kələ-kötür,

Dibində baharın gəlişiylə otlar göyərər ha?

Üstündə mamırlar yaşıllaşar ha, yağışlarda? -

Elə...

Orda,

Bağlı qapılardan içəridə həyat sıfır

nöqtəsindəydi deyəsən hələ,

Şaman qadın dikilib durmuşdu ocağa,

Min ildi.

Bir də,

Arxasında,

Azca aydınlanmış divarda kölgəsi vardı

Başqa heç nə...

...Əllərimi

Tanrı dağlarına uzatmadan əvvəl bilmişdim

onların oğurlandığını.

Qoca

Hələ oyanmamışdı və xəbəri yoxdu olanlardan.

Susdum...

Heç yerdən gəlməmişdim deyə qayıtmağa yerim yoxdu...

# 966 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #